Rusiya Balkanlarda separatizmi gücləndirir - ŞƏRH

Balkanlarda vəziyyət yenidən gərginləşə bilər. Bu dəfə də baş rolda Moskvanın təhriki ilə serblər çıxış edir. Ancaq Serbiya yox, Bosniya serbləri. NATO-ya üzvlük məsələsi ilə bağlı ölkəni parçalamaq, “müstəqillik”lə hədələyirlər.
Balkan yarımadası ötən əsrin 90-cı illərində olduğu kimi, yenidən gərginlik ocağına çevrilmək təhlükəsini yaşayır. Yenə də katalizator qismində Rusiya çıxış edir. Finlandiya və İsveçin NATO-ya üzv olmaq istəkləri qarşısında aciz qalan Rusiya indi də Balkanlarda gərginlik yaratmağa çalışır. Kosovodakı gərginliyi qızışdırmağa müvəffəq olmayan Kreml illər uzunu dəstək verdiyi serblərdən yararlanmaq istəyir. Bosniya və Herseqovinanın son vaxtlar sürətlə Qərbə inteqrasiya və NATO-ya üzv olmaq üçün müraciəti Rusiyanı müvafiq addımlar atmağa vadar edib. Moskvadan ilham alan Bosniya və Herseqovinanın tərkibindəki Serb Respublikasının (Republika Srpska) prezidenti Milorad Dodik xəbərdarlıq edib ki, Bosniya və Herseqovinadan ayrılmaq barədə ciddi düşünürlər. Bosniya serblərinin lideri maraqlı bir arqumentlə çıxış edib. İddia edib ki, Bosniya və Herseqovinanın Serb Respublikasının ərazisində yerləşən daşınmaz əmlakı öz mülkiyyətinə keçirmək planları var. Artıq bu barədə beynəlxalq sülh missiyasının Serb Respublikasındakı nümayəndəsini xəbərdar edib. Ekspertlər dərhal bunun gələcəkdə Serb Respublikasının Bosniya və Herseqovinadan ayrılmasına yol açacağını irəli sürüblər.
Beləliklə, Bosniya və Herseqovinanın tərkibində olan Serb Respublikası rəhbərliyi açıq şəkildə Qərblə münasibətləri gərginləşdirməyə gedir. Aİ və ABŞ-ın tənqidlərinə baxmayaraq respublikada xarici agentlər haqqında qanunun və diffamasiyaya görə cinayət məsuliyyəti haqqında qanunun qəbulu proseduruna başlanılıb. Hökumət Böyük Britaniya və ABŞ səfirlikləri ilə əlaqələri dayandırdığını elan edib. Qərb də qarşı tərəfin addımlarını cavabsız qoymur və bu dövləti qaçılmaz təcrid barədə xəbərdar edib. Siyasətçilər və ekspertlər artıq açıq şəkildə Serb Respublikasının “Bosniya Belarusu”na çevrilməsindən danışmağa başlayıblar.
“Bosniya Belarusu”
Milorad Dodik sözsüz ki, Moskvadan aldığı əmr və tapşırıqları yerinə yetirir. O, mövqeyini daha da sərtləşdirib. Bildirib ki, Serb Respublikasının mülkiyyəti onlara məxsusdur və Bosniyada bu məsələyə müdaxilə etməyə cəhd edilərsə müstəqillik ilə bağlı qərarın verilməsini tələb edəcək. “Sarayevoda belə cəhdlər edilərsə, dərhal parlamentin iclasını çağıracağam”, - deyə Dodik hədələyib. Avropa diplomatik mənbələrinin etiraf etdiyi kimi, Qərb Milorad Dodikin planlarına qarşı çıxmaqda böyük ölçüdə Serbiyanın hazırkı prezidenti Aleksandr Vuçiçə ümid bəsləyir.
