“Sarı gəlin”ə görə Almaniyada konsert vermək istəyən xanəndə
02.08.19 10:30
10004
Xanəndə Vüsalə Musayeva artıq 4 ildir ki, Almaniyada yaşayır.
Məlahətli səsi ilə kifayət qədər tamaşaçı kütləsinin qəlbini fəth edən ifaçı,
yaradıcılığını qərib ölkədə də davam etdirir. İki övlad sahibi olan müsahibimiz, yeri gələndə evinin xanımı və qulluqçusu
olduğunu deyir. Dünyanın harasından yaşamasından asılı olmayaraq vətən sevgisi,
vətənpərvərlik hissinin onu rahat buraxmadığını dilə gətirir. Səsləndirdiyi
fikirlərdə də vətən həsrətini, o nisgili, sevgini duymamaq mümkün deyil.
Müsahibim Almaniyada yaşasa da, özü ilə bərabər daxilində bir Azərbaycan daşıdığını
və hər zaman torpağına, dəyərlərinə sadiq qaldığını bildirir.
- Vüsalə xanım
4 ilə yaxındır ki, Almaniyaya köçübsünüz. Sizi
vətənə, torpağa bağlı bir xanəndə olaraq tanıyırdıq. Birdən-birə sizi
xaricə köçməyə nə vadar etdi? - 2015-ci ilin əvvəllərində ailə qurdum və Almaniyaya
köçdüm. Təbii ki, səbəbsiz yerə heç nə baş vermir. Mənim bu sənətdə öz dəsti-xəttim
və ifa tərzim var. Ancaq bəzi səbəblərdən, gördüm ki, sənətimi öz bildiyim
yolla davam etdirə bilməyəcəyəm. Ona görə, zamanında getməyə qərar verdim.
- Buna səbəb nə
idi? - Açıq danışacağam, Azərbaycanda özümə qarşı diqqətsizlik hiss etdim. Boş-boşuna, mənasız,
boğazdan yuxarı kiminsə ünvanına təriflər yağdırmağı sevən biri deyiləm. Münasibətim
olmayan, xasiyyətinə bələd olmadığım insanlara xoş söz demək kimi bir vərdişim
yoxdur. Hər hansı işim yolunda getsin deyə, kimlərinsə qapısında yatmaram. Belə
xarakterə sahib biri deyiləm. İnsanlar var ki, nəyinsə müqabilində çalışır,
özünü göstərir, ancaq mən sənətimi sevirəm və bütün bunları qarşılıqsız
edirdim. Getməyimin səbəbi mənə qarşı yürüdülən fərqli siyasəti idi. Bu siyasət
çalışdığım Opera və Balet Teatrına da təsir göstərirdi. Teatrda çalışan bəzi
sənət yoldaşlarım da mənimlə "intriqa” aparırdılar. Düşündüm ki, belə olduğu
təqdirdə, orda qala bilmərəm. Mənim üçün çətin idi. Çünki toylara getmirdim. Bu səsi mənə Allah verib. Allah mənə nə qədər ömür
bəxş edibsə, bu sənət də mənimlə birlikdə olacaq. Düzdür, vətənimi sevirəm,
torpağıma bağlı insanam. Ancaq düşündüm ki, öz vətənimdə səsimlə irəli gedə
bilmirəmsə, o zaman yeni bir səhifə açmaq və irəliləmək lazımdır.
- Hazırda
yaradıcılığınızın durğunluq dövrünü yaşayırsınız. Bunu qürbət ellərləmi
əlaqələndirək, yoxsa küskünlükləmi? - Heç biri. Övladlarım hələ çox kiçikdirlər. Onların
yanında olmaq, böyüdüklərini görmək, müəyyən yaşa çatana qədər özüm baxmaq
istəyirəm. Bunun üçün yaradıcılığa bir az ara verdim. Yaxın zamanlarda böyük layihələrim olacaq. Düsseldorfda
yerləşən Anton Rubinşteyn adına Beynəlxalq Musiqi Akademiyasına daxil olmuşam.
