Türkiyə şəhidləri ilə vidalaşdı
Noyabrın 11-də Gürcüstan ərazisində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi təyyarə qəzaya uğrayıb. Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və yerli sakinlər tərəfindən aşkar edilib.
Türkiyənin Gürcüstanda qəzaya uğrayan yük təyyarəsində şəhid olan 20 hərbçi ilə Ankarada vida mərasimi keçirilib. Mürted Hava Bazası Komandanlığında keçirilən vida mərasimində Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmiləri, şəhid hərbçilərin yaxınları iştirak ediblər. Vida mərasiminin ardınca cənazələr hərbçilərin doğulduğu bölgələrə göndərilib.
Qeyd edək ki, noyabrın 11-də Gürcüstan ərazisində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi təyyarə qəzaya uğrayıb. Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və yerli sakinlər tərəfindən aşkar edilib. Hadisə nəticəsində göyərtədə olan 20 Türkiyə hərbçisi şəhid olub.
Azərbaycandan yardım təklifi
Təyyarə qəzası baş verdiyi andan Azərbaycan tərəfi ən yüksək səviyyədə qardaş ölkəyə öz yardımlarını təklif edib. Prezident İlham Əliyevin tapşırığına əsasən hadisənin təfərrüatlarının araşdırılması ilə bağlı həm Gürcüstan, həm də Türkiyə ilə sıx təmaslar qurulub. Bu əməkdaşlığın ən yüksək səviyyədə olduğunu Türkiyə Prezidenti Rəhəb Tayyib Ərdoğan da bəyan edib.
Qəza ilə bağlı ehtimallar
Hadisənin baş vermə səbəbləri hələlik bilinməsə də, bir sıra ehtimallar irəli sürülüb. Türkiyənin "Haber Global" telekanalının reportajında bununla bağlı bir neçə versiya irəli sürülüb. Telekanal mənbələrə istinadən bildirib ki, təyyarə uzun müddətdir xidmətdə olub və sonuncu dəfə 2020-ci ildə əsaslı təmir edilib. İlkin ehtimala görə, təyyarənin gövdəsində korroziya, yəni paslanma nəticəsində deşilmə baş verə bilərdi. Nəticədə bu hal, qəzaya səbəb ola bilər. Çünki, 2019-cü ildə ABŞ-də, Arizona ştatında eyni tipli təyyarə məhz bu səbəbdən qəzaya uğrayıb.
"Digər ehtimal - yüklər lazımi qaydada bərkidilmədiyi üçün uçuş zamanı yer dəyişmə baş verə bilərdi. Bu halda, tərpənən yük gövdənin daxili səthlərinə çırpılaraq onun zədələnməsinə səbəb olub. İstintaq Gürcüstan və Türkiyə tərəfindən aparılır, Azərbaycan isə Türkiyəyə tam dəstək göstərir. Qəza ilə bağlı bütün sirlər qara qutunun tapılmasından sonra ortaya çıxacaq", - deyə reportajda vurğulanıb.
Qəzaların baş vermə ehtimalını artıran səbəb
Telekanalın xəbər direktoru Özgür Feyiz bəyan edib ki, təyyarə qəzasına səbəblərdən biri də hava gəmisinin pərlərinin qopması ola bilər. O, belə hadisələrin "C-130" təyyarələri üçün qeyri-adi olmadığını bildirib. Onun sözlərinə görə, bundan əvvəl təxminən 40-50 qəzada pərvanələrin qopması qeydə alınıb. “Haber Global" telekanalının xəbər direktoru əlavə edib ki, qəzanın baş verməsi ilə bağlı əsas beş səbəb göstərilir: "Bunlardan biri də, hava gəmisinin daxilində təzyiq məsələsidir. Çünki təyyarənin göydə hissələrə ayrılması ifadə edilir. Bütün hallarda qara qutunun tapılması əsas səbəbi ortaya çıxaracaq".
C-130 təyyarələrinin uçuşu dayandırılıb
Qeyd edək ki, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi nəqliyyat təyyarəsinin hissələri Kayseri vilayətinə aparılacaq. Hazırda hadisə yerində (Gürcüstanda) müvafiq qurumların əməkdaşları geniş araşdırma aparır. Araşdırma bitdikdən sonra təyyarənin qalıqları Kayseri vilayətində yerləşən hərbi bazaya gətirilərək burada tədqiq ediləcək.
Artıq qardaş ölkədə C-130 təyyarələrinin uçuşu dayandırılıb. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu qərar C-130 hərbi yük təyyarəsinin noyabrın 11-də Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğramasından sonra ehtiyat tədbiri olaraq qəbul edilib.
F.Abasoğlu