• cümə, 29 Mart, 04:38
  • Baku Bakı 7°C

Rəşad Mahmudov: "Mədəniyyət paytaxtı Şuşa qürur yerimizdir"

02.09.21 21:30 319
Rəşad Mahmudov: "Mədəniyyət paytaxtı Şuşa qürur yerimizdir"
Şuşa işğal altında qaldığı illərdə xalqımız bu doğma şəhərin nə vaxtsa, yağı tapdağından xilas ediləcəyi ümidini itirmirdi. Təkcə şuşalılar deyil, bütün xalqımız Qarabağın incisi sayılan bu ecazkar məkanın, eləcə də Azərbaycanın düşmən əsarətində qalan hər qarış torpağının azad olunacağına qəlbən inanırdı. Bu qəti əminliyi, ümidi Prezident, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü müdrik siyasəti ilə Azərbaycanın qüdrətli dövlət kimi dünyada getdikcə artan nüfuzu, Silahlı Qüvvələrimizin yenilməz orduya çevrilməsi və xalqımızın dövlətimizin başçısının ətrafında sıx birləşməsi kimi amillər yaratmışdı.
Qəsbkarın ələ keçirdiyi Qarabağın, Şərqi Zəngəzurun hər daşı, qayası tək, Şuşa da uzun illər Azərbaycan ruhunu itirmədi. Bax, bu ruh, bu doğmalıq hesabına Vətən müharibəsinin son günlərində belə neçə-neçə əsgər və zabitimizin əfsanəvi qəhrəmanlığı, misilsiz şücaəti ilə bu müqəddəs şəhər yad, murdar nəfəslərdən təmizləndi. Prezident İlham Əliyev hələ savaşın şiddətlə getdiyi vaxt ordumuzun addım-addım Şuşaya doğru irəlilədiyini, bu yoldan heç vaxt, heç vədə geri çəkilməyəcəyini dedi və Türkiyə mətbuatına verdiyi müsahibələrin birində "Şuşa azad edilmədən bu əməliyyat tamamlanmış sayılmaz, yarımçıq qalar”, - söylədi.
Nəhayət, o əziz, unudulmaz tarixi günə qovuşduq. Dövlətimizin başçısı ötən il noyabrın 8-də xalqımızı Şuşanın işğaldan azad edilməsi münasibətilə təbrik edərək, belə bir müjdəni verməyini həyatında bəlkə də ən xoşbəxt günlərindən biri olduğunu diqqətə çatdırdı: "Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm.
İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!”
AZƏRTACxəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.
Rəşad Mahmudov deyib: "Bu gün Şuşa yenə də işğaldan əvvəlki xoş çağlarını yaşayır, sevincli, fərəhli neçə-neçə sabahların ümidi ilə tikilir, qurulur, bütün dünyaya, beynəlxalq ictimaiyyətə Azərbaycanın maddi-mədəniyyət məbədgahı olduğunu göstərir. İyirmi səkkiz il ərzində başından duman-çən əskik olmayan bu mədəniyyət paytaxtımızda indi abadlıq- quruculuq, bərpa işləri getdikcə geniş vüsət alır, burada Üzeyir bəy Hacıbəylinin, Xurşidbanu Natəvanın və Bülbülün ev-muzeyləri, görkəmli şair Molla Pənah Vaqifin məqbərəsi kimi müqəddəs ocaqlar yenə də ziyarətgahlara dönür, erməni vandallarının qurbanına çevrilən tarixi, mədəni abidələrə yenidən "nəfəs” verilir, "Xarıbülbül” festivalı, Vaqif Poeziya Günləri kimi möhtəşəm mərasimlərə "evsahibliyi” edir”.
Rəşad Mahmudov açıqlamasında daha sonra bildirib ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın avqustun 29-da Şuşaya səfəri zamanı bunun bir daha şahidi olduq. Həmin gün "Otel və Konfrans Mərkəzi”nin təməlinin qoyulması, Xüsusi nümayəndəliyin yerləşəcəyi inzibati binada, Üzeyir Hacıbəylinin ev-muzeyində aparılacaq işlərin nəzərdən keçirilməsi, eyni zamanda, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin, Bülbülün ev-muzeyinin, dahi şair Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin və büstünün, həmçinin "Qarabağ” hotelinin açılışı mərasimlərinin reallaşması kimi təməlqoyma və açılış mərasimləri bu şəhərin tez bir zamanda tam bərpa olunacağından, sakinlərin öz dədə-baba ocaqlarında az vaxtdan sonra məskunlaşacaqlarından xəbər verirdi.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşaya səfərindən bir gün sonra- avqustun 30-da isə böyük şairimiz, dövlət xadimi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin önündə Vaqif Poeziya Günlərinin açılışı keçirildi. Bu tədbir ölkəmizin şanlı tarixinə əlamətdar, unudulmaz hadisə kimi yazıldı. Dövlətimizin başçısının mərasimdəki çıxışında vurğulandığı kimi, Ulu Öndərin iradəsi və qətiyyəti nəticəsində ucaldılan bu məqbərəyə yeni nəfəs, yeni ruh verilməklə Şuşanın Azərbaycan tarixi, əzəli-əbədi şəhəri olması öz təsdiqini tapdı. Bununla da dünyada heç vaxt haqq-ədalətin itmədiyi, bəzən bu yolda uzun illər mübarizə aparılsa da, sonda halal uğura, möhtəşəm qələbəyə nail olunduğu gerçəkləşdi.
Deputat sonda diqqətə çatdırıb ki, bu gün təkcə dünyada deyil, həm də Azərbaycanda mədəni irsinin yaşadılmasına böyük diqqət və qayğı göstərməklə nüfuzlu təşkilat kimi tanınan Heydər Əliyev Fondu Şuşada aparılan təmir-bərpa işlərində fəal iştirak edir. Erməni vandalizmi nəticəsində dağıdılaraq, bərbad hala salınan böyük şair Vaqifin məqbərəsinin yenidən dirçəldilməsində misilsiz xidmət göstərməsi də bunun bariz ifadəsidir.
Şuşa şəhəri az vaxtdan sonra burada reallaşacaq beynəlxalq mərasimlərə də ev sahibliyi etməsi ilə Azərbaycanın mədəniyyət paytaxtı kimi böyük nüfuz qazanacaq. Hələlik isə şəhər günbəgün dəyişir, tarixiliyini qorumaqla bərabər müasirləşir. Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya səfər çərçivəsində Şuşanın baş planının təqdim olunması da bu şəhərin daha möhtəşəm mənzərəyə sahib olacağından, təbii gözəlliyin insan əllərinin yaratdığı ecazkar fonla qovuşacağından xəbər verir.
banner

Oxşar Xəbərlər