• cümə axşamı, 28 mart, 22:32
  • Baku Bakı 13°C

Şagird kimi arzuladı, müəllim kimi uşaqlara yaşatdı - Fotolar

09.07.19 09:00 19503
Şagird kimi arzuladı, müəllim kimi uşaqlara yaşatdı - Fotolar
Pedaqoji fəaliyyətinin hələ əvvəlindədir, cəmi bir ildir ki, müəllim kimi çalışır. Ancaq bu sahə ilə bağlı planları, arzuları çoxdur. Ən böyük arzu və məqsədi isə daim sevgi ilə xatırlanacaq müəllim olmaqdır. Düzdür, bu, asan deyil, amma o, bir ildə bu istiqamətdə uğurlu addım ata bildiyini deyir.

Şəmkir rayonunda doğulub, Gəncə şəhərində yaşayır. Gəncə Dövlət Universitetinin tarix-coğrafiya fakültəsində dövlət sifarişi əsasında həm bakalavr, həm də magistr təhsili alıb. 2018-ci ildə magistr təhsilini başa vurub, Şəmkirdə müəllim kimi çalışmağa başlayıb. Dərs keçmək üçün Gəncədən Şəmkirə getməli olur. Hətta bildirdi ki, müəllimlərin işə qəbul imtahanında yüksək nəticə göstərdiyi üçün bu il məktəbi dəyişə də bilər, ancaq peşəsinə və kollektivinə qarşı sevgi, onu iş yerini dəyişməməyə vadar edir. Müsahibimiz Şəmkir şəhəri Morul tam orta məktəbinin coğrafiya müəllimi, 25 yaşlı gənc Aytac İsgəndərlidir.

Fikirləşirdim ki, anam kimi müəllim olacağam

Aytac deyir ki, müəllimliyə hələ uşaq yaşlarından marağı olub. Bu arzusu sonra məqsədə çevrilib: "Uşaqlıqdan belə bir arzum var idi və gələcəkdə özümü müəllim kimi təsəvvür edirdim. Anam və nənəm müəllim idi, onların bu sahədə çalışmasının da mənim seçimimdə müəyyən qədər rolu olub. Onların şagirdlərinə, işinə yanaşmasına diqqət edirdim. Hər ikisi şagirdlərinin sevgisini qazana bilmişdi. Nənəm dünyasını dəyişib, amma ən böyük dəstəkçilərimdən və idealım olan müəllimlərdən biri idi. Anam da həmçinin. Həmişə fikirləşirdim ki, anam kimi müəllim olacağam. Çünki onu nümunəvi müəllim obrazı kimi görürdüm. İşinə həvəslə, məsuliyyətlə yanaşırdı. Anam mən oxuduğum məktəbdə işləyirdi, dərsində iştirak etmişdim. Evdə tamam başqa cür idi, sinifdə başqa. Evdə nə isə problemi olsa belə, onu şagirdlərinə hiss etdirmirdi, dərsinin keyfiyyətinə təsir etmirdi. Bu da yəqin ki, mənim üçün bir stimul oldu. Ali məktəbə hazırlaşmağa başladığımda da əsas məqsədim müəllim kimi fəaliyyət göstərmək idi. Bunu məqsəd olaraq qarşıma qoydum və reallaşdırdım”.

Peşəmi layiqincə yerinə yetirirəm

Tarix-coğrafiyanı seçməyinə gəlincə, Aytac deyir ki, bu da onun öz arzusu ilə olub: "Mən II qrup üzrə imtahan vermişdim və yüksək bal yığmışdım. Valideynlərim iqtisadi sahələrə yönəlməyimi istəyirdilər. Çünki iqtisadi sahələrə o vaxt maraq daha çox idi, prestijli ixtisaslar hesab olunurdu. Amma mən tam öz istəyimlə coğrafiya müəllimi olmaq qərarı verdim. Coğrafiyanı sevməyimin səbəbinə gəlincə, deyim ki, orta məktəb vaxtı bu fənnə böyük marağım yox idi. Universitetə hazırlaşanda hazırlıq müəllimim fənni çox yüksək səviyyədə tədris edirdi. O müəllimdən sonra dedim ki, mən bu fənni tədris edə bilərəm. Mövzuları izah etməyin çətin olduğunu, insanların buna maraq göstərməyəcəyini düşünüb, çox adam bu fənni tədris etməyə maraqlı olmur. Amma həmin müəllim o qədər maraqlı şəkildə tədris etdi ki, məndə maraq yarandı. Və bu gün əminliklə deyirəm ki, peşəmi layiqincə yerinə yetirirəm. Şagirdlərimin uğurunu gördükcə, seçimimin doğru olduğundan daha çox əmin oluram”.


