Sanatoriyalar - istirahət, müayinə və müalicə bir arada

Ukraynanın
Truskavets şəhərinə səfərim zamanı məşhur "Karpatı” sanatoriyasında istirahət
edən əsasən yaşlı insanlar arasında azərbaycanlıların da az olmadığını gördüm.
Ukraynanın bütün bölgələrindən, o cümlədən xarici ölkələrdən və postsovet
məkanından gələn turistlər daha çox istirahət, müalicə və müayinə məqsədilə bu
sanatoriyanı seçmişdilər. Bəziləri söhbət zamanı hər il bu sanatoriyaya təkrar
gəldiklərini deyirdilər.
Sanatoriyanı
seçənlər özləri üçün müxtəlif səbəblər müəyyənləşdiriblər. Onları sanatoriyaya
maqnit kimi çəkən ilk səbəb, təbii ki, sağlamlıqlarıdır. Qəbul edəcəkləri
prosedurların cədvəlini əllərində tutub bir-bir həkim otaqlarının qarşısında
gözləyir, onlara dirilik suyu kimi möcüzəvi görünən mineral suları resept üzrə
vaxtlı-vaxtında içir, vanna, massaj, iynəbatırma, elektroterapiya və s.
prosedurları həvəslə keçir və evə təravətlənmiş, tam gücləri ilə qayıtmağa çalışırdılar.
Sanatoriya, həmçinin onlar üçün bütün ailə üzvlərinin istirahət edə biləcəyi
ideal məkandır. Müalicələrdən sonra kimsə təbiətin qoynunda, təmiz havada, çay
və ya göl kənarında gəzməyə üstünlük verir, pəhriz yeməkləri ilə qidalanır və
ya şəhərətrafı turlara çıxır. Heç yerə tələsmədən, yalnız öz qayğına qalmaq və
yorulmuş əsəblərini yenidən müalicə etmək ümumən sanatoriyalara üz tutanların
əsas məqsədidir. «Sadəcə işdən yorulmuşam» - bu, orqanizm üçün vacib siqnaldır.
Bu fikri özündən kənarlaşdırmağa dəyməz. Daimi stresslər, fiziki gərginlik
insanı depressiyaya və xroniki yorğunluq sindromuna sala bilər.
Əlbəttə,
müayinə və müalicələr su qiymətinə deyil. İnsanlar bu sağlamlıq ocaqlarında
istirahət etmək üçün bəzən ilboyu pul toplayırlar.
Təkcə müalicə üçün deyil...
Həkimlərin
fikrincə, sanatoriya-kurort istirahəti insanlara təkcə müalicə üçün deyil,
həmçinin xəstəliklərin profilaktikası üçün lazımdır. Sanatoriya şərtləri ilə
insanlar öz orqanizmlərinin vəziyyətini yoxlaya, həkim məsləhəti ala və
sağlamlıqlarını pozmamaq üçün qaydalara riayət edə bilərlər. Belə məsləhətlər isə
heç kimə ziyan gətirmir. Məsələn, Kislovodsk sanatoriyalarının birində daxili
tədqiqat göstərib ki, müalicə kursları başlayana qədər qonaqların 50 faizdən
çoxunun bioloji yaşı əhəmiyyətli dərəcədə artıb.
Sanatoriya
həkimi ilə söhbətimdə öyrənmişdim ki, 90 faiz gələnlər stressdən əziyyət çəkir.
Tədqiqatlar da göstərir ki, 98 faiz insanlar sanatoriyalarda olan zaman bioloji
yaşları azalır. Sanatoriyaları seçənlər üçünsə ilin fəsilləri önəm daşımır.
Çünki əksər prosedurlar sanatoriyaların daxilində həyata keçirilir. Bu, ölkə
daxilindəki sanatoriyalarda da belədir, xaricdəki sağlamlıq ocaqlarında da.
Qeyd edək ki, hazırda
ölkəmizdə Həmkarlar İttifaqları Konfederasiyasının nəzdində 12 sanatoriya və
istirahət mərkəzi fəaliyyət göstərir. Və bu sanatoriyaların demək olar ki,
əksəriyyəti yüksək səviyyədə təmir olunub, istirahət üçün hər cür şərait
yaradılıb.Naftalan, Xudat-Yalama zolağı (Nabran kurortu), Abşeron
yarımadası - Mərdəkan, Bilgəh, Zuğulba, Buzovna, Suraxanı kurortları, o
cümlədən Lənkəran-Masallı, Naxçıvan Muxtar Respublikasında və s. müalicəvi
kurortlar fəaliyyət göstərir.
