Sadəcə, Baden-Baden - Bələdçi - Fotolar

Frankfurt şəhərinin əsas qatar stansiyasından (Hauptbahnhof) Baden-Badenə sürət
qatarı ilə iki saata rahat çatmaq olur. Azərbaycanlı turistlərin "Şərikli çörək”
filmindən eşitdikləri məşhur "Baden-Badenin mavi gecələri” ifadəsindən doğan arzu ilə görməyə
can atdıqları, dünya ölkələrinin isə əsasən təbii mineral sularına görə kurort
şəhəri kimi tanıdıqları Baden-Badeni - Almaniyanın bu cənub şəhərini hər il yüz minlərlə turist ziyarət edir. Onların arasında Roman
Abramovic kimi məşhur milyarderlər də, milyonçu "ulduzlar”lar da, romantika axtarışında olan sadə insanlar da
var. Üstəlik bu şəhər hər il bir həftəliyə artıq Azərbaycanın da qatıldığı
"Avropanın sığorta paytaxtı”na çevrilir. Baden forumu zamanı şəhərə minlərlə
sığorta şirkətinin təmsilçiləri gəlir.

Baden ilk baxışdan yaşıllığı və
sakitliyi ilə diqqət çəkir. Yerli sakinləri əsasən qoca almanlardan ibarət olan
şəhərin gözə dinclik gətirən füsunkarlığı var. Os çayı boyunca sıralanan və üstü müxtəlif
atributlarla bəzədilən körpülər, güllər içində az qala itib-batan səliqəli,
xudmani evlər, tərtəmiz asfalt yollar, intervalı dəqiqliklə hesablanan nəqliyyat
sistemi adamı heyran edir.

Şəhərin mərkəzi o qədər də böyük deyil, 2-3 saata gəzib dolaşmaq olur. Güllərlə bəzədilən
qədim, dar küçələr maraq doğurur. Zərgər Karl Faberjenin yaradıcılığına həsr
olunan muzey də turistlər üçün diqqət çəkir. Merkur dağına aparan funikulyora
gedən yolda gözəl dizaynlı villalarla rastlaşmaq mümkündür. Baden-Badenin dağ dəmir
yolu Almaniyada ən uzun dəmiryolu hesab olunur. Baden-Badeni dünyada məşhur edən
isə təbii mineral sularıdır. Hətta Karlovı Varı ilə müqayisədə bu şəhərə
üstünlük verənlər çoxdur. Məhz bu sularda çimmək üçün dünyanın hər yerindən
insanlar bu gün də Baden-Badenə axışır. Turistlər hesab edirlər ki, Münhenə,
Bazelə və ya Strasburqa getməkdənsə Baden-Badenin sakitliyi və almanların
qaydaları daha əlverişlidir.

Rus
ziyalılarının ilham pərisi
19-cu əsrdə Baden-Baden Rusiya cəmiyyətinin üst
qatının ən sevimli kurort şəhəri olub. "Avropanın yay paytaxtı”nı hamı tanıyır
və dəb nümunələrini bilirdi. Burada dövlət adamları, diplomatlar, ziyalılar,
yazıçı və şairlər istirahət edirdilər.

Məşhur Lixtentaler xiyabanında (Lichtentaler Allee) müxtəlif vaxtlarda çar II Aleksandr, Qoqol,
Dostoyevski, Turgenev, Soloqub, Tolstoy, Vyazemski, Jukovski, Dolqorukov,
Şeremetyev, Nekrasov, Satıkov-Şedrin, Çexov və başqa şəxsiyyətlər gəzib
dolaşıblar. Qızılağac, şabalıd, palıd, akasiya ağacları və maqnoliyalarla sıx əhatələnən
bu xiyaban Baden-Badenin ən mənzərəli yeri sayılır. Yaxınlıqda Baden Teatrının
qədim binası yerləşir.

