• şənbə, 21 Dekabr, 20:20
  • Baku Bakı 9°C

Qarpız kəsdim bal kimi 

24.08.24 04:26 3065
Qarpız kəsdim bal kimi 

Bu il qarpız sevənlərin üzü gülür. Səbəb bazarlarda şirin və dadlı qarpızların çoxluğudur. Keçən illə müqayisədə bu il bazara çıxarılan məhsullar keyfiyyəti ilə fərqlənir.

Yay fəslinin ən məşhur təamlarından biri də qarpızdır. Qarpız həm dadlı, həm də sərinləşdirici xüsusiyyətləri ilə isti günlərin simvoludur. Susuzluğu yatırdır, həzm prosesini yaxşılaşdırır, qanı duruldur. Amma şirin qarpız tapmaq asan deyil. Xüsusilə də, ötən il şirin qarpız seçmək əsl tapıntı idi. Hətta sosial şəbəkələrdə “bazarda şirin qarpız yoxdur”, “bu il şirin qarpız yemədik” kimi statuslar da yazılırdı. Builki qarpızlarla bağlı fikirlər isə müsbətdir. Qarpızların çoxu dadlı və şirindir. 

Maraqlıdır, qarpızın dadlı və şirin olması nədən asılıdır? Nə üçün ötən il şirin qarpız tapmaq əsl tapıntı idi, bu il isə, yox?

Qarpızın inkişafını azaldan faktorlar

Hər rayonun spesifik meyvəsi olur. Quba ağ alması, Ordubad əriyi, Lənkəran naringisi ilə məşhur olduğu kimi Sabirabad da qarpızı ilə tanınır. Şirin qarpız deyəndə ağıla Sabirabad gəldiyi üçün, sualımızı Sabirabadda qarpız əkini ilə məşğul olan Mədət Manafova ünvanladıq. 
Həmsöhbətimiz deyir ki, qarpızın şirinliyi onun sortundan, yetişmə dərəcəsindən, torpaq şəraitindən, iqlimindən, suvarma və gübrələmədən, eləcə də yığım zamanından asılıdır. Onun sözlərinə görə, bu faktorların hər biri qarpızın şirinliyinə təsir edir: “Tam yetişmiş, doğru şəraitdə böyümüş qarpızlar daha şirin olur. Qarpız şoran torpaqlarda yaxşı inkişaf etmir. Şoran torpaqlarda duz miqdarı çox olduğundan, bitkilərin kökləri suyu və qidaları effektiv şəkildə mənimsəyə bilmir. Bu vəziyyət qarpızın inkişafını azaldır. Qarpız üzvi maddələrlə zəngin, günəşli və isti iqlim şəraitində yetişir. Torpağın düzgün tərkibi və suvarma şəraiti qarpızın yaxşı böyüməsi və yüksək keyfiyyətli məhsul verməsi üçün əsasdır”. 

Qarpıza su çox veriləndə...

M.Manafov vurğulayır ki, Sabirabad bölgəsi qarpızın yetişməsi üçün ideal şəraiti ilə tanınır. Sabirabadın isti iqlimi və günəşli hava şəraiti qarpızların yaxşı böyüməsinə və şəkər tərkibinin artmasına kömək edir. Torpağın mineral tərkibi və suvarma imkanları qarpızın şirinliyini artırır. Amma burada da suvarma dəqiq aparılmalıdır: “Sabirabad isti yerdir və qarpız da istini sevir. Ona görə bu torpaqda qarpız düzgün əkildikdə, becərildikdə şirin olur. Meyvənin inkişafı zamanı, xüsusilə erkən mərhələlərdə bol suvarma vacibdir. Amma qarpız meyvə kimi formalaşmağa başladıqda, suvarma azaldılmalıdır. Çünki su çox veriləndə qarpızın şəkər tərkibi azalır. Bundan əlavə, qarpızı yetişdirmək üçün peyindən istifadə edirik. Peyin, torpağın strukturunu yaxşılaşdırır, üzvi maddələrlə zənginləşdirir və bitkiləri qidalandırır. Sabirabad bölgəsi uzun illərdir qarpız əkini ilə məşğul olduğu üçün burada yerli əkinçilər təcrübəlidir. Bu təcrübə də qarpızın keyfiyyətli yetişdirilməsində özünü göstərir”.

