• çərşənbə axşamı, 19 mart, 14:58
  • Baku Bakı 8°C

Saqi, şərab süz, dadlıdır məhsulumuz...

13.09.18 09:00 4654
Saqi, şərab süz, dadlıdır məhsulumuz...
2018-ci ildə Azərbaycanda şərab istehsalı ötən illə müqayisədə 50 faiz arta bilər. Bunu Trend-ə Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov deyib. O bildirib ki, ötən il beş milyon butulka şərab və digər məhsul istehsal olunub: "Bu il biz orta hesabla 50 faiz artım gözləyirik. Bəzi məhsul növlərində artım daha da çox ola bilər”.
Assosiasiya sədrinin sözlərinə görə, 2018-ci ilin birinci yarısında Azərbaycan 3,3 milyon butulka şərab ixrac edib: "Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 60 faiz çoxdur. İxrac coğrafiyasının genişlənməsinə gəldikdə isə biz çoxdan Mərkəzi Asiya və Baltikyanı ölkələrin bazarına çıxmaq istəyirik. Biz Azərbaycanın Riqadakı Ticarət Evinə, həmçinin Qazaxıstana ixrac missiyasına və Aktauda Ticarət Evinin açılmasına ümid bəsləyirik”.
E.Mədətov qeyd edib ki, ixrac coğrafiyasının genişlənməsi istiqamətində konkret iş aparılır: "Son üç ay ərzində biz Çin, Belarus və Almaniyaya səfər etmişik və fəal şəkildə Azərbaycan məhsulunu reklam etmişik. Bizim artıq Belarusdan müraciətlərimiz var və hesab edirəm ki, Azərbaycanı n şərab və konyakları Belarus bazarına qayıdacaq. Bizim məhsulumuza Avropada da böyük maraq var. Məhsulumuz Avropaya ixrac olur, amma həcmi yüksək deyil”.
O əlavə edib ki, ölkədə şərab istehsalçılarının əsas məqsədi ixrac coğrafiyasının genişləndirilməsidir: "Biz bir və ya iki bazardan asılı ola bilmərik, ona görə də daim yeni bazarlar axtarmalıyıq. Bir neçə il əvvəl Azərbaycanda şərabçılıq yaranmağa başlayanda, bütün istehsalçılar postsovet ölkələrinə yönəlmişdi. Amma bu gün biz Avropa, Afrika və Şimali Amerika bazarlarını hədəfləyirik”.
Qeyd edək ki, şərabçılıq aqrar sənaye sahələri içərisində mühüm yer tutan sahələrdən biridir. Bu məhsulun ixrac potensialının genişlənməsi, Azərbaycanın dünya şərab bazarında öz yerini tutması bizim üçün çox əhəmiyyətli məsələlərdən biridir. Bəs görəsən hazırda dünya bazarına daxil olmaq üçün bu sahədə hansı işlər görülür və şərabımız keyfiyyət baxımından tələb olunan şərtləri ödəyirmi?
Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Tariyel Pənahovbildirdi ki, şərabçılıq və üzümçülük paralel şəkildə inkişaf etdirilməlidir: "Hazırda dünyada Azərbaycan şərabına böyük tələbat var. Bizim şərablar keyfiyyət baxımından da bazarda yüksək qiymətləndirilir. Bazardakı vəziyyətdən də agah olanlar, istehsalı artırmaq üçün bu istiqamətdə bir sıra işlər görürlər. İstehsal artdıqca, gəlirlər də artır və sahibkarlar bu sahənin inkişafı üçün yeni texnologiyalar tətbiq etməyə çalışırlar. Bunlar da daha keyfiyyətli və tələbata uyğun məhsulun ortaya çıxmasına şərait yaradır. İxracı genişləndirmək üçün prezidentimizin təsdiq etdiyi proqrama əsasən, hazırda ölkə ərazisində calaq ting emalı müəssisəsi qurulur. Bu da istehsalçıların üzüm tingləri ilə tam təmin edilməsinə imkan verəcək. Beləcə, yeni şərab markaları da istehsal edilərək, dünya bazarlarına çıxarılacaq. Şərabçılığın inkişafı üçün üzümçülük də eyni şəkildə inkişaf etdirilməlidir. Çünki bunlar bir-birindən asılıdır. Bu iki sahə bir-birinə paralel şəkildə irəliləməlidir. Şərab markalarını artırmaq üçün üzümün də müxtəlif növləri becərilməlidir”.
Direktor şərabın qiymətləndirilməsindən də danışdı: "Cənab nazirin göstərişi ilə şərabların qiymətləndirilməsi üçün institutun bazasında dequstator komissiyası yaradılacaq. Bu da istehsal olunan məhsullarımızın düzgün qiymətləndirilməsinə imkan verəcək. Dünya təcrübəsində də bu proses belə aparılır. İstehsal olunan məhsul dequstator tərəfindən qiymətləndirildikdən sonra bazara çıxardılır. Yəni şərabın qiymətini necə gəldi müəyyənləşdirmək olmaz. Belə deyək, dequstator o şərabı içəndə onun bazarda 6, yoxsa 10 avroya satılacağını deyir. İnkişaf etmiş ölkələrdə bu, belədir. Hətta üzüm də dequstator yoxlamasından keçir. Düşünürəm ki, bu sahədə olan bəzi problemlər də yaxın zamanda öz həllini tapacaq”.
"Azərbaycanda şərabçılığın qədim tarixi var” deyən "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin rəhbəri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirdi ki, şərab məhsullarımız vaxtı ilə bir məkanda olduğumuz respublikalarda adla tanınıb: "Son illər ölkə rəhbərliyi Azərbaycanda üzümçülüyün və şərabçılığın inkişafı ilə bağlı bir sıra qərarlar qəbul edib. Ölkə Prezidenti bu məsələləri daim diqqətdə saxlayır. Ölkəmizdə şərabçılığın inkişafından danışarkən üzümçülüyün və şərabçılığın sürətli inkişafını ehtiva edən iki mühüm sənədi xüsusi qeyd etmək lazımdır. Bunlardan biri 2011-ci ilin sonunda qəbul edilmiş "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”, ikincisi isə cari ilin may ayının əvvəlində qəbul olunmuş "2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”dır. Bu gün şərabçılıqda qazanılan uğurlar və sahənin məhsullarının ixracının sürətlə artması məhz dövlətin bu sahəyə göstərdiyi qayğının nəticəsində mümkün ola bilib. Hesab edirəm ki, yaxın gələcəkdə şərab məhsullarımızın satış bazarı indikindən dəfələrlə geniş olacaq. Çünki bu sahə durmadan inkişaf edir, məhsulumuzun keyfiyyəti qənaətbəxşdir və eyni zamanda bu məhsullar üçün yeni bazarlar axtarılıb tapılır”.
Günel Azadə
banner

Oxşar Xəbərlər