Rejissor-ssenarist qarşıdurması
Bunlar
deyirlər yaxşı ssenari yoxdur, onlar isə deyirlər ki...
"Bizim hər zaman peşəkar
rejissorlarımız, potensiallı aktyorlarımız olub və bu gün də var. Kino
sektorunda ən böyük bədbəxtçiliyimiz ssenari qıtlığıdır. Bu baxımdan çox korluq
çəkirik” – bu fikirləri redaksiyamızın qonağı olan, filmləri ilə dünyanın bir
çox tanınmış festivallarında iştirak edən rejissor Rüfət Əsədov bildirmişdi.
Nəinki Rüfət Əsədov, zaman-zaman rejissor və
aktyorların dövrü mətbuatdakı çıxışlarında Azərbaycanın film və seriallarının
ssenari qıtlığı yaşadığından şikayət edirlər. Biz də ekspertlərə "doğrudanmı hazırda
Azərbaycanın film və serial sektorunda ssenari qıtlığı yaşanırmı?” sualı ilə müraciət
etdik.
Ssenarist, aktyor Valeh Əhmədov bildirdi ki,
ortada güclü bir film, serial varsa, bu o deməkdir ki, onun yaradıcı heyəti, komandası
güclüdür: "Məşhur rejissorlardan biri deyib ki, filmi güclü edən ssenari, ssenari
yenə də ssenaridir. Mən bu fikirlə qismən razıyam. Bizim seriallarda ən kiçik xarakter
belə, izləyicisi tərəfindən tanınır. Ssenarist yazır, rejissor onu çəkir, aktyor
da öz potensialını ortaya qoyur və nəticədə uğurlu bir iş ortaya çıxır. Akira Kurasava
deyir ki, yaxşı bir rejissor güclü bir ssenari ilə peşəkar komanda ilə şedevr yarada
bilər. Ortabab rejissor güclü bir ssenari ilə normal bir iş ortaya çıxara bilər.
Güclü bir rejissor isə zəif ssenari ilə heç nə edə bilməz. Ssenari zəifdirsə, heç bir rejissor onunla möhtəşəm
bir iş ortaya çıxara bilməz. Əgər bizim işlərimiz uğur gətirirsə, bu, bütün komandanın
uğurudur. Demək ki, hadisələr, hekayələr, xarakterlər düzgün işlənilib və rejissorlar
bunu peşəkarcasına aktyorlara ötürə bilib. Aktyor isə rejissordan aldığı enerjini
tamaşaçıya ötürə bilib. Təbii ki, rejissorla ssenarist arasında hər zaman fikir
ayrılığı olub və olacaq. Bu, dramaturgiyanın təməl qanunlarından biridir ki, yaradıcı
işlər, konfliktlər, mübahisələr hər zaman işin xeyrinədir. Ancaq bu işdə ssenaristləri
ittiham etmək düzgün deyil. Təbii ki, ittiham olmalıdır, bu da ancaq müzakirə
zamanı, masa başında olmalıdır. Əgər film, serial tamaşaçıya təqdim olunursa və
rejissor orada ssenaristi günahlandırırsa, bu, artıq boş məsələdir. Bəzən görürsən ki, dünyanın ən yaxşı
ssenaristini, rejissorunu, aktyorunu bir layihəyə gətirirlər və o layihə heç tutmur,
izlənilmir. Amma onlar bu uğursuzluqda kimisə günahkar hesab etmirlər”.
Rejissor Ramin Hacıyev deyir ki,
film kollektiv sənətdir: "Yaxşı ssenarini zəif rejissora versələr, o ssenari məhv
olacaq. Film kollektiv sənət olduğu üçün bütün proses bir-birinə zəncirvari
şəkildə bağlıdır. Burada rejissorla ssenarist bir-birilərini anlamalı və ortaq
məxrəcə gəlməlidirlər. Rejissorla ssenaristin uyğunlaşması bu prosesdə çox
vacibdir. Əgər keyfiyyətsiz bir məhsul ortaya çıxıbsa, burada günah tək
ssenaristdə deyil. Bəzən elə anlar olub ki, möhtəşəm ssenari, peşəkar rejissor
bir araya gəlib, ancaq operator tələb olunan kadrları tuta bilməyib. Verilən
kadrlar ssenarini və rejissorun fikrini doğrultmayıb. Bu işdə bir nəfərin
qeyri-peşəkarlığı bütün məhsulu zay edə bilər. Zəif ssenarinin üzərində
rejissor çox işləsə, ortaya bir şey çıxarmaq mümkündür. Çünki biz izlədiyimiz
filmdə seriala rejissorun gözü ilə baxırıq”.
