Qürbətdə vətən həsrəti ilə yaşayan həmvətənlərimiz

Bir neçə ildir ki, xaricdə yaşayan, vətəni
üçün yaşadığı ölkələrdə faydalı işlərlə məşğul olan, ölkəsini tanıdan insanları
araşdırıram. Həqiqətən də, bu insanlar getdikləri uzaq diyarlara daxillərində vətənin
bir parçasını aparırlar. O vətən ki, harada olursa-olsunlar, həmin yer onlar
üçün bir Azərbaycandır. Bu insanlar getdikləri ölkələrdə Azərbaycanımızın mədəniyyətini,
tarixini, adət-ənənələrini təbliğ edir, haqq səsini dünyaya çatdırırlar.
Yaşadıqları ölkələrdə etdikləri faydalı işlərdən o qədər ürək dolusu danışırlar
ki, onlarla qürur duyursan.
Bu gün qabartmaq istədiyim mövzu həmvətənlərimizin
xaricdəki fəaliyyətləri deyil. Uzaq bir ölkədə yaşayan həmvətənlərimizdən biri
Azərbaycana gələndə onlarla görüşür, hal əhvallarını xəbər almağa çalışıram.
Onlar bu səfərlərinin hər birində gözlərindəki və ürəklərində o həsrəti,
yanğını elə büruzə verirlər ki, təsirlənməmək mümkün olmur. Elə "vətən” deyirlər
ki, sanki bu söz bağırlarından qopub çıxır. Hətta hava limanından düşər-düşməz
ilk növbədə bu torpağın daşını, torpağını öpən insanları görmüşəm. Gedərkən özləri
ilə bir parça vətən torpağı və ya daşı aparanlara da az rastlaşmamışam. Danışdıqca hiss edirsən
ki, onların bir sevgisi, bir yanğısı var: Azərbaycan!
İstərdim ki, onların bir neçəsi ilə sizləri
daha yaxından tanış edim. "Gözdən uzaq olunca, könüldən də uzaq olur” fikrinin
üzərindən qırmızı xətt çəkən bu insanların vətən həsrətinin necə içdən və dərin
olduğunu az da olsa sizlərə göstərmək istədim.
Qürbət hisslərinin necə ağır olduğunu
öz dillərindən eşidin:
"Axı vətən
sadəcə, torpaq kütləsi deyil”

Misirdə Azərbaycan
Diasporunun sədri, Qahirə Universitetinin müəllimi Seymur Nəsirov uzun illərdir
bu ölkənin keçmiş baş müftisi və dünyanın ən məşhur alimlərdən biri olan prof.
Dr. Şeyx Əli Cümənin xarici tələbələrin işi üzrə köməkçisidir. İrsi canlandırma
üzrə "Halqa” fondunun təsisçilərindən biri və baş direktoru olan Seymur müəllim
Azərbaycanın hər guşəsinin gözəl olduğu qədər də, qəhrəmanlar və alimlər diyarı
kimi tanındığını vurğuladı: "Hər zaman Azərbaycan haqqında ərəb mənbələrində
oxuyanda fərəh hissi duyuram və fəxr edirəm ki, mən azərbaycanlıyam. Misirdə
yerli və xarici vətəndaşlarla görüşlərimdə də sevərək bu həqiqətləri çatdırmağa
çalışıram. 22 ildir Misirdə təhsil alıb, vətənimlə bağlı tədqiqatlar aparıram.
Bir an da olsa vətəni unutmadıq, əksinə vətənə sevgimiz gündən-günə artır. Bu
sevgidə doğma rayonum Astaranın xüsusi yeri vardır. O torpaqda dünyaya göz
açmış alim və qəhrəmanlar çoxdur. Misal üçün, akademik Ziya Bünyadov, Sovet
İttifaqı Qəhrəmanı Mirzə Cəbiyev, uşaqlıq dostlarım - Milli Qəhrəman Yalçın Nəsirov,
şəhidlər Elşən Məmmədov, Azad İbrahimov və s. kimi şəxsiyyətləri qeyd etmək
olar. Astara Azərbaycanın ən səfalı rayonlarından biridir. Bir tərəfində dəniz,
bir tərəfində yamyaşıl meşə ilə örtülü dağları olan bu gözəl diyar üçün necə
darıxmamaq olar?! Dünyanın bir çox iqlim növlərinin təzahür etdiyi Astaram,
sanki bu dünyanın cənnətidir. Misirdə nə qədər uğur qazansam da, maraqlı həyat
keçirsəm də, yenə ana torpağımın yerini verməz”.
Hazırda dünyanın 58 ölkəsindən gələn 1000-dən
çox tələbələrə rəhbərlik edən və bu yolla sadəcə, Misirdə deyil, dünyanın hər
guşəsində vətənimizi təbliğ edərək, həqiqətlərini çatdırmağa çalışan müsahibim
deyir ki, insanı vətəninə bağlayan amillər çoxdur. Ən əsası onun ruhu, imanı,
valideynləri, ilk göz açanda aldığı nəfəsi, xatirələri, qohum əqrəbalarıdır:
"Yadıma Həzrəti Məhəmməd peyğəmbərdən vətənə sevgi ilə bağlı bir rəvayət düşdü.
O, Məkkəni tərk edəndə belə buyurmuşdur: "Ey Məkkə, sən mənim ən sevdiyim məkansan,
əgər sənin xalqın məni məcbur etməsəydi, heç zaman səni tərk etməzdim”. Halbuki
ona Məkkədə vermədikləri əzab qalmamışdı. Amma o, heç zaman vətənini unutmadı.
Biri ana vətəni Məkkədən Mədinəyə gələndə ondan hər zaman Məkkə haqqında
soruşar və darıxaraq kədərlənərdi. Axı vətən sadəcə, bir torpaq kütləsi deyil!
Heç ayrılarmı könül candan!? Vətən bağlılığı və sevgisi sözlə ifadə edilməyəcək
bir məfhumdur”.

