“Qanuni oğru” tituluna qarşı qanun?

Ekspertlər ada yox, əmələ görə
cinayət məsuliyyətinin nəzərdə tutulmasını vacib hesab edirlər
"Rusiya,
Ukrayna və Gürcüstanda "Qanuni oğru” statusu daşımağa görə cinayət məsuliyyəti
və sanballı cəza nəzərdə tutulan qanunların qəbul edilməsi postsovet məkanının
digər ölkələrində cinayətkar aləmin liderləri arasında qarşıdurmanı şiddətləndirə
bilər” – bu sözləri keçmiş rusiyalı kriminal avtoritet və qanqster Mixail
Orskiy ura.ru saytına açıqlamasında deyib. Eyni zamanda bildirib ki, Rusiya,
Ukrayna və Gürcüstandan "qanuni oğru”lar bu statusa görə cinayət məsuliyyətinin
nəzərdə tutulmadığı ölkələrə, xüsusən də Ermənistana və Azərbaycana qaçırlar.
Bu
açıqlama özlüyündə narahatlıq doğurur. Bəs bu cəhətdən Azərbaycan üçün təhlükə
varmı? Ümumiyyətlə, təhlükə olmaması üçün güc strukturları hansı tədbirləri
görməlidirlər? Ölkəmizdə də "qanuni oğru” status daşımağa görə cinayət məsuliyyəti
və cəza tədbirlərinin olmasına ehtiyac yarana bilərmi?
Millət vəkili Fazil Mustafanın sözlərinə görə, Azərbaycanda "qanuni oğru”lar ayrıca
titul, status kimi dövlət tərəfindən tanınmır ki, onu ləğv, yaxud qadağan edək:
"Sadəcə "qeyri-qanuni” adlandırmadır. Burda ümumi bir ad var, o da cinayətkarlıq.
Buna qarşı da dövlət mübarizə aparır. Cinayət törətmiş adam özünü istər "Bağdad
xəlifəsi” adlandırsın, istər "qanuni oğru”, fərqi yoxdur, o, cinayətkardır.
Dövlət buna qanunvericilik vasitəsilə yanaşır. Biri özünü "İngiltərə kralı” da
adlandıra bilər. Biz onu hansısa ada görə yox, konkret cinayət əməlinə görə məsuliyyətinə
cəlb edirik, məhkəmə qarşısında cəzasını alır. Həbsxanada 5 nəfərin yanında
özünə nə deyirsə, bu, dövlətin verdiyi titul deyil ki, onu qadağan etsin. Kimsə qanunsuz şəkildə
dövlətin hansısa titulunu özünə götürür, yaxud vəzifəli şəxsin səlahiyyətini mənimsəyirsə,
dövlət onu qadağan edə bilər. Çünki bu zaman cinayət tərkibi olur”.

F.Mustafa deyir
ki, qeyd edilən ölkələrdən "qanuni oğru”lar Azərbaycana axın etsələr, burda
daha tez həbs ediləcəklər: "Son illər hansısa "oğru razborkası”, yaxud hansısa
"kriminal razborka”nın Azərbaycanda səs-küy yaratdığını görən olubmu? Əvvəllər
ola bilsin ki, belə hallara rast gəlirdik, amma son illərdə bu istiqamətdə hər
hansı narahatedici hadisə baş verməyib. Çünki buna imkan verilmir. "Qanuni oğru”lar
onlar üçün hansı ölkənin əlverişli olacağına özləri qərar verirlər. Amma bir
şeyi bilməlidirlər ki, Azərbaycanda onlar daha çox sıxıntı yaşayacaqlar. Çünki
bizim hüquq-mühafizə orqanları bu işlərlə ciddi şəkildə məşğul olurlar,
kriminal fəaliyyətlərə, oğru qanunlarının baş alıb getməsinə imkan tanımırlar.
Onlar Azərbaycana gəlsələr, daha tez həbs olunacaqlar”.
Konstitusiya Araşdırmaları
Fondunun rəhbəri, hüquq müdafiəçisi Əliməmməd Nuriyev deyir ki, Azərbaycanda
cinayətkarlığın vəziyyətinə yetərincə nəzarət edildiyi üçün narahatlığa əsas
yoxdur: "Hüquq-mühafizə orqanlarımız yüksək peşəkarlıqla bu işi həyata keçirirlər.
Polislərimizin peşəkarlığı nəticəsində Azərbaycanda hər hansı oğrular cəmiyyətinin,
iyerarxiyasının fəaliyyət göstərməsi mümkünsüzdür. Hüquq-mühafizə sistemi bunun
qarşısını tam alır. Ona görə, bu istiqamətdə hər hansı təhlükə, təhdid yoxdur.
Kütləvi informasiya vasitələrində yayılan məlumatlardan aydın olur ki, oğru,
cinayətkar aləmin üzvləri hansısa yığıncaqlar keçirməyə cəhdlər ediblər və
qarşısı da çox sərt alınıb. Ona görə, bizdə hər hansı problem yoxdur”.

"Qanuni oğru”
adına görə məsuliyyətin müəyyən edilməsinə gəlincə, Ə.Nuriyev bildirdi ki, bu,
cinayət hüququnun təməl prinsiplərinə zidd məsələdir: "Hansısa şəxslərə özlərinin
cəmiyyəti nə isə bir ad verir. Əlbəttə ki, oğrubaşı və yaxud necəsə
adlandırırlar. Bu, tamam başqa subkulturadır - mədəniyyətdir. Bu mədəniyyətlə
mövcud ənənəvi mədəniyyət ziddiyyətdədir. Ənənəvi mədəniyyət həmişə onu qəbul
etmir. Bu da doğrudur. Çünki ənənəvi mədəniyyət mənəvi normalara söykənən mədəniyyətdir
və cəmiyyətin özünün müəyyən etdiyi birgəyaşayış, əxlaq qaydaları burda önəm
daşıyır. Hamı ona əməl etməlidir. Bir də hüquq tərəfindən məcburi qüvvəyə malik
olan normalar var ki, onlara əməl edilməlidir. Kim olmasından, özünü nə
adlandırmasından asılı olmayaraq, qanunsuz əməl törədənlər hər zaman cəzalandırılmalıdır.
Yəni edilmiş əmələ, cinayətə görə cəzanın labüdlüyü prinsipi hər zaman icra
olunmalıdır. Əgər əməl, o istiqamətdə hərəkət yoxdursa, sırf ada görə tədbir
görmək necə yanaşmadır axı. Sırf ad cəhətdən yanaşanda, burada cinayət tərkibinin
bütün elementlərini görmürəm”.
Ə.Nuriyev qeyd
etdi ki, bəzi ölkələrdə, sadəcə ada görə cəza tədbirlərinin olması, həmin adı
daşıyanların ölkədən köç etməsinə gətirib çıxarır, qanunvericilikdə qadağa
olmayan ərazilərə getməsini təşviq edir. Bu isə müvəqqəti effekt verə bilər:
"Belə köç ola bilər. Amma gec-tez, həmin qanunlar işləməyəcək, yenidən əvvəlki
vəziyyətə qayıdacaq. Yəni bu tədbir müvəqqəti effekt verə bilər. Azərbaycanda
bununla bağlı qanunvericiliyə hər hansı dəyişiklik edilməsinə zərurət görmürəm”.
Aygün
