Qərb Cənub dəhlizinə üz tutur
NATO Avropanın Rusiya qazından asılılığına
son qoymaq üçün yeni kəmər inşa etmək planını işə salır.Avropanın ümidi həm də alternativ və
etibarlı təchizatçıların tapılmasınadır.
Avropa yarım əsrlik
tarixi ərzində qazla bağlı ən ciddi problemini yaşayır və hadisələrin gedişi gərginliyin
daha da artacağından xəbər verir. Ukraynaya görə yaşanan gərginlik artacağı
təqdirdə Avropanın hətta qaz blokadasına alınma təhlükəsi yaşana bilər. Düzdür,
avropalılar bu qışı birtəhər başa vura biləcək. Lakin müharibə baş verəcəyi
təqdirdə Avropanın daha bir neçə il Rusiya qazı ilə bağlı sıxıntıya tab gətirə
biləcəyi şübhə doğurur. Təkcə bu il yaşanan çətinliklər avropalıların və
rusların çiyinlərinə düşsə də, bundan daha çox qazanan amerikalılar və
qətərlilər, eləcə də, "Qazprom"un digər rəqibləri olub. Gərginlik
səngisə və tərəflər arasında barışıq əldə olunsa belə, 2021-22-ci illər Rusiya
və Avropa arasında energetika sahəsində münasibətlərə ciddi zərbə vurmuş
olacaq. Qərb mediası, konkret olaraq BBC-nin müraciət etdiyi ekspertlər də
vurğulayırlar ki, Avropa İttifaqı, yəqin ki, buraxılan səhvlərdən nəticə
çıxaracaq. Diqqət ilk növbədə yaxın keçmişdə diqqətdə olan iki siyasi proqrama
söykənəcək. Birincisi, Avropa "yaşıl” enerjiyə gedən yolda əsas keçidi qaz
üzərində cəmləşdirməli olacaq. İkincisi - əsas qaz tədarükçüsü kimi Rusiya ilə
münasibətlərin normal saxlanması gündəmdə olmalıdır. Avropa istəsə də, istəməsə
də bunu etməlidir. Hələ 10 il əvvəl Rusiyanın ixrac inhisarçısı "Qazprom”
Aİ-nin təbii qaza olan tələbatının 25 faizini təmin edirdi və son illərdə bu
asılılıq 40-a çatıb. Rusiyaya gəldikdə, Moskva da etibarlı təchizatçı kimi
reputasiyasının itirilməsi ilə barışmalı olacaq.
"Qazprom” klapanları bağlasa...
Qeyd edək ki, gərginlikdən əvvəl Kreml Avropaya Rusiya qazı olmadan
qalmağın necə olacağını dadızdırıb. "Qazprom” klapanları bağladı - əvvəlcə
Avropanın qaz anbarlarını doldurmaqdan imtina etdi, sonra oktyabr ayından
qiymətlərin dörd dəfə artmasına baxmayaraq, ümumiyyətlə, qaz satmaqdan imtina
etdi. Əvəzində qiymətlərin bir neçə dəfə aşağı olduğu uzunmüddətli müqavilələr
üzrə öhdəliklərini yerinə yetirdi. Nəticədə, Avropa təcili olaraq qaz
axtarışına çıxdı, kəsirini hədsiz baha qiymətlərlə doldurmalı oldu. Fəsadlara
gəldikdə qaz və elektrik enerjisinin fantastik qiymətləri sənayenin
gəlirliliyinə xələl gətirir, nəticədə müəssisələr dayanıb. Hakimiyyət
subsidiyalar üçün büdcə vəsaitlərini müəssisələrə və vətəndaşlara yönəltmək
məcburiyyətində qalıb. Məsələn, Bolqarıstanın bəzi ərazilərində elektrik
enerjisi və qazın bahalaşması ilə əlaqədar axşam saat 21:30-dan səhər 7-dək
küçələrdə işıqlar söndürülür və mühafizə üçün əlavə polis dəstələri göndərilir.
Aİ-nin hesablamalarına görə, bu böhrandan əvvəl birliyin 27 ölkəsində 30
milyondan çox insan evdə rahat temperatur saxlamaq imkanına malik deyildi. İndi
isə bu göstərici daha da artıb. İşıq və qaz üçün ödənişlər tədricən artmaqdadır
və indiyə qədər hər kəs baş verənlərin ciddiliyini tam hiss etməyib. Lakin
zərbə qaçılmazdır: ilin sonuna qədər Avropanın orta ev təsərrüfatlarında qiymətin
50% artacağı proqnozlaşdırılır.
NATO-nun qaz kəməri planı reallaşa bilərmi?
