Reallıqla barışmaq - TƏHLİL

Toğrul
İsmayıl: "Zaman keçdikcə Ermənistan sülh anlaşmasını imzalamaq məcburiyyətində
qalacaq”
Ermənistanın
baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddə təxribatların, hər hansı
insidentin yaşanmamağı üçün islahatlar adı altında geri çəkilmək məcburiyyətində
qalıb. Avqustun 18-də hökumətin iclasında çıxış edən Paşinyan bildirib ki, sərhədin
"bəzi hissələrinin” mühafizəsi ölkənin Milli Təhlükəsizlik Xidmətinin sərhəd
qoşunlarına həvalə ediləcək. Nəzarətə götürüləcək həmin ərazilər silahlı qüvvələrdən
təhvil alındıqdan sonra sərhəd qoşunlarının sayı artırılacaq və islahatlar həyata
keçiriləcək. Baş nazir bu planın hökumətin 2021-2026-cı illər üçün nəzərdə
tutulan proqramında yer aldığını bəyan edib. Bununla da, Paşinyan Azərbaycanla
sərhəddə vəziyyətin normal vəziyyətə gətirilməsinə, perspektivdə sağlam münasibətlərin
qurulmasına yönəlik addımlar atılacağı görüntüsü yaradıb. Eyni zamanda o,
Türkiyə ilə də sərhədlərin açılmasında, hərtərəfli münasibətlər qurulmasında
maraqlı olduğunu gizlətmir. Halbuki bundan əvvəl Ermənistan hökumət başçısı Azərbaycanla
sərhədə ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrdən, o cümlədən Fransa və
ABŞ-dan sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırmışdı. Ardınca isə Azərbaycanla
bütün sərhəd boyu Rusiya sərhəd qoşunlarına məxsus dayaq məntəqələrinin yerləşdirilməsi
təşəbbüsü ilə çıxış etmişdi.

Başqa güclərin bölgəyə gəlməsi arzuolunan deyil
Maraqlıdır, Ermənistan baş nazirini əvvəlki
qeyri-konstruktiv, işğalçı mövqedən geri çəkilməyə nə məcbur etdi? Onun Azərbaycan
və Türkiyə ilə münasibətləri normal vəziyyətə salmaq cəhdi nə dərəcədə səmimidir?
İndiki halda tamam fərqli bəyanatla çıxış etməsinə səbəb nədir? Baş verənləri
"Kaspi” qəzetinə şərh edən politoloq Toğrul İsmayıl bildirib ki, İrəvanın
işin içinə ATƏT-in Minsk qrupu dövlətlərini, Avropa İttifaqını salmaq, yaxud sərhəddə
KTMT səviyyəsində qarışıq hərbi birləşmə yerləşdirmək istəyi Nikol Paşinyan
hökumətinin təcrübəsizliyindən, diletantlığından irəli gəlirdi: "Beynəlxalq
hüququn prinsiplərinə görə, Qarabağ Azərbaycanın ərazisidir və dünya dövlətləri
Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu o deməkdir ki, Azərbaycan istəmədiyi
halda Qarabağa, ümumən münaqişə bölgəsinə hər hansı güc girə bilməz. İndiyə qədər
bu mümkün olmayıbsa, bundan sonra nəinki bu əraziyə, eləcə də sərhəd bölgələrinə
hər hansı kənar qüvvə girə bilməz. Çünki funksiyalar başqadır. İstər ABŞ sülhməramlıları
olsun, istərsə də digərlərinin. Ermənistan sərhəd zonasına deyil, öz ərazisinə
istədiyi xarici qüvvənin hərbi birləşməsini yerləşdirə bilər. Lakin bu zaman da
Ermənistan üçün Rusiya faktoru var. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatdan
sonra Rusiya Minsk qrupunun funksiyasının öz əhəmiyyətini itirdiyini, gücdən
düşdüyünü ortaya qoydu. Paralel olaraq başqa güclərin bölgəyə gəlməsini istəmədiyini
nümayiş etdirdi”.

Zaman keçdikcə reallığı qəbul edəcək
Politoloq qeyd edib ki, Rusiya Ermənistana görə Azərbaycanla
münasibətlərini pozmaq istəmir. Onun qənaətincə, bu çərçivədə hər hansı addım
atarkən beynəlxalq hüququn tələbləri nəzərə alınmalıdır: "Beynəlxalq hüquqa görə,
rusiyalı sülhməramlılar da Qarabağda Azərbaycanın razılığı olmadan qala bilməz. Onlar bölgəyə gələrkən Azərbaycanın
razılığını aldılar. Rusiya və Ermənistan kimi Azərbaycan da Müstəqil Dövlətlər
Birliyinin (MDB) üzvüdür. Hətta bu kontekstdən məsələyə yanaşıldıqda da, görərik
ki, Rusiya-Azərbaycan, yaxud Azərbaycan-Ermənistan sərhədində üçüncü ölkənin hərbi
qüvvəsi yerləşdirilə bilməz. Bu, birmənalıdır. Ona görə də Paşinyanın əvvəlki təşəbbüslərindən,
bəyanatlarından imtina edərək nisbətən konstruktiv təkliflə çıxış etməsi beynəlxalq
hüququn prinsiplərindən, İrəvan hökumətinin reallıqla barışmasından qaynaqlanır.
İstənilən ölkə sərhədində öz qoşunlarını yerləşdirməli, öz sərhədini özü
qorumalıdır. Bunu Ermənistan hansı səviyyədə bacaracaq, bu onun öz işidir.
İndikindən fərqli olaraq, rəsmi İrəvan tərəfindən əvvəllər qeyri-konstruktiv
mövqenin sərgilənməsi bir qədər əvvəl vurğuladığım kimi, Ermənistan hökumətinin
diletantlığı, naşılığı və təcrübəsizliyindən qaynaqlanırdı. Onlar beynəlxalq
hüququn Azərbaycanın lehinə olduğunu nəzərə almırdılar. Hadisələrə bu kontekstdən
yanaşmaq gərəkdir. Zaman keçdikcə Ermənistan reallığı qəbul etmək, eləcə də
sülh anlaşmasını imzalamaq məcburiyyətində qalacaq”.
Rufik İSMAYILOV
