AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Sadə insan, böyük yazıçı

Sadə insan, böyük yazıçı

Mədəniyyət
06 Aprel 2021, 21:45 867
Bu il Xalq yazıçısı Əli Vəliyevin 120 yaşı tamam olur

Bu il görkəmli qələm ustası, roman, povest və hekayələr müəllifi, Xalq yazıçısı Əli Vəliyevin 120 yaşı tamam olur.
Əli Vəliyev 1901-ci il fevralın 27-də Azərbaycanın qədim Zəngəzur qəzasının Ağudi kəndində anadan olub. Kəndin 3 sinifli rus məktəbində, daha sonra Şuşa Firqə məktəbində və Bakı Mərkəzi Firqə məktəbində təhsil alıb. Ali təhsilini Azərbaycan Dövlət Darülfünununda davam etdirib. Əmək fəaliyyətinə "Şərq qapısı" qəzetinin redaktoru vəzifəsində başlayıb. Sonrakı dövrlər "Kommunist” qəzetinin baş redaktoru, Yazıçılar İttifaqının katibi, "Azərbaycan" jurnalının baş redaktoru kimi vəzifələrdə çalışıb. Beş övlad atası olub.
Əli Vəliyev 1920–1930-cu illərdən başlayaraq dövri mətbuatda oçerk və hekayələrlə çıxış edir. Həmin illər işıq üzü görmüş "Allahın səyahəti”, "Nənəmin cəhrəsi”, "Qarlı dağlar”, "Qəhrəman”, "Ordenli çoban”, "Sübut” kimi kitabları tez bir zamanda geniş oxucu auditoriyasının rəğbətini qazanır.
Böyük Vətən müharibəsi illərində cəbhəyə könüllü yollanan yazıçı, iştirakçısı və şahidi olduğu döyüşlər, əsgərlərimizin qəhrəmanlığı haqqında silsilə məqalələr yazır. Həmin dövrlər onun müharibədən bəhs edən "Cəbhə hekayələri”, "Ərköyün”, "Sovqat” adlı kimi kitabları nəşr olunur.
1950–1970-ci illərdə yazıçının "Madarın dastanı”, "Ürək dostları”, 6 cildlik "Seçilmiş əsərləri” "Turaclıya gedən yol”, "Budağın xatirələri” romanları, "Zəngəzur qartalları”, "Bir cüt tərlan” povestləri, "Uşaqlara sovqat”, "Əziz nəvələrimə”, "Anaqız”, "Bir cüt ulduz”, "Yeni həyat” hekayələr kitabı, "Zamanın ulduzları”, "İstedad”, "Samovar tüstülənir”, "Gəncliyimi tapdım”, "Durna qatarı” adlı roman, povest, hekayə və oçerkləri toplanan kitabları işıq üzü görür. 1980-ci illərdə "Qarabağda qalan izlər”, "Narahat adam” romanları, "Qənirsiz gözəl”, "Zamanın ulduzları” adlı povest və hekayələrinin toplandığı kitabları kütləvi tirajlarla nəşr edilir.
1950-ci ildə "Gülşən” povestinin motivləri əsasında görkəmli bəstəkar Soltan Hacıbəylinin bəstələdiyi eyniadlı balet Azərbaycan Opera və Balet Teatrının, 1953-cü ildə isə Ə.Nəvai adına Daşkənd Böyük Teatrının səhnəsində tamaşaya qoyulur.
1958-ci ildə yazıçının "Gülşən” povesti və "Çiçəkli” romanı M.F.Axundov adına Dövlət mükafatına, 1952-ci ildə SSRİ Dövlət mükafatına layiq görülür. Müxtəlif dövrlərdə Lenin, "Qırmızı Əmək Bayrağı”, "Oktyabr İnqilabı”, "Şərəf Nişanı” ordenləri və SSRİ Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilir.
Dilinin zənginliyi, rəvanlığı, xalq danışığından bəhrələnən şirin sadəliyi, şəxsiyyətindən doğan səmimiyyəti ilə Əli Vəliyev dövrünün ən çox oxunan, sevilən yazıçılarından olub. Janrından asılı olmayaraq əsərlərindən duyulan torpaq, çörək ətri, halallıq qoxusu bu gün də öz təzəliyini, təravətini qoruyub saxlayır. İstedadı və yaradıcı zəhməti ilə Azərbaycan ədəbiyyatının inkişafına, dilin zənginləşməsinə misilsiz töhfələr vermiş yazıçı sözün çəkisini, namusunu ləyaqətlə qorumuş, sovet rejiminin ən çətin sınaqlarından alnıaçıq, üzüağ çıxaraq, mənliyini, qürurunu, ədəbiyyata, dosta sədaqətini hər şeydən uca tutmuşdur.
Öz "Tərcümeyi-hal”ında yazdığı bu sözləri Əli Vəliyevin ömür yolunun devizi qəbul etmək olar: "Öz namuslu əməyi ilə həyat sürmək, sənəti ilə yaşayıb ömrü başa vurmaq, əsərləri ilə oxucuların qəlbinə yol tapmaq yazıçı üçün ən böyük sərvətdir”.
