Qara Qarayevin xatirəsinə həsr olunmuş musiqi gecəsi
24.04.18 18:41
1461
Lənkəran Dövlət Universitetində (LDU) görkəmli
Azərbaycan bəstəkarı Qara Qarayevin
anadan olmasının 100 illiyinə həsr olunmuş musiqi gecəsi keçirilib. Lənkəran
Dövlət Humanitar Kolleci ilə birgə keçirilən tədbiri LDU-nun rektoru vəzifəsini
icra edən professor Natiq İbrahimov açıb.Ölkə başçısı İlham Əliyevin görkəmli
bəstəkar haqqında dediyi ”Zəmanəmizin görkəmli sənətkarının fəlsəfi məna və
umumbəşəri duyğuların zənginliyi ilə səciyyələnən böyük irsi müəllifinə böyük
şöhrət gətirməklə yanaşı, Azərbaycan professional musiqisinin beynəlxalq aləmdə
tanınmasında xüsusi əhəmiyyət kəsb etmişdir” sözlərini xatırladan Natiq
İbrahimov dünya şöhrətli bəstəkarın zəngin və təkrarsız irsi barədə geniş söz
açıb, Qara Qarayev musiqisinin heç vaxt dəyərdən düşmədiyini, bütün dünyada
klassik musiqi həvəskarlarını valeh etdiyini bildirib. Lənkəran Humanitar
Kollecinin direktoru, dosent Ruslan Həmidov, kollecin incəsənət və musiqi
bölməsinin müdiri Fikrət Kərimov çıxışlarında
dahi bəstəkarın yaradıcılığının təkrarsız gözəlliyindən, zəngin
irsindən, fəal vətəndaş mövqeyindən söz açıblar. Bəstəkarın həyat yolundan bəhs
edən videoçarx nümayiş olunub.
Sonra söz canlı musiqiyə verilib. Lənkəran Dövlət
Humanitar Kollecinin müəllim və tələbələrinin ifasında Qara Qarayevin
"İldırımlı yollarla”, Yeddi gözəl” baletlərindən fraqmentlər, musiqi
əsərlərindən parçalar, mahnılar ifa
olunub. Musiqi gecəsi birləşmiş xorun ifasında vətənpərvərlik mövzusunda mahnı
ilə yekunlaşıb.