Belə
bir durumda hətta NATO da çıxış yolu aramaq fikrinə düşüb. Mərkəzi Avropanın
Rusiyadan qaz asılılığını azaltmaq istəyən NATO üzvləri İspaniya Kataloniyasını
Fransa və Almaniya ilə birləşdirəcək qaz kəməri çəkməyi düşünür. Bu barədə "La Vanguardia” nəşri
yazıb. "Almaniya bu layihəyə böyük maraq göstərir. Çünki Avropa İttifaqı
Almaniyanın Rusiya qazından yüksək asılılığını özünün geostrateji zəif
cəhətlərindən biri adlandırır”, - nəşr bildirib. Qəzetin məlumatına görə, Midcat boru kəməri təşəbbüsü 3 il əvvəl
İspaniya və Fransa tənzimləyiciləri tərəfindən bloklanıb, çünki onlar qazın
bərpa olunan enerji mənbələri ilə sürətlə dəyişdirilməsi kontekstində bunun
iqtisadi cəhətdən səmərəli olmayacağını hiss ediblər. "Əlcəzair qazını və
mayeləşdirilmiş qazı Avropanın mərkəzinə göndərmək üçün yeni kəmər inşa edilə
bilər", - deyə nəşr qeyd edir. Qazın Avropanın "ürəyi”nə çatdırılması üçün
Fransa ilə yeni transsərhəd əlaqənin mümkün yenidən başlanması məsələsi hazırda
NATO-nun iş masasındadır. Birləşmiş Ştatlar Berlinə "Şimal axını-2” qaz
kəmərinin qeyri-müəyyən müddətə dayandırılması üçün ciddi şəkildə təzyiq edir.
Bununla belə, Almaniya öz sənayesini riskə atmaq istəmir. Hazırda Avropa
ölkələri qazın böyük hissəsini Rusiyadan "Şimal axını-1”, "Yamal-Avropa”, "Türk
axını” qaz kəmərləri, eləcə də Ukrayna ərazisindən keçən qaz kəmərləri ilə
alır. 2021-ci il sentyabrın 10-da "Şimal axını-2”nin tikintisi tam başa çatsa
da, hələ də ondan istifadə edilmir.
Avropa ümidini Azərbaycana dikib
Avropa üçün belə durumda digər həll alternativ qaz təchizatçılarının
axtarışı ola bilər. Artıq buna doğru da addım atılır. Avropa komissarı Kadri
Simson bu məqsədlə fevralın 4-də Bakıya uçub, sonra isə Vaşinqtona gedib.
Azərbaycan qaz kəməri ilə Bolqarıstan, Yunanıstan və İtaliyaya cəmi 10 milyard
kubmetr qaz nəql edir, lakin onun Avropa balansında payı və onun artırılması
imkanları minimaldır.
Bir faktı qeyd etmək yerinə düşər ki, Azərbaycan etibarlı
tərəfdaş olduğunu təsdiqləyib, yəni ölkəmiz enerji satışını heç zaman siyasi
təzyiq alətinə çevirməyib. Faktlar da kifayət qədərdir. Əksər ölkələr buna
getdiyi halda, Azərbaycan mavi qaza tələbatın artdığı zaman fürsətdən istifadə
edib qiymət artımı ilə sazişlərin yenilənməsini də tələb etməyib. Buna görə də
Azərbaycan Avropa üçün cəlbedici ölkələrdən birincilər sırasındadır. Bakıda
keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında da prezident
İlham Əliyev Azərbaycanın güvənilən bir tərəfdaş olduğunun tam xarakterizə
edildiyini xatırladıb.
O ki qaldı Azərbaycanın qaz
ehtiyatlarına, bu kifayət qədər genişdir. Azərbaycanın təsdiq edilmiş qaz
ehtiyatı 2,6 trilyon kubmetrdir. Yeri gəlmişkən, Azərbaycanla yanaşı, qardaş
Türkiyənin də tranzit ölkə kimi rolu artmaqdadır. Regional enerji habına
çevrilən Türkiyə təbii qaz təchizatı şəbəkəsini genişləndirmək, öz qaynaqlarına
İraq və İsrail qazını da əlavə etmək niyyətindədir. Bir çox ölkədən təbii qaz
alan Türkiyə tədarük təhlükəsizliyini yeni alternativlərlə təmin etməyi
hədəfləyir. Türkiyənin bu il üçün illik təbii qaz istehlakı gözləntiləri
təxminən 60 milyard kubmetrdir. Yaxın günlərdə hər iki ölkə ilə bu çərçivədə
danışıqların aparılacağı gözlənilir.
Azər NURİYEV