• cümə, 26 Aprel, 21:57
  • Baku Bakı 22°C

Ressesiya dövründə büdcə-vergi siyasəti ilə bağlı müsbət dinamika qorunub

21.07.20 13:15 674
Ressesiya dövründə büdcə-vergi siyasəti ilə bağlı müsbət dinamika qorunub
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin ilk yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı parametrlərin təhlili aparılıb.
AZƏRTACxəbər verir ki, iqtisadçı ekspert Elşad Məmmədov iclasda səsləndirilmiş statistik göstəriciləri şərh edərək iqtisadi dinamikanın müsbət göstəricilər üzrə qorunub saxlanıldığını bildirib: "Nəzərə almaq lazımdır ki, mart ayından başlayaraq ölkə iqtisadiyyatına çox güclü xarici iqtisadi şoklar təzyiq göstərməyə başladı. Bu, bir tərəfdən neftin qiymətinin kəskin şəkildə enməsi, digər tərəfdən COVID-19 pandemiyasının yayılması, eyni zamanda, bütövlükdə dünyada iqtisadi inkişafla bağlı kapitalın effektivliyinin kəskin şəkildə enməsi ilə özünü göstərdi. Həmin amillərin yaratdığı böhran Azərbaycan iqtisadiyyatına çox ciddi şəkildə təsirlər göstərdi. Buna baxmayaraq, cari ilin ilk 4 ayının nəticələrinə görə, iqtisadi dinamikada müsbət göstəricilər qorunmaqdaydı. Lakin may-iyun aylarında ölkə iqtisadiyyatı resessiyaya daxil oldu. Resessiya dövründə bütövlükdə iqtisadi idarəetmə, konkret olaraq büdcə-vergi siyasəti, valyuta bazarındakı vəziyyətlə bağlı müsbət tendensiya saxlanılıb. Büdcə gəlirlərinin formalaşması baxımından hər hansı bir ciddi problemlər müşahidə edilməyib. Fiskal yığımlar proqnozlar üzrə reallaşdırılıb. Büdcə xərclərinə gəlincə, dövlətimizin başçısının qeyd etdiyi kimi, sosial xərclər xeyli artırılıb. Büdcənin sosial xərcləri icra olunub".
Ekspertin fikrincə, ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar baxımından ən mühüm müsbət məqam iqtisadiyyatın şəffaflaşdırılması ilə bağlı əldə olunan nəticələrdir. Bunun məntiqi davamı olaraq dövlətin imkanları xeyli genişlənib. Kölgə iqtisadiyyatının həcminin kəskin şəkildə azaldılması hesabına milli iqtisadiyyatımız dayanıqlığını daha uğurlu qoruyur. Belə ki, 2015-ci ildə baş verən devalvasiyalar fonunda kölgə iqtisadiyyatının xüsusi çəkisinin çox olması nəticəsində milli iqtisadiyyatımızda ciddi problemlər hiss olunduğu halda, bu gün kölgə iqtisadiyyatının xüsusi çəkisinin azalması bir tərəfdən iqtisadi tarazlığa, fiskal yığımların müsbət dinamikasına və inkişafına şərait yaradır, digər tərəfdənsə sosial layihələrin reallaşdırılması mümkün olur.
banner

Oxşar Xəbərlər