Rejissor qeyd edir ki, filmin,
serialın sütunu ssenaridir: "Ssenari sıfırdan düşünülüb, müəyyən həddə gəlib
çatır, rejissor öz gözü ilə onu daha yaxşı təqdim edir. Rejissor-ssenarist
qarşıdurması hər zaman olub, bu gün də var. Belə ki, ssenarist hər zaman deyib
ki, mən bunu belə yazmamışam, rejissor da deyib ki, mən bunu belə görməmişəm.
Ssenari yazırıqsa, "hansı məqsədə xidmət
edirik, bu ssenari ilə hansı mesaj ötürülür və mövqeyimiz nədir” kimi suallara
cavab tapmalıyıq. Əgər burda hər hansı məqsəd varsa, ssenariyə pis demək
çətindir. Hər bir filmin və serialın öz izləyici kütləsi var. Bizim pis
dediyimiz filmə "bəh-bəhlə” baxanlar da az deyil. Bir dəfə məşhur
rejissorlardan birinə demişdilər ki, sizin filminiz kinoteatrlarda satılan filmlər
arasında reytinqdə birincidir. O isə deyib ki, demək ki, zəif film çəkmişəm. Rejissor
hər dəfə düşünür ki, öz daxili aləmini çəksin, kütlənin arxasınca getməsin. Təəssüf
ki, maliyyə gətirməsi üçün çox zaman rejissorlar kütlənin tələbinə uyğun
filmlər çəkir. Hansı ki, hazırda bizim film sistemimiz indi belədir”.
Ssenarist, yazar Arzu Soltanınfikrincə, son zamanlar film və teatr sahəsində zəif
ssenarilər olur: "O fikirlə razı deyiləm ki, rejissor və aktyorlarımız peşəkardır,
ssenaristlərimiz qeyri-peşəkar. İndi demək olmaz ki, yaxşı ssenaristlərimiz yoxdur.
Sadəcə, başqa sahədə olduğu kimi, bu sahədə də daha çox ucuz işçi qüvvəsinə üstünlük
verilir. Serial aləmində daha çox işi bacarmayan ssenaristlərə müraciət
edirlər, bacarana isə redaktə etdirirlər. Nədənsə, ssenaristlərə yaxşı maliyyə ayırıb,
yaxşı ssenari yazdırmaq istəmirlər. Yəni çəkilən film və seriallarda ssenariyə o
qədər də çox dəyər verilmir. Sanki bu mərhələdə əsas sütunun ssenari olduğunu qiymətləndirə
bilmirlər. Dünyaca məşhur rejissorlardan biri deyib ki, yaxşı ssenaridən pis film
çəkmək olar, ancaq pis ssenaridən yaxşı film çəkmək mümkün deyil”.
A.Soltan bu gün gənc yazarlara inamın olmadığını, onların yazdıqlarını
oxumadan belə imtina edildiyini vurğuladı: "Teatrlarımıza gənc yazarlarımızın əsəri
yol tapmır, onları teatra yaxın buraxmırlar. Tanınmış dramaturqlarımız, ssenari
yazanlarımız özlərindən sonra bir məktəb, davamçılarını yaratmayıblar ki, o ənənələri
davam etdirən yeni nəsil olsun. Bu gün teatrlarda klassik mövzulara çox üstünlük
verilir. Nə teatrlarımız, nə filmlərimiz yeniliklərə o qədər də açıq deyillər. Şəxsən
özümün qarşılaşdığım bir problem var, bu da steorotipdir. Mən Bakı Uşaq Teatrında
ədəbi hissə müdiri kimi çalışıram. 90-cı ildən, yəni bu teatr yaranandan bəri burdayam.
Bu müddət ərzində burada uşaqlar və böyüklər üçün əsərlərim səhnələşdirilib. Ancaq
deyirlər ki, niyə hər dəfə eyni müəllifə müraciət olunur? Hazırda mənim əsərlərim
Bakı Uşaq Teatrında səhnələşdirilmir və bu, problemə çevrilib. Hər bir teatrın müraciət
edə biləcəyi müəllifin olması, əslində çox yaxşı haldır. Məsələn, mən Bakı Uşaq
Teatrında teatrın imkanlarına, aktyorların potensialına, auditoriyasına bələdəm.
Bilirəm ki, hansı auditoriya ilə işləyirik, ona uyğun da ssenari yazıram. Bu stereotiplər bir ssenarist olaraq mənə problemlər
yaradır. Bir çox teatrlarda mənim əsərlərim səhnələşdirilib. Amma çalışdığım teatrda
səhnələşdirilmir”.
Xəyalə Rəis