Ötən il bazarda Sabirabad qarpızı az idi

Ötən il qarpızın şirin və dadlı olmamasının səbəblərinə gəldikdə isə, həmsöhbətimiz bildirir ki, ötən il Sabirabadda qarpız əkini istənilən səviyyədə deyildi: “Ötən il bu bölgədə qarpız əkənlərin əksəriyyəti pambıq əkininə yönəlmişdi. Buna görə də Sabirabad qarpızları bazarda azlıq təşkil edir, qarpız ehtiyacını digər rayonlar qarşılayırdı. Bu il isə kifayət qədər qarpız əkilib. Aran zonası, xüsusilə də, Sabirabad qarpızı şirinliyi ilə seçilir. Bu səbəbdən bu il bazarda ötən ilə nisbətən şirin qarpız daha çoxdur”. 

Qarpızın ən tələbkar olduğu təbiət hadisəsi

Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Elmar Allahverdiyev də “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, qarpızın şirin olması genetik faktorlardan və becərmə şəraitindən asılıdır: “Şəkər yüksək olduqca, qarpız da şirin olur. Bu da bir çox faktordan asılıdır. İlk olaraq genetik faktor, həmin sortun xüsusiyyətləridir. Elə qarpız sortu var ki, çox şirindir, eləsi var ki, nisbətən şirindir. Şirinlik becərmədən də asılıdır”. 

Mütəxəssis bildirir ki, qarpızın ən tələbkar olduğu təbiət hadisəsi günəşdir: “Günəşli günlərin sayı çox olanda qarpız şirin olur. Çünki yetişmə prosesində gün işığından daha çox şəkər toplaya bilir. Builki iqlim şəraiti qarpızın yetişməsi üçün münbit olub. Fermerlərin becərmə texnikası da burada əhəmiyyət daşıyır. Onların yeni texnologiyalara yiyələnmələri ilbəil artır. Müasir gübrələrdən istifadə edirlər, bu da öz müsbət təsirini göstərir”.

“Daha çox su verib, daha böyük məhsul alacam”

Mütəxəssis də təsdiqləyir ki, qarpız susuzluğa davamlı bitkidir, suyun çoxluğu onun keyfiyyətini azaldır: “Suyun çox verilməsi aqrotexnikanın pozulmasıdır. Fermer düşünür ki, daha çox su verəcəm, daha böyük məhsul alacam. Amma bu zaman keyfiyyət azalır. Qarpızı daha çox suvaranda onun şəkəri aşağı düşür, amma iri olur. Bu zaman insanlar şirinliyi hiss etmir. Qarpızın şirin olmasında əkildiyi ərazidəki minerallı torpaqlar böyük önəm kəsb etmir. Ötən ilin qarpızın şirin olmama səbəblərindən biri günəşli havaların azlığı, düzgün becərilməməsi ola bilər”.

Şirin qarpızı necə seçə bilərik?

Qarpız əkini ilə məşğul olan Mədət Manafov deyir ki, qarpız seçərkən ilk olaraq onun rənginə və görünüşünə diqqət etmək lazımdır: “Yaxşı yetişmiş qarpızın qabığı tünd yaşıl rəngdə olur və üzərində ağ zolaqlar olmalıdır. Çox böyük qarpızlar bəzən çox su tərkibinə malik ola və şirinliyi az ola bilər. Orta ölçülü qarpızların şirin olma ehtimalı daha çoxdur. Bundan əlavə, qarpızın qabığı sərt və düz olmalıdır. Yumşaq və ya çuxurlu yerləri olan qarpızlar yaxşı yetişməmiş və ya zədələnmiş ola bilər. Diqqət etməli olduğunuz tək şey qarpızın saplağının nə qədər quru olmasıdır. Qarpızın saplağı qurudursa, bu, yetişmiş olduğunu göstərir. Gövdəsi yaşıldırsa və qurudulmayıbsa, bu, qarpızın vaxtından əvvəl yığılması deməkdir”.

Aygün Əziz

banner

Oxşar Xəbərlər