Bir il motivasiyaedici məqamlarla yadda qaldı

Aytac bir ildir ki, müəllim kimi çalışır. Deyir ki, qısa müddətlik fəaliyyəti çox yaddaqalan keçib: "Müəllimliyə qəbul imtahanında 54 bal toplamışdım. Təhsil naziri Ceyhun Bayramov yüksək nəticə göstərən müəllimlərlə görüşdü, mən də orda iştirak etdim. İşlədiyim məktəbdə "İlin ən yaxşı müəllimi” seçildim. Eyni zamanda bu il keçirilən "Müasir dövrdə ümumi təhsilin aktual problemləri” mövzusunda pedaqoji mühazirə təqdimatında iştirak etdim. Şəmkir rayonu üzrə mənim pedaqoji mühazirəm qalib gəldi, respublika turunda iştirak hüququ qazandım. İyunun 25-də Bakı şəhəri 18 nömrəli tam orta məktəbdə ölkə üzrə təşkil edilmiş mərhələdə Şəmkir rayonunu təmsil etdim. Hələ ki, nəticələr açıqlanmayıb. Müəllim kimi fəaliyyətimdə bu bir il motivasiyaedici məqamlarla yadda qaldı”.

Uşaqların sualları çox idi

Aytac bildirdi ki, məktəbə ilk getdiyində uşaqlarda coğrafiyaya elə də maraq olmadığını görüb və bu fənni onlara sevdirməyi qarşısına məqsəd qoyub: "Məktəbə daxil olduğumda uşaqların sualları çox idi. Əsasən də hansı fənni tədris edəcəyimi soruşurdular. "Coğrafiya fənni” deyəndə bu fənnin çətin olduğunu bildirirdilər, hiss edirdim ki, maraqsız fənn kimi yanaşırlar. Ona görə, qarşıma məqsəd qoydum ki, coğrafiyanı uşaqlara sevdirməliyəm. Özüm müəllimlərimdən görə bilmədiyim məqamları şagirdlərimə çatdırmağa çalışdım. Coğrafiyanın tədrisində informasiya kommunikasiya texnologiyalarının imkanlarından istifadə edərək, şagirdlərə daha çox məlumat, bilik ötürməyə çalışdım. Pedaqoji mühazirəmdə də əslində, bu mövzuya toxunmuşdum: Uşaqlara bu fənni sevdirmək üçün informasiya kommunikasiya texnologiyalarının üsullarından necə istifadə edirəm? Coğrafiyanı niyə sevməli olduğumuzu, bu fənnin əhəmiyyətini çatdırdım, maraqlı videoroliklərlə nəzəriyyədə olanları onlara daha maraqlı şəkildə təqdim etdim. Fəaliyyətə başladığım üçüncü həftədə şagirdlərimlə birlikdə "Coğrafiya gecəsi” tədbirini həyatda keçirdik. Cəmi üç gün ərzində hazırladığım tədbir Şəmkir Rayon Təhsil Şöbəsi tərəfindən çox bəyənildi. Bu uğur əsas mənim deyil, şagirdlərimin idi. Çünki onlar sevgi ilə, həvəslə yanaşmışdılar. Bir müəllim kimi şagirdlərimə ilk gündən daima hər bir mövzunu sevgi ilə oxumalarını, məqsədli olmalarını öyrətdim. Öz yaradıcılıqlarını işə salmaları üçün sərbəst tapşırıqlar təqdim edirəm. Şagirdlərimin dərs zamanı qazandıqları uğurları "Youtube” kanalım vasitəsilə paylaşıram. Onların gözlərindəki sevinci duymaq, bütün problemləri unutdurur. İstədiyimə nail oldum. Şagird kimi arzu etdiklərimi müəllim kimi uşaqlara yaşatdım”.

Uşaqlarla səmimi oldum

Gənc müəllimin yuxarı sinif şagirdləri ilə dil tapması bəzən çətin olur. Aytac ilk dərsdən şagirdlərlə dil tapmağa çalışdığını deyir: "Bir neçə dərs, bu cəhətdən müəyyən qədər çətinliyim oldu. Amma mən bunu əvvəldən bilirdim deyə, ilk dərsdən onlarla psixoloji söhbətlər etdim. Bir-birimizə hörmətlə yanaşmağımızdan, gələcəkdə onların da müəllim ola biləcəyindən və bu zaman şagirdlərin onlarla necə davaranmasını istəmələri mövzusunda söhbət etdik. Uşaqlarla səmimi oldum. Bir neçə dərs, bəziləri daha çox aktivlik nümayiş etdirirdi, yeni müəllim olduğum üçün fərqli suallarla müraciət edirdilər ki, yeni müəllimdir, yəqin ki cavabını bilməz. Hazırlıqlı idim, hamısının cavabını verirdim, ona görə qısa müddətdə dil tapa bildik. Fikrimcə, müəllim sadəcə, dərsini deməklə kifayətlənməməlidir, eyni zamanda, uşaqların psixologiyasını bilməlidir. Məsələn, dərsimdə hər hansı şagirddə bədbinlik müşahidə etsəm, dərs sonrası təklikdə onu dinləməyi vacib bilirəm”.