"Biz
yaşamırıq”
ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində yaşan azərbaycanlı
yazar, rejissor Sevinc Səfərova da öz təəssüratlarını bölüşərkən dedi ki,
dünyanın harasına gedirsə-getsin, ora cənnət olsa belə, öz ölkənin yerini heç nə
vermir: "Los-Ancelesdə yaşayıram, övladlarım burada təhsil alır. Burdan ölkəmlə
bağlı bütün hadisələri izləyir, mütəmadi olaraq orada baş verən proseslərdən xəbərdar
oluram. Mənim yazı masamın üzərində Azərbaycan
bayrağı, armudu stəkanlarımız və buta var. Evimin bir guşəsini Azərbaycanın qədim
ornamentləri ilə bəzəmişəm. Orada oturub romanlarımı yazıram və heç olmasa o
guşə ilə təsəlli tapıram. Həyatımda çatışmayan yeganə şey isə vətənimdir. Elə
hesab edirəm ki, bədənimin, ruhumun bir hissəsi Azərbaycandadır. Burada özümü
yarımçıq hiss edirəm. Tez-tez Azərbaycana gedib gəlsəm də, içimdəki o torpaq
yanğısı soyumur. Onu susdura bilmirəm. Mənim üçün burda gördüyüm hər bir Azərbaycanlı
vətəndaş çox doğmadır. Həyatda valideynlərimi itirmişəm. Baxmayaraq ki, Azərbaycanda
doğmalarım yoxdur, yenə də tanıdığım yaxınlarım mənə çox doğma və əzizdirlər.
"İnsan öz doğmalarını, əzizlərini görmədən necə yaşaya bilər” sualını versəniz,
cavabım "biz yaşamırıq” olacaq.

"Vətən sənin
bir addımlığında olur, əlini uzadırsan, amma...”
Parisdə fəaliyyət göstərən "Azərbaycan Evi”nin sədri, Azərbaycanın Dostları Assosiasiyasının baş
katibi Mirvari Fətəliyeva17 ildir Fransada yaşayır. Deyir ki, Parisə
getdiyi ilk illər çox darıxıb və vətən üçün burnunun ucu göynəyib: "Açığı deyim
ki, insanın həyatında elə anlar olur ki, doğma vətən sənin bir addımlığında
olur, əlini uzadırsan, amma ona çata bilmirsən. Darıxıram, əlbəttə ki... Ölkəmin
hər qarışı mənim üçün cənnətdir, əzizdir. Ən çox doğulub-boya başa çatdığım
Qubadlı rayonu, Xanlıq kəndi üçün darıxıram. Bütün uşaqlıq xatirələrim ora ilə
bağlı olduğu üçün tez-tez o məkanı yuxularımda da görürəm. Özü də yuxu kimi
deyil, gerçək həyat kimi. Təəssüf ki, artıq 25 ildir o məkanı görmək nə mənə, nə
də minlərlə həmvətənlilərimizə qismət olmayıb. 17 ildir ki, ayrı düşdüyüm ailəm
üçün çox darıxıram. Baxmayaraq ki, tez-tez Azərbaycana gəlirəm, onları görürəm”.

