• cümə, 19 Aprel, 14:38
  • Baku Bakı 25°C

Qışda yaz ovqatlı səfər - REPORTAJ

08.01.22 10:00 618
Qışda yaz ovqatlı səfər - REPORTAJ
Önümüzə çıxan sərt yoxuşlar gözlərimizi qaraldır, təzyiqdən qulaqlarımız batır, sürücünün peşəkarlığına rəğmən, həyəcanlı anlar yaşayırdıq. Azərbaycan hərbçilərinin necə böyük maneələri dəf edərək Şuşanı azad etməsi bizə indi daha aydın olurdu.
Şuşada heç vaxt olmamışdım. Bu şəhər barədə təəssüratlarım imzasına bələd olduğum həmkarların acılı-şirinli xatirələrindən ibarət idi. Bir də oxuduğum ədəbi əsərlərdən, tarixi kitablardan tanımışdım, sevmişdim Şuşanı. Vətən torpağının hər qarışı kimi Pənahəli Xan Cavanşir yurdunu özümə ruhən yaxın bilmişdim.


Məcburi köçkün həyatı yaşayanlar

Ola bilsin, bu yaxınlıq, doğmalıq digər məcburi köçkünlərlə, o cümlədən şuşalılarla eyni taleyi yaşamağımla da bağlı idi. 1988-ci ilin qarlı-şaxtalı qış ayında ailəliklə Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kəndindən deportasiya olunmuşduq. Ailəmiz əvvəlcə Kəlbəcər rayonunda, daha sonra Bakı şəhərində məskunlaşdı. O zaman cəmi 6 yaşım var idi. Buna baxmayaraq, Nərimanlıda yaşadıqlarım, gördüklərim indiyə qədər də kino lenti kimi gözlərim önündə canlanır. Yaddaşıma dərin iz salan, bir növ psixoloji zədə yaşadan əsas xatirə qaçqınlıq həyatıdır.


Zəfər Yolu ilə Şuşaya doğru

Üstündən 34 il keçsə də Kəlbəcərin sərt qarlı aşırımlarında bir-birinin ardınca düzülən köç karvanını, sürüşüb dərəyə aşan yük avtomobillərini, sənədləri yoxlamaq üçün qarşımızı kəsən, insanlarla kobud rəftar edən rus əsgərlərini, lüləsi üzərimizə tuşlanan və vahimə yaradan tankları unuda bilmirəm. İndiyə qədər dəfələrlə ötüb keçdiyim Ağsu, İsmayıllı, Şamaxı, Göygöl-Toğanalı aşırımlarında hər dəfə bu mənzərə gözlərim önünə gəlib, əhvalım korlanıb. Doğma el-oba həsrəti, bizləri didərgin salanlara bəslənən nifrət, intiqam hissi ürəyimi göynədib. Medianın İnkişafı Agentliyinin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Şuşaya təşkil edilən mediatur zamanı yolumuz yenidən aşırımlardan keçirdi. Qalib Azərbaycan Ordusunun qəhrəmanlıqla addımladığı Zəfər Yolu ilə Şuşaya doğru gedirdik. Təbii ki, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyərək.


Əminlik və inam

Xocavənd ərazisində önümüzə çıxan sərt yoxuşlar gözlərimizi qaraldır, təzyiqdən qulaqlarımız batır, sürücünün peşəkarlığına rəğmən, həyəcanlı anlar yaşayırdıq. Azərbaycan hərbçilərinin necə böyük maneələri dəf edərək Şuşanı azad etməsi bizə indi daha aydın olurdu. Bu hiss və həyəcanla yanaşı, həm də sevinir, gözlərimiz, ürəyimiz gülürdü. Uşaq ikən yaşadığım zədənin yerini tədricən ümid əvəzləyirdi. Nə vaxtsa Göyçəyə - doğma Nərimanlıya elə bu şəkildə qayıdacağıma böyük əminlik və inam yaranırdı. Bax, o zaman Kəlbəcərdən Basarkeçərə doğru uzanan aşırımların da qarı-buzu əriyəcək, yollar yaşıllığa, gül-çiçəyə bürünəcək. Hayların əlində əsir olan yurdumuz öz əzəli-tarixi sakinlərinin üzünə güləcək. Eynən Şuşanın bizi qarşıladığı kimi.


Xalqımız üçün müqəddəs məkan

Bütün fəsillərdə başından duman əskik olmayan şəhərdə qış fəslində yaz havası yaşanırdı desəm, yanılmaram. Hava xoş olduğu üçün Bazar başı meydanı, Yuxarı Gövhər Ağa Məscidi, Bülbülün Ev Muzeyi, Şuşa qala divarı, "Xan qızı” bulağı, Cıdır düzü və digər görməli yerləri gəzib, 28 illik işğala – ayrılığa rəğmən, əzəmətini qoruyub saxlayan Şuşanı daha yaxından tanıdıq.Vaxtilə Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynayan Şuşada indi böyük tikinti-quruculuq, abadlıq, bərpa işləri həyata keçirilir. 28 illik işğal dövründə dağıdılan yüzlərlə tarix və mədəniyyət abidəsi hissə-hissə əvvəlki görkəminə qaytarılır. Buna misal olaraq Şuşanın Baş planının hazırlanmasını, Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılmasını, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışlarını, həmçinin tarixi, dini və memarlıq abidələrinin bərpası istiqamətində həyata keçirilən kompleks tədbirləri göstərmək olar. Qısa vaxt ərzində "Xarı Bülbül”, "Qarabağ” otellərinin yenidənqurmadan sonra açılışı olub, Şuşa Rəsm Qalereyası bərpa edilib. Şuşa şəhərində və Daşaltıda yeni məscidlərin, Şuşa 1 saylı ümumtəhsil məktəbinin, "Otel və Konfrans Mərkəzi”nin, Radio-Televiziya Yayım Stansiyasının, Mərkəzi Xəstəxananın təməli qoyulub, Xüsusi nümayəndəliyin yerləşəcəyi inzibati binada, Aşağı Gövhər Ağa məscidində, Mehmandarovların malikanə kompleksində bərpa işlərinə başlanılıb.


Böyük Qayıdışın başlanğıcı

Şuşa ilə tanışlıq zamanı aydın oldu ki, tarixi-memarlıq üslubu saxlanılmaqla şuşalılar üçün tamamilə yeni şəhər salınacaq. Ümumi sahəsi 46.765 kvadratmetr olacaq yeni yaşayış massivi 6 məhəllədən ibarət olacaq. Bu məhəllələr üzrə əhali sayı 2020 nəfər nəzərdə tutulur. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən artıq 1-ci məhəllənin təməli qoyulub, müəyyən işlərə start verilib. Quruculuq işlərinin təşkilində çevikliyin, səmərəliliyin təmin olunması üçün Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi də yaradılıb. Sadalanan faktlar, həmçinin Şuşada "Xarıbülbül” musiqi festivalının, Vaqif Poeziya Günlərinin, eyni zamanda rəsmi tədbirlərin keçirilməsi bir daha onu göstərir ki, Azərbaycanın mədəniyyət paytaxtı sürətlə dirçəlir, tədricən əvvəlki qaynar həyatına dönür. Bu, bütün azərbaycanlıları, o cümlədən qaçqın və məcburi köçkünləri də sevindirir, tezliklə Böyük Qayıdışın başlanacağından xəbər verir.

Rufik İSMAYILOV




banner

Oxşar Xəbərlər