Həmkarlar
təşkilatlarının yollayışından əlavə, insanlar özləri də kurortlara maraq
göstərirlərmi? Təəssüf ki, ölkə xaricindəki kurort-sanatoriyalara üz tutanlar
bəzən özümüzdə eyni mənbələrin və müalicələrin olmasından xəbərsizdirlər.
Sanatoriya-kurortlarda istirahətə və müalicəyə yanaşmalar da fərqlidir. Belə
ki, istirahəti və müayinə-müalicəni maliyyə vəziyyətindən asılı hesab edənlərlə
yanaşı, zövq məsələsi də hesab edənlər var.
Bu
şansı hər kəs əldə edə bilmir
Sanatoriyalarda
istirahət, müayinə və müalicənin istər cavan, istərsə də yaşlılar üçün
əhəmiyyətli olduğunu deyən professor
Nəsib Quliyev bununla belə, sanatoriyaları seçmək üçün vaxt və maliyyənin
lazım olduğunu bildirir: «Öz həyatımdan deyə bilərəm ki, son iki ilə qədər mən
kurort və sanatoriyada istirahətin nə olduğunu bilməmişəm. İnsanların gərgin iş
rejimində sanatoriyalara istirahətə getməyə vaxtları olmur. İndiki dövrdə həyat
ritmi o qədər mürəkkəbləşib ki, rahat vaxt tapıb sanatoriyalara getmək bir çox
hallarda çətindir. Digər tərəfdən, biz bazar iqtisadiyyatına keçmişik. Bu, işi
bir qədər də çətinləşdirir. Sanatoriyalarda istirahətə yollanmaq üçün maliyyə
əsas şərtdir. Əlbəttə, kim o imkana sahibdirsə, həm ölkə daxilində, həm də ölkə
xaricində gedə bilir. Təbii ki, bu, çoxluğa aid deyil. Sahib olmayanlar isə
gedə bilmirlər. Ancaq sanatoriya-kurortlarda istirahət və müayinə hər kəsə lazımdır.
Çünki təbiət insan orqanizmini yaradanda deməyib ki, ömür boyu işlə, ancaq
dincəlmə. Hər şey tarazlıq tələb edir. Gecə ilə gündüz də, yuxu ilə ayıq vaxt
da taraz vəziyyətdədir. Biz nə qədər çalışırıqsa, əslində bir o qədər də
istirahət etməliyik. Bu yolla il boyu sərf etdiyimiz gücü, enerjini bərpa edə
bilərik. Amma indiki gərgin iş buna imkan vermir”.
Baş
pediatr bildirir ki, sanatoriya-kurort müalicəsinin əsas məqsədi profilaktik
olmalıdır. Bu baxımdan, belə müayinə və istirahət hamıya, xüsusən cavanlara
lazımdır: "Mən özümü qorumalıyam ki, ciddi problemlər yaranmamış onun qarşısını
almaq mümkün olsun. Təəssüf ki, bu şansı hər kəs əldə edə bilmir”.
Xaricə çıxmağın psixoloji
məqamları
Turizm mütəxəssisi Ceyhun Aşurov bizim ölkəmizdə
sanatoriyalara daha çox yaşlı nəslin üstünlük verdiyi fikrindədir. Belə ki,
həmin insanların çoxu həmkarlar təşkilatlarının yollayışı (putyovka) ilə
müalicə müəssisələrinə üz tuturlar – həm müalicə olunur, həm də istirahət
edirlər. Yaşlı nəslin və ya təqaüdçülərin sanatoriya-kurortları seçməsinin əsas
səbəbi isə onların boş zamanının olması ilə bağlıdır. Digər tərəfdən, həmkarlar
təşkilatları özləri maliyyələşdirməklə onlara sanatoriyalara getməyə istiqamət
verir: "Yaşlılar da sanatoriya xərclərinin əksər hissəsi ödənildiyi üçün
məzuniyyətlərini sanatoriyalarda keçirirlər. Amma demək olmaz ki, cavan nəsil
sanatoriyalara getmir. Məsələn, Naftalandakı «Çinar», «Qaşaltı», «Qarabağ», o
cümlədən «Qalaaltı» sanatoriyalarına cavanlar, hətta ailələr də gedirlər. Müşahidələr
göstərir ki, onlar müalicədən daha çox istirahət məqsədilə gedirlər. Belə ki,
cavanlar və ailələr həm istirahət, həm də əyləncənin mövcud olduğu otellərə
üstünlük verir, daha çox tibbi prosedurlardan keçmirlər. Onlar bu
sanatoriyalara xaricdəki istirahət yerlərinin alternativi kimi baxırlar”.
