AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Səbinə Əliyeva Avropa Ombudsman İnstitutuna etiraz məktubu ünvanlayıb

Səbinə Əliyeva Avropa Ombudsman İnstitutuna etiraz məktubu ünvanlayıb

Cəmiyyət
04 Mart 2021, 19:15 405
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Avropa Ombudsman İnstitutunun Baş katibi Y.Ziqelin fevralın 26-da Azərbaycanla bağlı yayımladığı bəyanata cavab olaraq, həmin təşkilatın prezidentinə, idarə heyətinə və institusional üzvlərinə açıq məktub ünvanlayıb.

Ombudsman Aparatında Kaspi.az-a verilən məlumata görə, məktubda qeyd edilib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə qanunsuz şəkildə daxil olaraq terror aktları törətmiş bir qrup şəxs Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən saxlanaraq törətmiş olduqları cinayətə görə ədalət mühakiməsinə verilib. Həmin şəxslər beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarına əsasən hərbi əsir sayılmırlar:

"Belə ki, onlar müharibədən, bütün hərbi əməliyyatların dayandırılması ilə bağlı birgə bəyanatın imzalanmasından təqribən 20 gün sonra Azərbaycana göndərilmiş və insan ölümü ilə nəticələn ağır cinayət törətmiş Ermənistan vətəndaşlarıdır".

Diqqətə çatdırılıb ki, onlar diversant qrupun üzvləri olub, Azərbaycan ərazisində ordumuzun dörd hərbi qulluqçusunun həlak olması və bir mülki şəxsin ağır yaralanması ilə nəticələnən terror aktı və digər cinayətlər törədiblər. Həmin şəxslərin artıq istintaqa təhvil verildiyi, Azərbaycan qanunvericiliyinə uyğun olaraq onlar barəsində istintaqın davam etdirildiyi qeyd olunub.

Məktubda həmin şəxslərin insan hüquqlarının müdafiəsinin Azərbaycan Ombudsmanının diqqətində olduğu, Ombudsmanın həmin şəxslərin saxlandığı yerə başçəkmə keçirdiyi və onlarla rəftar məsələlərini araşdırmaq üçün konfidensial qaydada görüşdüyü bildirilib.

Məktubda, həmçinin AOİ üzvlərinin diqqətinə çatdırılıb ki, Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq öz ərazilərini işğaldan azad edib və ərazi bütövlüyünü təmin edib. 2020-ci il 10 noyabr tarixində imzalanmış birgə bəyanata əsasən, Azərbaycan bütün hərbi əsirləri Ermənistana qaytarıb.

Ombudsmanın məktubunda Y.Ziqelin Azərbaycana qarşı qərəzli münasibətini sübut edən məqamlara da toxunulub. Bəyanatın 26 fevral tarixində verildiyi və bu günün Azərbaycanda Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən 26 fevral 1992-ci ildə törədilmiş Xocalı soyqırımının anım tarixi olduğu vurğulanıb. Qeyd edilib ki, Azərbaycan Ombudsmanı tərəfindən dəfələrlə Y.Ziqelə bu mövzuda bəyanatlar ünvanlansa da, onun tərəfindən bu soyqırım aktını və ya Ermənistanın işğal siyasətini pisləyən hər hansı bəyanat verilməyib.

Müvəkkil ombudsman təsisatlarının şəbəkəsini təmsil edən AOİ-dəki vəzifəsindən sui-istifadə edərək Y.Ziqelin Ermənistan-Azərbaycan münaqişəsi barədə əsassız və qərəzli bəyanatlar verməsini qəti şəkildə pisləyib. 

S.Əliyeva AOİ-nin bütün üzvlərini Y.Ziqelin iki xalq arasında münasibətləri daha da gərginləşdirmək və Ermənistan ictimaiyyətində Azərbaycanafobiyanı dəstəkləməyi məqsəd seçən müəyyən dairələrin marağına xidmət edən qərəzli və siyasiləşmiş bəyanatlarında bu qurumun adını istifadə etməsinə son qoymaq üçün zəruri addımlar atmağa çağırıb.