Serbiya belə, Rusiyadan uzaqlaşır
Məsələ ondadır ki, Rusiyanın Balkanlarda bir əsrlik nüfuzunun olmasına baxmayaraq bölgə ondan uzaqlaşmaqda israrlıdır. Yəni Serb Respublikası azlıqdadır. Bu bir faktdır ki, Kremlin Ukraynaya müdaxiləsi Balkanları üzünü Qərbə tutmağa məcbur edib. Son aylar Rusiya Federasiyasının xarici siyasi dairələrində bir sıra məsələlər ətrafında ciddi müzakirələr gedir. Onlardan biri də Rusiyanın Serbiyanı itirməsidir. Bəli, tarixən Serbiya Rusiya üçün böyük önəm kəsb edib. Lakin indi fərqli durumdur. Sanksiyalar öz sözünü deyir və Rusiyadan yan gəzmək məqsədəuyğun sayılır. Serbiya prezidenti Aleksandr Vuçiçin “rəsmi Belqrad Moskvanın Ukraynaya qarşı müharibəsini dəstəkləmir” bəyanatı şok effekti verib. “Biz lap əvvəldən demişik ki, Rusiyanın Ukraynaya müdaxiləsini dəstəkləməyə haqqımız yoxdur və bunu dəstəkləyə bilməzdik də. Bizim üçün Krım Ukraynadır, Donbas Ukraynadır və bu, həmişə belə olacaq” deyən Serbiya prezidentinin başqa bir fikir də maraqlıdır. O hesab edir ki, “ən pis hadisələr” hələ qarşıdadır, çünki Ukrayna və Rusiya bu münaqişədə çox dərinə gediblər. Vuçiç xatırladıb ki, o, Rusiya prezidenti Vladimir Putinlə on dəfələrlə görüşüb və hətta birbaşa danışa bilmək üçün rus dilini öyrənməyə çalışıb.
“Bosniya və Herseqovina mümkün qədər tez NATO-ya üzv olmalıdır”
Lakin Bosniya və Herseqovinanın NATO-ya üzvlüyü ölkə siyasətçiləri arasında konsensusun olmadığı məsələlərdən biridir. Hakimiyyətə yaxın ekspert Denis Becirovic hesab edir ki, Bosniya və Herseqovina rəsmiləri ölkənin NATO-ya gedən yolunu açıq şəkildə dəstəkləyir. Serb Respublikasının nümayəndələri isə bu hərbi alyansa üzvlüyün qəti əleyhinədirlər. Denis Becirovic Qərb dövlətlərini onların NATO-ya doğru sürətləndirilmiş yolunu dəstəkləməyə çağırıb. Onun qənaətincə, bu, Qərbi Balkanlarda sabitliyi bərqərar edərdi. NATO-nun bu ilin iyulunda Litvada keçiriləcək növbəti sammiti Bosniya və Herseqovinanın NATO-ya üzvlüyünün bütün Avroatlantik birlik üçün arzuolunan və strateji əhəmiyyət kəsb etdiyi barədə aydın mesaj verməlidir.
Serblər “yolumuz Avropadır” deyirlər
“Bloomberg” yazır ki, Serbiya 2014-cü ildən bəri Avropa İttifaqına üzvlük üçün danışıqlar aparır. Belqrad Qərbin Moskvaya qarşı sanksiyalarına qoşulmasa da, yollarının Avropa İttifaqına olduğunu və başqa yol olmadığını bəyan edir. Serbiya Ukraynadakı DXR və LXR qondarma qurumlarının, habelə Xerson və Zaporojye vilayətlərinin işğal olunmuş hissələrinin Rusiya tərəfindən ilhaqı üçün keçirilmiş referendumların nəticələrini də tanımayıb. Serbiya XİN qeyd etmişdi ki, bu “saxta referendumların” tanınması Serbiyanın dövlət və milli maraqlarına ziddir. Bosniya ilə yanaşı Monteneqro da (Çernoqoriya) NATO-ya qoşulmaq niyyətini açıqlayıb. NATO-nun Monteneqronu alyansa dəvətə etməsindən sonra rus rəsmilər “əks-cavab verməyə məcbur olacağıq” bəyanatı vermişdilər. Ancaq Rusiyanın nə cür addımlar atacağı hələ də məlum deyil.
Lakin NATO-nun bu fəaliyyətinə qarşılıq olaraq Rusiyanın Monteneqro və Bosniya-Herseqovinada serb separatçılarını dəstəkləyəcəyi, ya da Makedoniya və Kosovoda etnik münaqişələri qızışdıraraq Balkan yarımadasında sabitliyi pozacağı ehtimal kimi görünür.
Xatırladaq ki, 1995-ci il dekabrın 14-də Parisdə “Deyton” razılaşmasının imzalanması ilə 44 ay çəkmiş Bosniya müharibəsi sona yetmiş olub. Avropa tarixində bu ən çətin və uzunmüddətli etnik müharibələrdən biri olan münaqişə özlüyündə xeyli sayda mülki insan qırğınları, dağıntılar və ən əsası, insanların psixologiyasında ağır fəsadlarla yadda qalıb. İndi Ukraynanın ardınca Balkanlar da növbəti gərginlik ocağına çevrilə bilər.
Azər NURİYEV