Azərbaycanın görkəmli şəxsiyyətləri zaman-zaman Əli Vəliyevin şəxsiyyəti və yaradıcılığı haqqında dəyərli fikirlər söyləyiblər.
AZƏRTAC həmin fikirlərdən bəzilərini oxucuların nəzərinə təqdim edir.
Xalq yazıçısı Mirzə İbrahimov: "Əli Vəliyevin yaradıcılığı, onun ən yaxşı roman, povest, hekayə və publisist yazıları belə bir bədii həqiqəti də təsdiq edir ki, yazıçı xalqla, xalqın həyatı ilə, mənəvi aləmi ilə nə qədər dərindən bağlı olursa, onun əsərlərində işıqlı fikirlər, insana inam o qədər aydın və təsirli, inandırıcı boyalarla öz əksini tapır”.
Xalq yazıçısı İlyas Əfəndiyev: "Doğrusu, o zaman biz gənc yazıçılar özümüzdən yaşlı şairlərdən, yazıçılardan həmişə iki adamın – Səməd Vurğunla Əli Vəliyevin köməyinə güvənirdik. Çətinliyə düşəndə onlara müraciət edərdik. Əli bizim nöqsanlarımıza qarşı nə qədər sərt idisə, xahişimizə qarşı da o qədər qayğıkeş idi”.
Xalq yazıçısı İsmayıl Şıxlı: "Əli müəllim 82 il yaşadı, bütün ömrü boyu da zəhmətlə. Vəzifəli vaxtı da oldu, vəzifəsiz vaxtı da. Amma xasiyyətini dəyişmədi. Biz onu həmişə sadə, qəlbi açıq, mehriban, tez tutulub, tez açılan, hirslənməyi ilə barışmağı bir olan, kin-küdurətsiz, qayğıkeş, küsəyən, uşaqtəki sadəlövh bir adam kimi gördük”.
Xalq şairi Mirvarid Dilbazi: "Əli Vəliyevin xarakterinin ana xətti – mənəvi təmizlik, xalqına, mənsub olduğu dövlətə, ailəsinə və dünyanın bütün yaxşı adamlarına sədaqətli olmasıdır”.
Xalq şairi Bəxtiyar Vahabzadə: "O qəribə adam idi. Sevdiyi, bəyəndiyi adamı heç vaxt üzünə tərifləməz, amma o adam olmadığı yerdə tərifini ulduzlara qaldırardı. Adama yaxşılıq edər, amma bildirməzdi. Üstündən zaman ötəndən sonra bilərdin ki, arğacı Əli Vəliyevdən keçib”.
Xalq yazıçısı Hüseyn Abbaszadə: "Əli müəllim çətində kimsəsizlərin əlindən tutmağı, onlara həyan olmağı özünə borc bilirdi və bu yaxşılıqları təmənnasız eləyirdi. Ədəbiyyatımızın qocaman nümayəndələrindən çox eşitmişdim ki, o, ən ağır vəziyyətlərdə belə, riskə gedərək öz qələm yoldaşlarını haqsız hücumlardan, ittihamlardan cəsarətlə müdafiə edib. Əli müəllim, yeri gələndə, həqiqəti ən yüksək vəzifəli adamların hüzurunda belə açıq deməkdən çəkinmirdi”.
Xalq şairi Nəriman Həsənzadə: "Əli Vəliyev xüsusi hörmət bəslədiyim bir şəxsiyyət idi. Mən onu mərd, bütöv adam kimi sevirdim. Onda ikinci bir söz yox idi, şax, düzü-düzünə – ya "hə”, ya "yox” deyərdi. Əli Vəliyev xarakter idi. Əli Vəliyev obraz idi. Dediyi sözün ağası, gördüyü işin qulu idi. O, sözü deməyi bacaran adam kimi yaşadı, yazdı, yaratdı”.
Xalq şairi Zəlimxan Yaqub: "Əli Qara oğlu Azərbaycanı, onun təbiətini dünyanın heç bir cənnət guşəsinə, bar-barxanasına dəyişməzdi. Hər cür imkanları olmasına baxmayaraq o, məzuniyyət günlərini o zamanın məşhur istirahət guşələrində yox, Laçında, Kəlbəcərdə, İstisuda keçirməyə üstünlük verərdi. Həyatda o şəxsiyyətlər zaman-zaman yaşayır ki, Yaradanının ona verdiyi ömür payını xalqına, onun inkişafına, mədəniyyət və ədəbiyyatına sərf etsin”.
Akademik Feyzulla Qasımzadə: "Qumru bacı (Əli Vəliyevin həyat yoldaşı) olmasaydı, ailəmiz acından batardı. Sadə, gözütox yaşamağa öyrəncəli Əli müəllim ailəsinin çörək kartoçkalarını bizə verib deyərdi: "Biz birtəhər keçinərik. Qumrunun qohum-əqrəbası kənddən tez-tez un, dən-düş göndərir, Qumru bacın birtəhər bizi yola verər”.
Şair Atif Zeynallı: "Əli Vəliyevin öz qanun məcəlləsi vardı. Bu məcəllə onun hər şeydən müqəddəs sandığı vicdanı tərəfindən yazılmışdı”.