Qarabağla bağlı bir neçə turizm marşrutu hazırlanır
Qarabağla bağlı bir neçə tematik marşrut üzərində çalışırıq.
Bunu Trend-ə Azərbaycan Turizm Bürosunun Turizm məhsulunun inkişafı şöbəsinin direktoru Şərifə Həsənova deyib.
Onun sözlərinə görə, bunlardan biri Qafqaz Albaniyası ilə bağlıdır.
"Bu marşrut Azərbaycanın 3 əsas koridorunu, Bakı-Şəki-Zaqatala, Gəncə-Qazax və əsas da Qarabağı əhatə edir. Bildiyiniz kimi Qarabağda Qafqaz Albaniyası ilə bağlı zəngin irs var. Bura məbədlər, kilsələr, həmçinin adətlər və s. daxildir. Alban mədəniyyəti islamaqədərki dövrü əhatə edən böyük bir mədəniyyətdir. Layihə artıq tamamlanmaq üzrədir. Bunu Qafqaz Albaniyasını öyrənmiş alimlərlə birgə hazırlayırıq. Qısa zamanda ictimaiyyətə təqdim edəcəyik".Ş.Həsənova onu da qeyd edib ki, Qarabağı əhatə edən digər bir turizm marşrutu isə "Əli və Nino" olacaq:
"Bunu gürcülərlə birgə hazırlayırıq. Bildiyiniz kimi əsərin müəllifi olan Qurban Səid uzun illər müxtəlif təxəllüslər altında yazılar yazıb. Sözügedən əsər Avropada məşhurdur. Buna görə də belə bir tur təqdim edəndə onlarını marağını çəkmək olur. Burada əsas məqsəd əsərin əhatə etdiyi bütün regionları turistlərə göstərməkdir. Məlum olduğu kimi əsərin baş qəhrəmanı Əli Xan Şirvanşir Şuşada çox yaşayıb və bura böyük rəğbəti olub. Ona görə də Şuşa, Cıdır düzü, xanlıq dövrünə aid abidələrin və s. tura daxil edilməsi nəzərdə tutulub. Bərpa işləri bitdikdən, infrastruktur formalaşdıqdan sonra yerində ətraflı araşdırmalar da aparacağıq. İndiki şəraitdə marşrutun Bakı-Şəki, Gəncə-Qazax, ordan da Gürcüstana keçməklə davam etdirilməsini planlaşdırırıq".