Varlı rus aristokratları vaxtilə bu şəhərə özləri
ilə birgə kart, ruletka və at yarışlarını gətiriblər. Onlar üçün Baden-Baden
kazinosu vaxtlarını keçirdikləri ən münasib yer hesab edilib.

17-ci əsrin sonunda alman arxitektoru Vaynbrenerin
layihəsi əsasında tikilən kazino binası Almaniyada ən qədim tikililərdən
sayılır və kurort evində (Kurhaus) yerləşir. Kazinonun içərisi fransız kral qəsrlərinin
nümunəsi əsasında hazırlanıb. Ağ mərmərdən olan hündür çardağın qızılı sularla
işlənmiş bəzəkləri, çoxyaruslu bürünc şamdanlar göz qamaşdırır. Rəssamlar
salonlara sanki Florensiyanın rəsmini köçürüblər. Alman aktrisası Marlen Ditrix
bu tikilini "Dünyada ən gözəl kazino” adlandırıb. Turistlər kazinoya daxil
olarkən atmosfer onları ötən əsrlərə
aparır. Geyimlər, qab-qacaq və s. əşyalar 19-cu əsr Almaniyasını yada salır.
Tarixçilər iddia edirlər ki, məhz kazino açılandan sonra Baden-Badeni
"Avropanın yay paytaxtı” adlandırmağa başlayıblar. Oyun salonlarından savayı
kazinoda restoran, rəqs zalı və pavilyonlar var.

Görkəmli rus yazıçısı İvan Turgenev «Tüstü»
romanında "Kazinonun oyun zallarında, yaşıl stollar ətrafında tanış simalar
toplaşırdılar. Həmin küt, acgöz və vəhşi baxışlar hətta ən kübar cizgiləri də
silib yox edirdi”- deyə kazinodakı oyun əhvalını təsvir edib. Ancaq rus ədəbiyyat
dərsliklərində 20-ci əsrin məşhur klassiklərinin Baden-Badenə yalnız müalicə məqsədilə
deyil, həmçinin kazinolarda qumar aludəçisi kimi oynamağa getmələri barədə heç
bir məlumat verilmir. Kazino aludəçisi olmaq onlarda hətta xəstəlik səviyyəsinə
çatıb. Rus yazıçısı Dostoyevski burada oynamağı çox xoşlayırmış. Hətta yazıçı
bir dəfə buradakı kazinoda dalbadal 5 həftə oynayaraq pullarının hamısını
uduzub. Həmin ərəfədə onun Rusiyadakı ailəsinin yaşadığı mənzilin pulunu ödəmək
üçün heç bir vəsaiti olmayıb. Lev Tolstoy bu kazinoda uduzandan sonra gündəliyində:
«Bu şəhərdə hamı yaramazdır. Onlardan ən böyüyü isə mənəm» - deyə yazıb.

"Hamı bura əylənməyə
gəlir”
İvan Turgenev bu şəhərə daha tez-tez gələrmiş.
Yazıçı özünün ən gözəl əsərlərini Baden-Badendə yaradıb. Burada vəfat edən
yazıçı müvəqqəti olaraq Baden-Badendə dəfn edilib. 1863-1871-ci illər
Turgenevin Baden-Badendə yaşadığı illərdir. O, burada «Tüstü» romanını və 8
povestini yazıb. Turgenev bu şəhərə Parisdən ilham pərisi Polina Viyardonun izi
ilə gəlib və tezliklə bu sakit, yaradıcı şəhəri sevib. O, burada öz sakitliyini
tapacağına ümid edib: «Badendə yerləşməməyim üçün heç bir səbəb görmürəm. Mən
bunu zövq almaq arzusu ilə etmirəm, sadəcə, özümə bir yuva qurmaq arzusundayam.
İstəyirəm ki, bu, mənə sakitlik gətirsin» - deyə o, 1864-cü ildə dostuna
yazırdı. Turgenev burada Lev Tolstoyla görüşüb: «Hava çox gözəldir. Ətrafda
yaşıl ağaclar, balaca, işıqlı evlər, dalğavari dağlar, günəşin şəfəqlərinə
boyadığı şəhər, insanların üzlərindəki təbəssüm xoşuma gəlir”- deyə yazıçı
yaşadığı mühiti qələm dostuna təsvir edib.