Övladlarım azyaşlı olduqlarına və indi daha çox qayğıya ehtiyacları olduğu üçün
zamanımı uşaqlarıma həsr edirəm. Bunun üçün müəyyən müddət təhsilimi də dondurmuşam.
Bilirsiniz ki, təhsil almaq üçün də dərsə getmək, çalışmaq, məşq etmək
zəruridir. Əslində burada daha geniş layihələr həyata keçirmək üçün oradan
alacağım diplom mənə çox lazımdır. Buradakı Akademiyada vokal üzrə təhsil
alacam. Bilirsiniz ki, mən Azərbaycan Milli Konservatoriyasında həm də vokal
bölümündə oxumuşam. Bu dəfə isə dünya
ölkələrinin musiqilərinə müraciət edəcəyəm. Təbii ki, zamanla öz əsərlərimizə,
muğamlarımıza da müraciət etməyi düşünürəm. - Azərbaycandan
uzaqda iki övlad yetişdirirsiniz. Onlara vətənpərvərlik ruhunu, milli-mənəvi
dəyərlərimizi necə aşılayırsınız? - Övladlarımın hələ ki, çox balacadırlar. Ancaq elə
kiçik yaşlarından onlara azərbaycanlı olduqlarını deyir, bayrağımızın
mənasından bəhs edirəm. Milli geyimlərimizi, xəritədə Azərbaycanın harada
olduğunu göstərirəm. Qızımı konsertlərimə aparıram. Vətəndən kənarda olsa belə,
övladlarımı milli-mənəvi ruhda böyüdürəm. Dünyanın harasında yaşamasından asılı
olmayaraq, vətən sevgisi vətənpərvərlik hissi insanın daxilində yaşayır. Əgər
biz Almaniyada yaşayırıqsa, bu o demək deyil ki, kimliyimizi, soykökümüzü,
hardan gəldiyimizi unutmuşuq.
- Qəribliyə
öyrəşə bilirsinizmi? Necə keçir bir xanəndənin qürbət həyatı?
- Çətindir, amma yaşamağa məcburuq. Qəlb qırılanda insan düşünür ki, heç vaxt qəlbinin qırıldığı yerdə
çiçək bitə bilməz. Pis vəziyyətdə olanda artıq ona qatlaşmağa məcbur olur.
Məcburiyyətdən irəli gələn şeylər var ki, sən
istəsən də, istəməsən də, o, insanın həyatında yer alır. 4 ildir ki
burdayam və demək olar ki, bu mühitə alışmağa başlayıram.
- Səhnədə, efirdə olan bir
xanəndəyə birdən-birə ev xanımı olmaq çətin olmadı ki?
- Əslində heç bir çətinlik çəkmədim. İndiyə kimi bu qədər bu qədər ev
işi görməmiş, uzun müddət evdə vaxtımı keçirməmişdim. Ailə qurduqdan sonra insanın həyatı dəyişir. Ola bilər ki, mən evdən kənarda, məni
sevənlərin əhatəsində sənət adamı, xanəndə ola bilərəm, ancaq evdə evimin xanımı,
qulluqçusuyam. Bunları yerinə yetirmək üçün gərək insanın içində bir həvəs,
istək, ən əsası da ailə dəyərlərinə hörmət olsun.
- Azərbaycanın milli bayram günlərində Almaniyada konsert proqramı ilə çıxış
etdiyinizi eşitdik. - Almaniyanın Köln şəhərində "Bahar 2019-Köln” adlı bayram şənliyi
keçirdik. Bayram şənliyi Almaniyada yaşayan və diaspora fəaliyyəti ilə məşğul
olan soydaşlarımız, DAK həmsədri Firudin Pərvizniya, Köln şəhərində fəaliyyət
göstərən Azərbaycan Mədəniyyət Evinin təmsilçisi Əli Qəmbəri, diaspora fəalı
Behnam Azad tərəfindən təşkil edilmişdi.
Tədbirdən əvvəl bayraq və milli
naxışlarla bəzədilmiş faytonla Köln şəhərində milli geyimlərimizi nümayiş etdirdik.
Güneyli-quzeyli soydaşlarımızın iştirakı ilə keçirilən bayramda soydaşlarımızla
yanaşı, türk və rus icmalarının təmsilçiləri, Almaniyadan olan qonaqlar - Köln
bələdiyyəsinin təmsilçiləri, Bundestaqın deputatları da iştirak edirdi. Bundan
başqa Cümhuriyyətin 101 illiyi ilə əlaqədar konsert proqramı ilə çıxış
etdim. Konsertimiz "Azad insan kölə
olmaz” adı ilə keçirildi və kifayət qədər maraq cəlb etdi. Eyni zamanda orada Azərbaycan günlərini qeyd
etdik. Konsertə əfqanlar, iranlılar, almanlar gəlmişdi. Mən orada Azərbaycan
mahnıları ilə bərabər, fars, rus, italyan, alma mahnıları da oxudum. Çünki
millətlər arasında dostluq yaratmaq üçün onları musiqi ilə ələ almaq
lazımdır. Mənim ifamda səslənən o xarici
mahnıları dinlədikdə fərəhlənirdilər. Nə qədər də olmasa, mən onlar üçün başqa
bir xalqın nümayəndəsiyəm.
Məni narahat edən məsələ Almaniyada yaşayan azərbaycanlıların öz adətləri,
dəyərləri ilə bağlı burdakılara kifayət qədər məlumat verməmələridir. Bir yerdə
yaşayırsansa, öz milli-mənəvi dəyərlərini digər xalqlarla paylaşmalısan. Necə
ki, digər xalqlar paylaşır. Almaniyada mütəmadi olaraq ərəb, əfqan günləri
keçirilir. Belə olduqda, almanlar onların milli-mənəvi dəyərlərinə həm hörmət
edir, həm də məlumatlanırlar. Ancaq Almaniyaya gələn bir çox azərbaycanlılar təbliğat
məsələsinə gəldikdə tənbəllik edirlər. Əgər sən hər hansı bir ölkədə
yaşayırsansa, öz mədəniyyətini, musiqini, mətbəxini tanıtmalısan. Hər kəsə
məlumdur ki, bizim yeməyimizi, musiqimizi ermənilər öz adlarına çıxarırlar.
Buna görə də, ələ düşən imkanlardan yetərincə istifadə etməliyik ki, onlara bu
niyyətlərində mane ola bilək. Təbii ki, onların qarşısına sübutlara çıxaq.
-
Hazırda qarşınıza hədəf qoyduğunuz layihələr varmı? - Xalq mahnımız "Sarı gəlin”i burada oxumaq və geniş kütləyə təqdim
etmək niyyətindəyəm. Hətta burada türk qardaşlarımız deyirlər ki, "Sarı gəlin”
mahnısını ermənilərdən eşitmişik, bu, onların mahnısıdır. Mən də buna görə böyük
bir solo-konsert vermək istəyirəm.
"O səs Türkiyə” musiqi yarışması kimi müsabiqə burda da var. O yarışmada iştirak etmək və
həmin müsabiqədə Azərbaycan mahnıları
oxumaq istəyirəm. Əslində bir dəfə qatılıb
növbəti turlara vəsiqə qazanmışam, ancaq ailə durumuma görə, digər mərhələlərdə
iştirak etmək imkanım olmadı. Müsabiqəyə qatıldıqda öz mahnılarımızı ifa edəcəyəm. Çünki onlar
yeni səs eşidəndə, bu, onlara maraqlı gəlir. Yeni mövsümdən bir çox layihələrim
olacaq. Türk Sənət Musiqi Xorunun solisti kimi də dəvət almışam. Yeni mövsümdən
danışıqlar gedəcək, şərtləri mənə uyğun olarsa, qəbul edəcəyəm.
Xəyalə Rəis
Bu yazı "İntellekt
Araşdırmalar Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı
ilə həyata keçirdiyi "Teatr mədəniyyətinin formalaşması istiqamətində TV
və radio proqramların hazırlanması” layihəsi çərçivəsində hazırlanıb.