Qədim Astaranın yeni siması - Fotolar

"Dənizin ləpələrinin dağların ətəklərini
yuması və öpməsi” barədə qədim yunan filosoflarının söylədiyi fikirlər Astaraya
qonaq gələn insanlar üçün romantika deyil, əsil reallıqdır. Qədim dünya alimlərinin
kitablarında, səyyahların qeydlərində, coğrafiyaşünasların xəritələrində əksini
tapan bu əsrarəngiz rayon ölkəmizin əski və inkişaf etmiş bölgələrindən
sayılır. Görkəmli səyyahlar ərazidəki torpaqların yüksək məhsuldarlığa, burada
yaşayan xalqın gözəl folklor nümunələrinə malik olmasını qeyd edirdilər. Tarixi
İpək yolunun üzərində yerləşib, qədim yaşayış məntəqəsi kimi Orta, Ön, Kiçik
Asiya dövlətləri, Çin, Hindistan və ərəb dünyası arasında əlaqələrin
qurulmasında rol oynayan bu bölgə hazırda da ölkəmiz üçün əhəmiyyətini qoruyub
saxlamaqdadır.

Dövlət başçısının elan etdiyi Cümhuriyyət
İlində müstəqilliyimizin ölkəmizə bəxş etdiyi inkişafla, regionlarda həyata
keçirilən iqtisadi, sosial və mədəni layihələrin yaratdığı dəyişikliklərlə
yerində tanış olmaq üçün "Region” layihəsi ilə cənub bölgəsinin bu qədim
diyarına – Astara rayonuna səfər etdik.

Rayonun inkişafı üçün görülən işlər
Astara Rayon İcra
Hakimiyyətində 2017-ci il ərzində rayonda tikinti-abadlıq və quruculuq sahəsində
xeyli iş görüldüyünü bildirdilər. Minlərlə insanın yaşadığı ərazini əhatə edən,
mürəkkəb relyefə malik Taxtanakəran-Toradi və Taxtanakəran-Miki avtomobil
yolunun çəkilişi başa çatdırılıb ki, bu istiqamətdə yerləşən 38 yaşayış məntəqəsinin
12 min nəfər əhalisinin ən böyük problemi həllini tapıb. Pəlikəş kənd sahə xəstəxanası
üçün müasir tipli bina tikilərək istifadəyə verilib. Regionların 2014-2018-ci
illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına salınan Astara şəhəri və ətraf
qəsəbələrin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin
icrası istiqamətində işlər hazırda davam etdirilir.

Tarixən elektrik
enerjisi olmayan Şəvqo kəndi elektrik enerjisi ilə təmin edilib. Beynəlxalq əhəmiyyətli Ələt-Astara avtomobil
yolunun Astara rayonu ərazisindən keçən
hissəsində tikinti işləri
başa çatdırılmaq üzrədir: "Bu avtomobil yolunun tikintisi turizmin, kənd təsərrüfatının və iqtisadiyyatın bütün sahələrinin
inkişafına sanballı töhfə verəcək”. Rayonun ərazisindən keçən "Şimal-Cənub”
beynəlxalq nəqliyyat dəhlizinin Astara stansiyasından İran sərhədinə qədər olan
hissədə 8,3 km-lik yeni dəmir yolu xəttinin və Astara çayı üzərində 85 metrlik
dəmir yolu körpüsünün tikintisində işlər yekunlaşıb. Şəhərin su təchizatının
yaxşılaşdırılmasından ötrü Xanbulançay su anbarından Astara şəhərinə çəkilən
içməli su xətti layihəsi çərçivəsində görülən işlər yekunlaşmaq üzrədir.

62 ümumtəhsil məktəbi, iki məktəbdənkənar təhsil müəssisəsinin olduğu
rayonda 2003-2017-ci illər ərzində 9440 şagird yerlik 34 məktəb, o cümlədən Heydər Əliyev Fondunun təşəbbüsü
ilə 1720 şagird yerlik 5 məktəb binası inşa edilib, bir neçə məktəb binası əsaslı
təmir edilib. Hal-hazırda Təhsil Nazirliyi tərəfindən Bala Şahağac kənd ümumi
orta məktəbi üçün 96, Siyatük kənd ibtidai məktəbi üçün 56 şagird yerlik modul
tipli məktəb binasının tikintisi davam
edir.