Turgenevin kirayələdiyi mənzildəki salona Avropa mədəniyyətinin
ulduzları – Rixard Vaqner, Ferents List, Robert Şuman və digər bəstəkar, yazıçı
və filosoflar toplaşırdılar.

Çexov da Baden-Badeni çox sevib. "Təbii mineral sular insanları bütün
nasazlıqlardan qoruyur” fikrinə inanan Nikolay Vasilyeviç Qoqol: «Burada ciddi
xəstə olan kimsə yoxdur, hamı bura əylənməyə gəlir» - deyə qənaətə gəlib. Şair
Jukovski şəhər haqqındakı təəssüratlarını bircə cümlə ilə ifadə edib:
«Baden-Baden - bu, cənnət guşəsidir”.
Baden-Baden təkcə rus klasssiklərinin yaradıcılığında deyil, həmçinin
rus zadəganlarının həyatında böyük rol oynayıb. Knyaz Pyotr Andreyeviç
Vyazemskinin həyatında isə Baden-Badenin xüsusi izi olub. Burada o, iki ən
yaxşı dostunu, qızını, nəvəsini və həyat yoldaşını itirib.

Baden-Baden rəhbərliyi vaxtilə burada yaşayan rus
ziyalılarının xatirəsini ümumi bir abidə ilə əbədiləşdirib. İ.Turgenevin heykəli
isə yazıçının yaşadığı binanın qarşısında yer alib. Heykəltəraş Yuriy Orexov tərəfindən
hazırlanan büst Rusiyanın Mədəniyyət Nazirliyinin sifarişi ilə qoyulub.

Rusların
sevimli şəhəri
Bu gün də
Baden-Baden rusların sevimli şəhəridir. Onlar bu sakit şəhərdə daşınmaz əmlak
alır, biznes qururlar. Şəhərin küçələrini gəzdikcə rus dilində danışıqlar eşitmək
olur. Üstəlik restoran və kafelərdə də rus yeməklərindən ibarət menyu təklif
olunur. Kafelərin birində rus qarsondan bu barədə soruşanda: "Rusiya bizim üçün
etibarsız yerdir. Burada ərəb və türk turistlərindən fərqli olaraq ruslar özlərini
gözə soxmağa çalışmırlar. Onar bura yalnız dadlı pudinqlər və ya ləzzətli dondurmalar yeməkdən və ya termal
sularda çimməkdən ötrü gəlmirlər. Ruslar buranı çətinliklə də olsa yaşayış məskəni
kimi seçirlər”- dedi.
Badenin Ukrayna
ilə bu yaxınlara qədər mövcud olan möhkəm
iqtisadi əlaqələri pozulduğundan buna görə müəyyən dairələr Rusiya
prezidentini qınamaqdan çəkinmir, "Putin beynəlxalq hüquq normalarını
pozur”-deyirlər.

Məşhur turist şəhəri siyasi qalmaqallardan uzaq
qalması ilə fəxr edir. Bunu yerli əhalinin üzündəki sakitlikdən duymaq olur.
Turistlər də, bu şəhəri yaşamaq və iş üçün seçənlər də burada özlərini məmnun
hiss edirlər. Meqapolislərin səs-küyündən
qaçıb Baden-Badenin sakitliyində dincəlmək bura üz tutan turistlər üçün əsl
istirahətdir. Burada istirahət üçün hər şey var: yumşaq iqlim, eleqant şəhər mərkəzi,
hotellər və komplekslər, sakit mühit, böyük parklar və bağlar, dadlı şərab, üzü
təbəssüm dolu insanlar və vəsf olunan "mavi gecələr”... İl boyu işləməkdən
istirahət üçün fürsət axtaran insana bu yetər.






Təranə Məhərrəmova
Frankfurt-Baden-Baden