"İstədim ki, qızlarım da Şuşanı unutmasınlar”
20 ildən artıqdır ki, Parisdə yaşayan Azərbaycanlı ifaçı Təranə Allahverdiyeva-Monbarbü ilə söhbətimizdə də gözlərində
vətən sevgisi hiss olunurdu. Şirin
Qarabağ ləhcəsini unutmayan müsahibimizin dilindən Şuşa kəlməsi
düşmürdü.İki qız övladı olan Təranə Allahverdiyeva onlara Ulduza Şuşa və
Leyli Şuşa adlarını qoyub. Deyir ki, hər dəfə onların adlarını çəkəndə, Şuşanı
xatırlayır. Müsahibimin sözlərinə görə, hazırda Şuşa işğal olunduğu üçün ora əli
çatmır, ancaq qızlarından Şuşanın qoxusunu alır: "Qızlarım dünyaya gələndə,
yoldaşım Eriklə belə qərara gəldik ki, hər ikisinə azərbaycanlı adı
qoyaq. Ulduza nənəmin, Leyli isə anamın sevdiyi addır. Bu adı ona görə qoyduq
ki, uşaqlar Şuşanı unutmasınlar və bilsinlər ki, onların bir tərəfi azərbaycanlıdır.
İstədim ki, mənim kimi, qızlarım da Şuşanı unutmasınlar. Şuşanı onsuz da
unutmaq mümkünsüzdür”.
Parisdə Azərbaycan musiqisini təbliğ edən
ifaçımız öz təəssüratlarını bölüşərkən onu da qeyd etdi ki, 20 ildir vətəndən
ayrı yaşayır, ancaq Azərbaycan üçün burnun ucu göynəyir: "Vətənim üçün çox darıxıram.
İnsan vətəndən ayrı yaşayanda sanki vətənə daha çox bağlanır. Özündən asılı
olmayaraq ölkəsinin hər xırda bir uğuruna o qədər sevinir ki, sanki dünyaları sənə
veriblər... Ən çox da nənəm, Qarabağım, Şuşam, Laçınım, oradakı doğma evim üçün
darıxıram. Oradakı uşaqlıq dostlarım, xatirələrim üçün darıxıram... Çox
darıxıram”.

"Qəriblik sağalması da öz əlimizdə olan bir
"nasazlıq"dır”
Azərbaycan-Amerika
Qadın Cəmiyyətinin, Nyu-York "Azərbaycan Evi”nin rəhbəri Minəvvər Vahabova
(Kaşiyeva) deyir ki, 10 ildir ki, Amerika Birləşmiş
Ştatlarında yaşasa da, ürəyi vətənlə döyünür: "Düzünü deyim ki, dəlicəsinə nostalji hisslər zaman-zaman gəlir
insana. Birdən elə olur ki, həmin andaca bilet alıb Bakıya uçmaq gəlir insanın
ağlına. Doğrusu, Azərbaycan üçün və ən əsası Bakıdakı ocağım üçün darıxıram.
Ancaq ürəyimin ən kövrək telləri doğulub boya-başa çatdığım Şəkim üçün əsir. Məktəbə
getdiyim o daşlı küçələr, qarda yıxılıb-durduğum yollar məni özünə yaman çəkir
hərdən. Hətta rəsmlərə baxıb hönkürdüyüm zamanlar da olub. Bir sözlə, qəriblik
insanların könüllü olaraq qəbul etdiyi "nasazlıqdır" məncə, sağalması
da öz əlimizdə olan bir "nasazlıq"”.

Şuşada anadan olub Almaniyada Münhen orkestrinin
baş dirijoru olan azərbaycanlı musiqiçi Fuad İbrahimov isə deyir ki,
vətən həsrəti həsrətlərin ən böyüyüdür: "Mənim doğulub boya-başa çatdığım Şuşa
hər gün yuxularıma girir. Şuşanı yuxumda elə görürəm ki, sanki bütün ömrümü
orada yaşamışam. Çünki Şuşanı hər xırdalığına qədər yaxşı xatırlayıram. Bəzən
oyanıb yuxumu anama danışıram. Ailə üzvlərimdən kiməsə yuxularımı danışanda, soruşur ki, sən bunu
necə yadında saxlayıbsan? Sən yuxunu bu qədər dəqiqliklə görürsən?”
Onlar qürbət
qaranquşlarıdır. Hər nə qədər bizdən, vətəndən uzaqda yaşasalar da qəlbləri bu
torpaq üçün atır. Hər gecə yuxularında da olsa, vətənlərini ziyarət edirlər.
Onlar üçün vətən, müqəddəslik simvoludur.
Heç vaxt yadımdan çıxmaz, bir gün ABŞ-da
yaşayan yazar Sevinc Səfərovaya bir sualla müraciət etmişdim: "Qürbətdə
yaşayanlar niyə sosial şəbəkələrdə həsrətli statuslar yazırlar?” Aldığım
cavab mənə çox təsir etmişdi: "Vətən həsrəti
doğma dilində danışmaqdan məhrum olmaq deməkdir. Bilirsən bu, insan üçün necə
böyük faciədir? Yox, çətin anlayasan. Vətən həsrəti hər gün vətənə bir gün dönəcəyinin
həsrətdolu ümidi iləyaşamaqdır. Vətən həsrəti üzdə gülmək, gözdə
yaşamaqdır vətən sevgisini. Vətən həsrəti qərib ölkədə cəhənnəmi yaşamaqdır, vətən
necə olursa olsun, vətənini cənnət bilməkdir, insanları necə olursa olsun,
onları ən yaxşı bilməkdir…Vətən həsrəti, ayağının yenidən vətənin torpağına
basdığını xəyal etməkdir. Vətən həsrəti vətənə dönmək üçün aldığın bileti əlində
tutmağın, saatları, dəqiqələri saymağın
sevincidir. O bilet, sənin üçün cənnətə gedən yoldur”.
Xəyalə Rəis
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və
Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinə təqdim
edilir
