• cümə, 29 Mart, 13:08
  • Baku Bakı 14°C

“Ərdoğanın qələbəsi Azərbaycanın və Türk dünyasının qələbəsidir” - ŞƏRH

29.05.23 11:30 732
“Ərdoğanın qələbəsi Azərbaycanın və Türk dünyasının qələbəsidir” - ŞƏRH

“Rəcəb Tayyib Ərdoğanın Türkiyə tarixində rolu böyük olduğundan yenidən lider seçilməsi gözlənilən idi”.

Bu sözləri Oxu.Az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə deyib.

Deputat qeyd edib ki, Ərdoğanın dövründə Türkiyənin müstəqilliyi möhkəmlənib, dünya siyasətində dövlətin çəkisi artıb, iqtisadiyyatında möhkəmlənən qardaş ölkə hərbi-texniki sahədə də böyük uğurlar qazanıb:

“Lider kimi də Ərdoğanın üstünlükləri çoxdur. Onun mövqeyi dünyada baş verən bütün siyasi proseslərdə gözləniləndir. Prezident seçkisində Ərdoğanın rəhbər kimi şəxsiyyəti ilə yanaşı, müdafiə etdiyi siyasət də sınaqdan keçmiş oldu. Qarşı tərəf ölkənin idarəetmə quruluşunu dəyişəcəyini, parlamentli respublikaya keçəcəyini, referendum keçirəcəyini elan etmişdi. Türkiyənin parlament respublikası olduğu dövrdə tez-tez hökumət dəyişikliyinin baş verməsi ölkənin həm nüfuzuna, həm də iqtisadi inkişafına ciddi təsir edirdi. Qarşı tərəf Türk dünyasının birliyi məsələsini də ikinci plana keçirirdi. Halbuki Rəcəb Tayyib Ərdoğan bu ideyanın müdafiəçisi və türk dövlətlərinin birliyi üçün böyük səy göstərmiş lideridir. Qarşı tərəfin Azərbaycanla münasibətləri minimuma endirmək barədə sətiraltı mesajları da cəmiyyət tərəfindən mənfi qarşılanırdı. Çünki Türkiyə xalqı Azərbaycanı Türkiyənin dostu, qardaşı kimi qəbul edir. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülmüş bir millət, iki dövlət şüarı bu gün ən sadə Türkiyə vətəndaşının belə düşüncəsində, sözündə, Azərbaycanla münasibətində irəli sürdüyü ideyadır.

Prinsip etibarı ilə biz deyə bilərik ki, Türkiyə seçicisi şəxsən Rəcəb Tayyib Ərdoğana səs verməklə yanaşı, eyni zamanda onun dəstəklədiyi ideyalara da səs verdi. Xalq Türkiyənin onunla başlayan inkişafını, artan siyasi nüfuzunu, dünya birliyində söz sahibinə çevrilməsini, həmçinin Türk dünyasının birliyini gücləndirmək ideyasını dəstəkləmiş oldu. Rəcəb Tayyib Ərdoğan Azərbaycan xalqının, prezidentimizin yaxın dostudur. Heç də təsadüfi deyil ki, onun qələbəsini ilk təbrik edən ölkə lideri də prezidentimiz oldu. Ərdoğanın qələbəsi Azərbaycanın və Türk dünyasının qələbəsidir. Ona görə də Türkiyə xalqı ilə yanaşı, bütün dünya da qələbə qazanmış oldu”.

Qeyd edək ki, Türkiyədə keçirilən seçkinin ikinci turunda hazırkı prezident Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçilib.

 

banner

Oxşar Xəbərlər