Bəzən müəllim çox savadlı olur, amma...

Lakin çətinlikləri də olub: "Ümumi işdən danışsaq, ilk vaxtlar çətinlik çəkirdim, bəzən ruhdan düşürdüm ki, məndə alınmayacaq. Ancaq sonra dedim ki, bu da bir məqsəddir və bunu bacarmalıyam. Dərsə ilk başladığım vaxtla tədris ilinin sonunu müqayisə edəndə, uğur qazandığımı gördüm. Şagirdlərimlə sinifdə müəllim, kənarda dost olmağı bacardım. Coğrafiya deyəndə, gözlərində sual işarəsi olurdu, "biz bu fənni sevmirik”, yaxud "bu, bizim qrupumuzda yoxdur” deyirdilər. Amma artıq onlar sonradan bu fənnə maraq göstərdilər, dərsə maraqlı məlumatlarla, fərqli suallarla gəlirdilər. Bəzən müəllim çox savadlı olur, amma biliyini şagirdlərə tam olaraq ötürə bilmir. Mən biliyimi şagirdlərə çatdırmaq üçün əlimdən gələni etdim ki, onlara qaranlıq qalan nə isə olmasın. Təkcə mənim dərsim deyil, digər fənlərlə bağlı nə isə çətinlikləri, sualları, problemləri olanda, onu da gəlib mənimlə bölüşmələr üçün şərait yaratdım”.

Gənc müəllim bildirdi ki, dərsini əzbərçilik metodundan uzaq qurur: "Bizə coğrafiya fənnini əzbərçilik şəklində tədris ediblər. Müəllim sadəcə evdə öyrəndiklərimizi soruşmaqla kifayətlənirdi. Lakin mən heç vaxt belə etmədim. Başa düşmədikləri halda, suallar vermələrinə şərait yaradıram. Heç vaxt hansısa bir mövzunu onlara əzbərçilik yolu ilə öyrətməyə çalışmadım. Həyatla bağlaya-bağlaya, "nə üçün?” sualına cavab taparaq izah etdim. "Nə üçün?” sualına cavab verdikcə, mövzu onların hafizələrinə daha yaxşı oturar. Əks halda mahiyyəti anlamaq uşaqlar üçün bir az çətin olur”.

Hər zaman şagirdlərimi ön sırada aparmışam

Aytac deyir ki, Şəmkirdə müəllimlərin özlərini inkişaf etdirmələri, şagirdlərinin aktivliklərini təmin etmək üçün hər bir imkan var: "Müəllimlərin və şagirdlərin aktiv olması, özlərini inkişaf etdirməsi üçün Şəmkir şəhərində yaxşı imkanlar var. Treninqlər, debatlar, bilik yarışları, hətta breyn-rinqlər də təşkil olunur. Hər zaman şagirdlərimi ön sırada aparmışam. Heç vaxt Bakıdan seçilmirik. Rayon daxilində Gənc Müəllimlər Birliyi yaratmışıq. Müəllimliyə başladığım ilk il olsa da, artıq birlikdə idarəedici heyətdəyəm. "Yay məktəbi” təşkil edirik. Uşaqların asudə vaxtlarını dəyərləndirmələri üçün rayonumuz daxilində belə işlər görməyə, mümkün qədər onlar üçün faydalı olmağa çalışırıq”.

Aytac qeyd etdi ki, bir illik təcrübəsi artıq ona gələcəyi ilə bağlı tam qərar verməyə kömək edib: "Bu, gələcəyimi tamamilə həsr edəcəyim işdir. Gələcəkdə coğrafiya sahəsində doktor olmaq istəyirəm. Bir məktəb üzərində müəyyən qədər istədiklərimə nail olmuşam, amma coğrafiya ilə bağlı qrant layihə ilə digər məktəblərdə də istəklərimi həyata keçirmək fikrim var. Coğrafiyanı ingilis dilində tədris etmək üçün lazım olan terminologiyanı öyrənirəm. Planlarım çoxdur”.

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər