AZE | RUS | ENG |

Pul dilənən Paşinyanın xarici QHT-lərə qarşı “səxavəti”

Pul dilənən Paşinyanın xarici QHT-lərə qarşı “səxavəti”
Politoloqların fikrincə, baş nazir qondarma rejimə nəzarəti ələ almağı hədəfləyib

Ermənistan hökuməti Dağlıq Qarabağdakı qondarma rejimdə "seçkiləri” izləmək üçün ilk dəfə olaraq xarici QHT-lərə vəsait ayırıb. Üstəlik, erməni KİV-ləri bunu "görünməmiş bir qərar” kimi qələmə verir. Bunu üçün Ermənistan hökuməti 100 min dollar pul ayırıb. Maraqlıdır ki, hakimiyyətə gəldiyi qısa zaman ərzində "iqtisadi inqilab” etmək üçün Avropada, ABŞ-da və dünyanın bir çox ölkələrində danışıqlar adı ilə pul dilənən Paşinyanın birdən-birə belə bir qərar verməsi diqqəti cəlb edir. Artıq məsələyə Azərbaycan XİN münasibət bildirib. Qurumun mətbuat katibi Leyla Abdullayeva bildirib ki, Azərbaycan ərazilərini işğal edən Ermənistan ilk dəfə deyil ki, bu ərazilərdə "seçkilər" və ya "referendum" adlandırdığı müxtəlif tamaşalar keçirir. Azərbaycanın işğal olunmuş ərazilərində "seçkilər”in izlənməsi üçün vəsait ayıran Ermənistan hökuməti bir daha ölkəmizin Dağlıq Qarabağ bölgəsinə və ona bitişik inzibati rayonlarına nəzarəti həyata keçirdiyini etiraf etmiş olur və bununla da 2015-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinin "Çıraqovlar və digərləri Ermənistana qarşı” işi üzrə qəbul etdiyi qərarın müvafiq müddəalarının doğru olduğunu təsdiqləyir.
Göründüyü kimi, Paşinyanın, bu gün ölkəsində sosial narazılıqların olmasına baxmayaraq, qondarma rejim üçün belə bir "səxavətlilik” nümayiş etdirməsi də məsələnin arxasında müəyyən məqsədlərin dayandığını göstərir. Bəs görəsən, Paşinyan hökuməti "seçkiləri izləmək” adı altında hansı məqsədlə xarici QHT-lər üçün pul ayırır?
 
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Qərbi Kaspi universitetinin professoru, politoloq Fikrət Sadıxov bildirdi ki, Paşinyan ilk növbədə Ermənistan əhalisinin qayğısına qalmağı düşünməlidir: "Dağlıq Qarabağdakı insanlarla heç bir əlaqəsi olmamalıdır. Çünki qondarma rejimdə keçiriləcək "seçkilər”lə bağlı Ermənistanın dövlət büdcəsindən vəsaitin ayrılması o deməkdir ki, öz xalqı sosial-iqtisadi baxımdan daha çətin vəziyyətə düşəcək. Məsələnin siyasi tərəfi də ondan ibarətdir ki, Qarabağın separatçı rəhbərlərinə nümayişkaranə şəkildə guya onların arxasında dayandığını çatdırmağa çalışır. Lakin Paşinyanın əsas məqsədi indiki separatçı rejimi aradan götürməkdir. Çünki Paşinyana separatçı rejimdə özünə loyal olan qüvvələr lazımdır. Beləliklə, o, belə bir addımı ilə separatçı rejimdəki qüvvələri özünə cəlb etmək istəyir ki, guya bu rejimin qayğısına qalır. Amma bu, reallıqdan xeyli uzaq addımlardır. Paşinyan indiki halda dünya birliyinə sübut edir ki, ilk olaraq heç bir ölkə tərəfindən tanınmayan separatçı qurumu dəstəkləyir. Digər tərəfdən, o, əvvəllər separatçı qurumun ayrıca olaraq sülh danışıqlarında iştirak etməli olduğunu deyirdisə, amma indiki addımı ilə dediklərini təkzib edir. Onun dediklərindən belə çıxır ki, Qarabağdakı separatçı rejim müstəqil deyil, sadəcə olaraq Ermənistanın quyruğudur. Bütün bunlar isə faktiki olaraq, Paşinyanın əleyhinə işləyir. Onu qeyd edim ki, Paşinyanın son bəyanatları ilə bağlı Azərbaycan tərəfi BMT-ni və onun qurumlarını məlumatlandırıb. Sadəcə olaraq, beynəlxalq qurumlar tərəfindən ciddi reaksiya olmalıdır və Azərbaycan bunu gözləyir”.
 
F.Sadıxov vurğuladı ki, dünyanın ayrı-ayrı ölkələrində mövcud olan qeyri-hökumət təşkilatlarının müxtəlif fəaliyyət formaları var: "Misal üçün, Soros Fondu var və bu təşkilat maraqlıdır ki, müəyyən qalmaqal yaratsın, Rusiyaya qarşı olan qüvvələrə dəstək versin. Göründüyü kimi, onun öz məqsədi, marağı var. Amma bir sıra qeyri-hökumət təşkilatları var ki, onlar qondarma rejimdə keçiriləcək hansısa "seçki”də iştirakda maraqlı deyil. Bunların bir qisminin hətta maliyyə imkanları azdır. Bütövlükdə isə bu, Paşinyan tərəfindən atılan absurd addım kimi qiymətləndirilməlidir”.
 
Politoloq Natiq Miri bildirdi ki, Paşinyan hökuməti qondarma rejimdə keçiriləcək "seçkilərdə” Sarkisyanla Koçaryanın rəhbərlik etdiyi  "Qarabağ klanı” və Saakyanın rəhbərlik etdiyi qondarma rejimin kütləvi saxtakarlıq etməsindən narahatlıq keçirir: "Çünki Paşinyan hökuməti bu "seçki”də hakimiyyəti dəyişmək istəyir ki, təkcə Ermənistana deyil, eyni zamanda Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma rejimə də nəzarət edə bilsin. Əks təqdirdə bu, Paşinyan hökuməti üçün hər zaman təhlükə vəd edə bilər. Ona görə ki, Qarabağdakı "rejim” təkcə "Qarabağ klanı”na aid məsələ deyil. Bildiyimiz kimi, bu rejim bilavasitə rəsmi Moskvanın təsir dairəsi altındadır və orada olan əksər generalitet də Rusiyanın əks kəşfiyyatına bağlı insanlardır. Bu baxımdan Paşinyan hökumətinə qarşı hər an hərbi təxribatlar törədilə bilər. Ona görə də, Qarabağdakı rejimin mütləq mənada dəyişdirilərək Paşinyana yaxın bir adamın "hakimiyyətə” gətirilməsi hədəflənib. Xarici qeyri-hökumət təşkilatlarına maliyyə ayırmaqla, əslində gələcəkdə keçiriləcək "seçkilərin” saxtalaşdırılmasının qarşısını almağı planlaşdırırlar. Paşinyan istədiyinə nail olsa və müəyyənləşdirdiyi şəxsi qondarma rejimin rəhbərliyinə gətirə bilsə, həmin "seçkilər”in "legitimliyini” ortaya qoymaq, guya beynəlxalq müşahidəçilərin iştirak etdiyi bir "seçki” kimi tanıtmaq niyyəti güdür”.
 
N.Miri bildirdi ki, biz dəfələrlə xarici qeyri-hökumət təşkilatlarının, jurnalistlərin və hətta idmançıların Azərbaycanın işğal olunmuş ərazilərinə gəldiyini müşahidə etmişik: "Hətta onların  müəyyən tədbirlərdə iştirakını, eləcə də məşhur müğənnilərin konsertlərinin olmasını görmüşük. İndi isə xarici qeyri-hökumət təşkilatlarının nəzərdə tutulmuş "seçkilərdə” iştirakı gözlənilən haldır və bunun qarşısını almaq o qədər də asan deyil. Doğrudur, Azərbaycan bu istiqamətdə qabaqlayıcı tədbirlər görəcək. Yəni Xarici İşlər Nazirliyi bəyanat yayacaq və çağırış edəcək ki, qondarma rejimdəki "seçkiləri” tanımayan dövlətlər çalışmalıdır ki, bu "seçkiləri” müşahidə etmək üçün öz ölkələrindən hər hansı qrup gəlməsin. Ancaq hökumətlərin nəzarətindən kənar qeyri-hökumət təşkilatları səviyyəsində qruplar mövcuddur ki, bunlar da pulun müqabilində nəyi istəsən etməyə hazır kimi görünürlər. Ona görə də, belə bir prosesin qarşısını almaq o qədər də asan deyil. Düşünürəm ki, belə bir məsələ gözləniləndir, əks təqdirdə Paşinyan bu yöndə qollarını çırmalamazdı. O əmindir ki, pulun müqabilində bu cür qrupların gətirilməsi mümkündür. Eyni zamanda düşünmürəm ki, bu maliyyəni Paşinyan ödəyəcək. Yəqin ki, bu vəsaiti Avropada mövcud olan erməni diasporu ödəyəcək, çünki Ermənistanın indiki hökumətinin maliyyə imkanları o qədər də böyük deyil”.
 
BƏXTİYAR         
 

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8766
GEL 1 1 Gürcüstan larisi 0.5734
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1213
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1748
CHF 1 1 İsveçrə frankı 1.7057
KWD 1 1 Küveyt dinarı 5.5915
TRY 1 1 Türkiyə lirəsi 0.299