Qonşu cığallığı - TƏHLİL
Azərbaycan
hərbi və siyasi yolla öz ərazilərini işğaldan azad etdikdən sonra yeni obrazda
beynəlxalq münasibətlər və əməkdaşlıq sistemində iştirak edir. İran postmünaqişə
mərhələsindəki Azərbaycanla daha yaxşı münasibətlərin qurulması haqqında düşünməlidir.
Bu, Tehranın da maraqlarına cavab verir
Azərbaycan
44 günlük Vətən Müharibəsində qələbə qazanaraq öz ərazi bütövlüyünü təmin edib.
Bu hadisə dostları sevindirməklə bərabər, ölkəmizə qarşı düşmən mövqe tutanları
ciddi qayğılandırıb. Biz regionda yalnız işğalçı Ermənistanı düşmən obrazında
görsək də, təəssüf ki, qonşu İran da onun yanında yer alıb. İkinci Qarabağ
savaşının gedişində öz hava dəhlizini erməni silah qaçaqmalçılarına açıq elan
edən, ərazisindən Ermənistana hərbi təyinatlı yüklərin daşınmasına şərait
yaradan İran müharibədən sonra da qərəzli davranışları ilə diqqət çəkib.
Cənub qonşumuzun davranışı
Prezident İlham Əliyevin təbirincə desək, gah
İranın hansısa əyalət mollası, ayrı-ayrı rəsmi şəxsləri Azərbaycanın ünvanına hər
hansı sübutu, dəlili olmayan ittihamlar səsləndiriblər, gah da Gorus-Qafan
yolunun Azərbaycandan keçən hissəsi ilə İrandan Xankəndindəki separatçılara naməlum
yüklər daşınıb, bu məqsədlə bir sıra saxtakarlıqlara əl atılıb. Cənub
qonşumuzun təəssüflə izlədiyimiz bu davranışlarına səbəb nədir? Ortaq tarixə, mədəniyyətə,
İslam dəyərlərinə sahib olduğumuz ölkə niyə belə davranır? Bakı-Tehran münasibətlərini
kimlər və nə üçün gərginləşdirmək istəyir?
Haqlı olduğumuzu bilirik
Mövzu ilə bağlı fikirlərini "Kaspi” qəzetinə bölüşənmillət vəkili Ceyhun Məmmədov deyib ki, Prezident İlham Əliyev Cəbrayıl
ictimaiyyəti qarşısında çıxış edərkən son dövrlər İranın Azərbaycana qarşı sərgilədiyi
mövqeyə xüsusi toxunub, bir daha İran tərəfinə xəbərdarlıq edib. Onun sözlərinə
görə, indiyə qədər rəsmi Bakı İranın davranışları ilə bağlı dəfələrlə
narazılığını Tehrana çatdırsa da, buna əhəmiyyət verilməyib: "İranın ayrı-ayrı
rəsmi şəxsləri, din xadimləri tərəfindən Azərbaycana qarşı müxtəlif ittihamlar
səsləndirilib. Biz haqlı olduğumuzu bilirik. İmkan vermərik ki, hansısa xarici
dövlət Azərbaycanın daxili işinə qarışsın. İran tərəfi də bunu nəzərə almalı,
Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, müstəqil siyasətinə hörmətlə
yanaşmalıdır”.
İran işğalçı ilə əlaqələri daha da yaxşılaşdırır
Deputat ərazilərimiz 30 ilə yaxın bir müddətdə Ermənistan
işğalı altında saxlanılanda, Araz çayı boyunca sərhəddə İranın bir dəfə olsun hərbi
təlim keçirmədiyinə diqqət çəkib: "Nə üçün Azərbaycan öz ərazilərini işğaldan
azad etdikdən sonra İran belə təlimlər keçirir? Rəsmi Tehranın məqsədi nədir,
bununla nəyə nail olmaq istəyir? Bu hərbi təlimlər Azərbaycan-Türkiyə təlimlərinə
cavabdırmı? Yoxsa rəsmi Bakı Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsinə
nəzarəti gücləndirdiyinə cavabdır bu? İran işğalçı Ermənistanla əlaqələri daha
da yaxşılaşdırır, Azərbaycana qarşı əsassız ittihamlar səsləndirir. Bu,
yolverilməzdir, qəbuledilməzdir. Azərbaycanın regionda yaratdığı yeni reallıqla
hər kəs barışmaq məcburiyyətindədir, hamı bunu nəzərə almalıdır”.
Ədalətsiz mövqe
Milli Məclisin üzvü Elşad Mirbəşiroğlu isə qəzetimizə açıqlamasında vurğulayıb ki, Azərbaycanın
xarici siyasətinin başlıca prinsiplərindən biri qonşu dövlətlərlə dinc, yanaşı
mövcudluqdur: "Azərbaycan-İran münasibətlərində müəyyən dövrlərdə gərginlik
müşahidə olunsa da, ümumilikdə hər zaman inkişaf etdirilib. Müxtəlif əməkdaşlıq
istiqamətləri müəyyənləşdirilib, birgə layihələr həyata keçirilib. Şimal-Cənub
nəqliyyat dəhlizi həm Azərbaycanın, həm də İranın strateji maraqlarına
uyğundur. Azərbaycanın birbaşa iştirakı ilə Rəşt-Astara dəmiryolu çəkilməkdədir.
Bu kimi birgə layihələrin mövcudluğu, perspektivli iqtisadi əməkdaşlığın
qurulması fonunda İranın Azərbaycana münasibətdə sərgilədiyi mövqe ədalətsizdir”.
Yeni reallıqlar İranı ciddi narahat edir
Deputat söyləyib ki, İranın nümayiş etdirdiyi qərəzli
mövqe bir sıra amillərlə bağlıdır: "44 günlük Vətən Müharibəsi nəticəsində Azərbaycan
öz torpaqlarını işğaldan azad etdi, Cənubi Qafqaz regionunda yeni geosiyasi
reallıqlar formalaşdırdı. Ola bilsin, bu reallıqlar İranı ciddi şəkildə narahat
edir. Çünki yeni geosiyasi konfiqurasiya Azərbaycanla Türkiyənin əməkdaşlıq
platforması çərçivəsində Cənubi Qafqazda rolunu daha da təsirli edir. Proseslərin
məhz Azərbaycanla Türkiyənin maraqlarına uyğun inkişafına şərait yaradır.
Görünür, bir sıra ölkələr, o cümlədən İran bundan narahatlıq keçirir. İran Zəngəzur
dəhlizi ilə bağlı da qeyri-konstruktiv mövqe sərgiləməkdədir. Tehranda düşünürlər
ki, Zəngəzur dəhlizi açıldıqdan sonra İranla Ermənistan arasında əlaqə məhdudlaşacaq.
Halbuki rəsmi Bakı İrana Azərbaycan ərazisi üzərindən Ermənistana sərnişin və
yük daşımalarını həyata keçirməyi, ümumən nəqliyyat əlaqələrini gerçəkləşdirməyi
təklif etmişdi. Rəsmi Tehran yalnız öz maraqlarına uyğun reallıqların olmasını
istəyir. Bu isə mümkün deyil”.
Tehran üçün optimal yol
Politoloq diqqətə çatdırıb ki, İran-Ermənistan
yaxın əlaqələri başqa bir paradoksal halı da ortaya qoyur: "Ermənistanda İranın
özünə bir nömrəli düşmən hesab etdiyi ABŞ-ın ən böyük səfirliyi fəaliyyət göstərir.
Postsovet ölkələri içərisində ABŞ-ın böyük səfirlik heyəti yalnız Ermənistandadır.
Bu gerçəkliyi nəzərə alsaq, ortaya belə bir sual çıxır: necə olur ki, ABŞ-ın
güclü təsiri altında olan Ermənistanla İranın bu qədər yaxın münasibətləri
formalaşıb? İranın son dövrlər Azərbaycanla bağlı sərgilədiyi mövqe ölkələr
arasındakı münasibətlərin, əməkdaşlığın xarakterinə uyğun deyil. Azərbaycan hərbi
və siyasi yolla öz ərazilərini işğaldan azad etdikdən sonra yeni obrazda beynəlxalq
münasibətlər və əməkdaşlıq sistemində iştirak edir. İran postmünaqişə mərhələsindəki
Azərbaycanla daha yaxşı münasibətlərin qurulması haqqında düşünməlidir. Bu,
İranın da maraqlarına cavab verir”.
Rufik İSMAYILOV