Turizmçinin
bildirdiyinə görə, passiv istirahətə üstünlük verənlər sanatoriya-kurort tipli
yerləri seçirlər: "Orada müxtəlif kateqoriyadan olan insanlar var ki, onlar
oteldə qalır, yeməyini restoranda yeyir, axşamlar gəzməyə çıxırlar. Ancaq bu
tip sanatoriyaların sayı çox deyil: "Belə sanatoriyalara tələbat var. Hətta son
dövrlərdə xaricdən – Rusiya, Qazaxıstan, Özbəkistan və başqa yaxın ərazilərdən insanlar
müalicə məqsədilə həmin sanatoriyalara gəlirlər. Xaricdən gələnlərin
əksəriyyəti sırf müalicə məqsədi ilə gəlir”. C.Aşurov müasir dünyada turizmin
qolları arasında konkret bölgü olmadığından, müalicə məqsədi ilə gələn bir
turistin turizmin digər növlərindən də yararlandığını bildirir: "Əgər bir
turist müalicə məqsədilə gəlirsə, eyni zamanda turizmin başqa növlərindən də
istifadə etmiş olur. Məsələn, müalicə məqsədilə gələn turist həftə sonlarında
təbiət qoynuna çıxır və ya Göygölə səyahət edərək ekoturizmə qoşulur. Və ya
kultural turizmə marağı olduğundan qaldığı məkanın tarixi yerlərini, mədəni
abidələrini ziyarət edir və s.”
Ekspert
bizim insanların daha çox Rusiya, Ukrayna, Gürcüstanın sanatoriyalarına üz
tutmasının səbəbini onların özü-özlərini maliyyələşdirmələri ilə əlaqələndirir.
Yəni maliyyəni özləri xərclədiklərindən, hansı sanatoriyada istirahət
edəcəklərinə də özləri qərar verirlər: "Onlar, həmçinin ölkədaxili
sanatoriyalarda da müayinə və müalicə keçirlər. Sadəcə, xaricə çıxmağın
psixoloji məqamları - həm istirahət etmək, həm də xarici mühitin müəyyən təsiri
var. Rusiyanın Kislovodsk, Yessentuki, Ukraynanın Truskavets kimi
sanatoriyaları sovet dövründən ənənəvi kurort-sanatoriyalar sayılırlar. Həmin
insanlar bura artıq təkrar-təkrar gedirlər. Qiymətləri də kifayət qədər rəqabət
qabiliyyətlidir. Həmçinin orada artıq onların tanıdığı bir çevrə formalaşır, o
cümlədən həkimləri tanıyırlar. Bəzi insanlar da var ki, sadəcə, özlərini
xaricdə daha rahat və azad hiss etdikləri üçün xarici sanatoriyalara getməyə
üstünlük verirlər. Ancaq kimlər ki Həmkarlar İttifaqının xətti ilə
maliyyələşir, onlar ölkə daxilində müalicə olunurlar”. Turizmçi bildirir ki,
bəzi qabaqcıl ölkələrdə hətta tibbi sığorta diaqnoz qoyulacağı təqdirdə,
insanların sanatoriyada istirahət xərclərini də əhatə edir: "Bizdə isə bu
məsələlər hələ ki yeni-yeni müzakirə olunur”.
Ölkədə
təxminən 600-ə yaxın otelin olduğunu deyən C.Aşurov sanatoriyaların sayının az
olduğunu bildirir. Xüsusən Naftalan ərazisində müəyyən mövsümlərdə yerə kifayət
qədər ehtiyac var: "Söhbət təkcə orada Naftalan neftinin olmasından getmir,
tibbi personalın sayının artmasına da ehtiyac var. Bu ehtiyac qarşılığında da
orada otellərin və yataq yerlərinin sayı yavaş-yavaş artır. Bunlar təşkil
olunsa, daha yaxşı olar. Biz çalışmalıyıq ki, təkcə yerli camaat deyil, həmçinin
xaricdən də bizim sanatoriyalara gəlmə ənənəsi olsun. Bunun üçün bizim ənənəvi "Naftalan”,
"Qalaaltı” kimi müasir standartlara cavab verən sanatoriyalarımız var. Onların
əksəriyyəti, həmçinin istirahət mərkəzidirlər. Bunların tanıtımını aparmaq
turizmçilərin işidir. Xarici kontingentin sayı artdıqca isə, bu komplekslər
daha çox tanınacaq. Bu isə düzgün marketinq strategiyası və yanaşma tələb
edir».
Həyat
insana bir dəfə verilir. Maliyyə imkanları az olsa belə, qənaət etməklə istirahətə
də pul və vaxt ayırmaq olar. Bu məsələdə xaricilərin, ən azı, rusların həyat tərzindən
gör-götür etməyə dəyər. Öyrənmək isə heç vaxt gec deyil. Xüsusən söhbət insanın
istirahət və sağlamlığından gedirsə...
Təranə
Məhərrəmova