"2018-ci ildə start veriləcək ən böyük layihə dəmir yolunun köçürülməsi
olacaq. Dəmir yolu Ələt-Astara magistral yoluna paralel salınacaq” - deyə İcra Hakimiyyətinin İctimai-siyasi şöbəsinin
müdir müavini Mərasim Hacıyev bildirir: "Dəniz sahili genişlənəcək və dənizlə
sərhəd aradan qaldırılacaq. Həmçinin ərazidə infrastruktur layihələr həyata
keçiriləcək. Ələt-Astara yolu istifadəyə veriləndən sonra Lənkəran hava limanından
Astaraya məsafə 15 dəqiqə təşkil edəcək ki, bu da rayona gələcək turistlər üçün
əlverişli olacaq. Dağlara çəkiləcək avtomobil yolları isə ekoturizmin inkişafına
kömək edəcək”.

İran sərhədinə qədər
Tikinti-quruculuq sahəsində rayonda həyata keçirilən ən böyük layihələrdən
biri də park-bulvar ərazisinin genişləndirilməsidir. Ölkə rəhbərinin 8 iyun
2017-ci il tarixli Sərəncamına uyğun olaraq, Astara şəhərindəki park-bulvar kompleksinin
genişləndirilməsi ilə əlaqədar ayrılan vəsait hesabına tikinti işlərinə
başlanılıb, hazırlanmış layihəyə əsasən nəzərdə tutulan işlər ardıcıl olaraq həyata
keçirilir. 8 ha
ərazidə Bayraq meydanı, şəlalə, fantan, fitnes və uşaq əyləncə meydançasının
tikintisinə başlanılıb, hazırda işin icrası müvəffəqiyyətlə davam etdirilir.

İran sərhədinə yaxın ərazidə 50 metrdən çox hündürlükdə Azərbaycan bayrağı
dalğalanacaq. Astaranın rəmzi kimi 450 metrlik qala divarı tikiləcək və yanında
yaradılacaq açıq səma altında muzeydə rayonun tarixini əks etdirən nümunələr sərgilənəcək.
Park-bulvarın bütünlüklə may-iyun aylarında istifadəyə verilməsi nəzərdə
tutulur.

Park Bulvarın "Lumiland istirahət mərkəzi”ndə yerləşən və dünyanın ən
böyük təndiri hesab olunan təndir Ginnesin rekordlar kitabına düşüb. Yay
aylarında təndirin içərisində çörək və milli yeməklər bişirilir. Ərazidə çimərlik
yerləri, çimərlik voleybolu yeri də mövcuddur. İstirahət mərkəzi dekorativ
ağaclarla bəzədilib. "İki ildir ki, Novruz bayramı burada qeyd olunur. Yay
ayları istirahət mərkəzində xüsusi qələbəlik olur. Hər gün canlı konsertlər
keçirilir. Təkcə bölgədən deyil, həmçinin İrandan, Rusiyadan və xarici ölkələrdən
insanlar istirahət etməyə və əylənməyə gəlir”. Hazırda rayonda «Balıqçı»,
«Ceyhun”», «Abşeron», AAF, «Çayqırağı» və «İstisu» kimi istirahət mərkəzləri fəaliyyət
göstərir.

Çayçılıq, çəltikçilik, sitrusçuluq
Respublikamızda qeyri-neft sektorunun,
xüsusilə kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı ölkə rəhbərinin
tapşırıq və tövsiyələrinə uyğun olaraq Astarada da tədbirlərin həyata keçirilməsi
davam edir. M.Hacıyev
bölgədə əhalinin əsas dolanışığının əkinçilik, çəltikçilik, tərəvəzçilik,
sitrusçuluq və çayçılıq olduğunu bildirir: "Astara ekoloji cəhətdən təmiz və
yüksək keyfiyyətli çayı, çəltiyi, sitrusu, tərəvəzi və balı ilə məşhurdur.
Burada yetişdirilən narıngi, limon, portağal, feyxoa, kinkan, kivi və başqa
sitrus və subtropik meyvələr respublika və xarici ölkə bazarlarında özünəməxsus
yer tutur. Astara çayı Moskva və digər şəhərlərdə keçirilən beynəlxalq sərgilərdə
mükafata layiq görülüb, Dubayda keçirilən sərgidə nümayiş olunub”.

Astara düyüsünün sorağı da geniş yayılıb. Son illər çəltik əkininin
rentabelli olması əhalinin bu sahəyə marağını daha da artırıb. Nəticədə çəltik
sahələri genişləndirilərək 447,5 hektara çatdırılıb ki, bu da keçən illə
müqayisədə 3 dəfə çoxdur.

"Haşimi”, "Sədri”, "Ənbərbu” və digər çəltik növlərindən emal edilən
düyü məhsulları özünəməxsus ətri, dadı və bərəkəti ilə bölgənin brendi
sayılır.Hazırda ekoloji cəhətdən ən təmiz olan Astara düyüsünün qiyməti
növündən asılı olaraq, 3-5 manat arasında dəyişir. Düyüdən 26 növ plov
bişirilir. "Rayonda 500 hektara yaxın çəltik sahəsi var”- deyə İctimai siyasi şöbənin baş məsləhətçisi Rəşad
Həsənov söyləyir: "Bizdə ətirli düyü "Haşimi” və "Sədri” sortlarıdır. Həmçinin
qara düyü yetişdirilir. Yerli çaylar məxməri, kəklikotulu, yaşıl, eləcə də yerli
düyülərin bütün növləri Astaraçay MMC-nin nəzdindəki mağazada satılır”.

Astara çayı da Azərbaycan brendi hesab edilir. Rayonda
çay istehsal edən üç fabrik əsasən mövsümi işləyir. İlboyu fəaliyyət göstərən
"Astaraçay” fabrikində isə çay Yaponiya və Koreyadan gətirilən texnologiyalarla
istehsal edilir: "Bu gün, həmçinin Bakıda və respublikanın digər bölgələrində
müxtəlif satış nöqtələri var ki, orada Astarada istehsal olunan çay məhsulları
satılır. Çayçılıq rayonda ölkə prezidenti tərəfindən verilən subsidiyalar
hesabına bərpa olunub və işlər davam etdirilir. Qarşıdakı illərdə 1000 ha çay sahəsinin
salınması üçün tədbirlər həyata keçirilir”.

Rayonda sitrus meyvələrinin istehsalına da diqqət artıb. Hazırda
rayonda salınan sitrus bağlarının sahəsi genişləndirilir. Yerli növlərdən başqa
Yaponiyadan gətirilən limon və narıngi sortlarından ibarət bir neçə sahə də
salınıb. Bu sortların fərqliliyi isə məhsuldarlığın yüksək olması və şaxtaya
davamlılığı ilə bağlıdır: "Artıq iki ildir ki, həmin sahələrdən məhsul yığılır.
Həmçinin ölkə bazarlarına çıxarılan kivi məhsulu da Astarada yetişdirilir. Bu
il əhalidən yığılan feyxoa məhsulları Rusiya bazarlarına göndərildi. Əvvəllər
isə məhsulun alıcısı yox idi”. Məhsulların istehsalına gəlincə, çeşidli növlər
üçün müəssisə olmadığından yalnız evlərdə - fərdi təsərrüfatlarda hazırlanır:
«Sahələr genişləndikcə, məhsuldarlıq artdıqca, yəqin ki, istehsal müəssisəsi də
yaranacaq. Əvvəl mövcud olan konserv zavodu isə dağılıb. Məhsuldarlıq artdıqca,
belə bir zavodun yaranmasına ehtiyac yarana bilər. Təsərrüfatlar dağılandan
sonra insanlar torpaqdan soyumuşdular. Ölkə rəhbərliyinin təşəbbüsü ilə
torpaqlara verilən subsidiyalar insanların yenidən torpağa olan bağlılığını
artırdı. İnsanlar pomidor, kələm, xiyar, taxıl, sitrus meyvələri yetişdirməyə
başladılar. Hətta bir sahibkarın 90 hektarda sitrus meyvələri əkdiyi sahələr
var. Burada ilboyu yüzə yaxın insan çalışır”.

Baramaçılığın inkişaf etdirilməsi ilə əlaqədar
rayona daha 3 min ədəd tut tingi gətirilərək əkilib, əkilən ağacların sayı
ümumilikdə 21 min ədədə çatdırılıb.
Onu da deyək ki, Astaranın Xəzərin sahilində yerləşməsi
təkcə rayona gözəl mənzərə, qara qumlu, müalicəvi əhəmiyyətli çimərliklər, təmiz
sahillər deyil, həmçinin insanlarına nadir balıq növləri bəxş edir, Astara mətbəxini
daha da zənginləşdirir: «Astara balığı fərqlidir. Çünki bu ərazidə su daha təmizdir”.
Astarada kənd təsərrüfatına ayrılan
böyük diqqətlə yanaşı, ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə bağlı
turizmin dirçəldilməsi də prioritet məsələ kimi nəzərdə tutulur.
Təranə Məhərrəmova
Rufik İsmayılov
Astara






