Təvazökarlıq, ədalət, məsuliyyət
Prezident İlham Əliyev Naxçıvandakı səlahiyyətli nümayəndəsini və rayonların yeni təyin olunmuş başçılarını qəbul edərkən idarəetmədə yüksək vəzifələrə təyin olunan kadrlardan nələrin tələb olunduğunu açıq şəkildə dilə gətirib. O, qoyulan tələbləri pozan məmurlara xəbərdarlıq da edib.
Bu gün ölkə rəhbərliyinin bölgələr də daxil, idarəetmədə yüksək vəzifələrə təyin olunan kadrlardan əsas tələbi vətəndaş məmnunluğunun ən yüksək səviyyədə təminidir. Bunun üçün isə idarəetmədə məmur davranışı, etik mədəniyyət və sosial məsuliyyət kimi mühüm məqamlara xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin 12 noyabr 2025-ci ildə Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunmuş başçılarını qəbul edərkən səsləndirdiyi fikirlər də məhz bu məqamlar üzərində ölkə rəhbərinin təyin edilən kadrlardan tələblərinə dair mühüm mesajları ilə yadda qaldı.
“Hər bir məmur təvazökar olmalıdır”
Qeyd edək ki, son illərdə Azərbaycanda ciddi idarəetmə və kadr islahatları həyata keçirilib. Lakin bu islahatlar tək institusional mahiyyət daşımır. Həm də yeni dəyərlər və müasir yanaşmaların sintezini özündə birləşdirir. Bu baxımdan Prezident İlham Əliyevin görüşdə səsləndirdiyi tələblər xüsusi vurğulanmalıdır: “Mən hər dəfə bölgələrə rəhbər vəzifələrə şəxsləri təyin edəndə verdiyim tapşırıqlar onlar üçün əsas iş prinsipləri olmalıdır - ilk növbədə, xalqa xidmət etmək, xalqla bir yerdə olmaq. Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır. Həyatda, məişətdə özü, onun yaxın qohumları özlərini elə aparmalıdırlar ki, bizim ümumi işimizə heç bir irad tutulmasın. Əfsuslar olsun ki, bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər, ifrat dərəcədə təkəbbürlülük göstərirlər, özlərini hamıdan üstün tutmağa çalışırlar və beləliklə, həm öz nüfuzlarını itirirlər, eyni zamanda, dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuş olurlar. Bununla bərabər, bəzi hallarda korrupsiyaya, rüşvətxorluğa düçar olurlar”.
Göründüyü kimi, artıq məmur adını daşıyanların davranışları tək bir şəxsin hərəkətləri anlamına gəlmir, bütün idarəetmə sisteminin tərkib hissəsi kimi dəyərləndirilir.
“Əks təqdirdə, lazımi ölçülər götürüləcək”
Prezident qoyulan tələbləri və meyarları pozan məmurlara xəbərdarlıq da etdi: “Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur və belə hallar əfsuslar olsun ki, bu gün də var. Ancaq o da cəmiyyət üçün tam aydındır ki, heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq. Ona görə sizdən tələbim, eyni zamanda, xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmək, rəhbərlik edəcəyiniz bölgələrdə öz işinizlə mənim seçimimin düzgün olduğunu sübut etməkdir. Əks təqdirdə, əlbəttə ki, lazımi ölçülər götürüləcəkdir”.
Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən məmurlara əvvəllər də xəbərdarlıqlar edilib. Bu xəbərdarlıqlarda vurğulanan prinsiplərdən kənar davrananlar isə qanun çərçivəsində əməllərinə görə cavab verməli olublar.
Dövlət üzərinə düşəni edir
Bu gün bölgələrin inkişafı, işsizlik probleminin aradan qaldırılması, infrastrukturun müasir standartlara uyğunlaşdırılması kimi məqamlar dövlətin ən ali məqsədlərindən biridir. Dövlət bu məsələdə üzərinə düşən bütün vəzifələri icra edib və edir. Prezidentin də qeyd etdiyi kimi, bölgələrimizdə əsas infrastruktur layihələri demək olar ki, başa çatıb. Dövlət xətti ilə son illər ərzində müsbətə doğru böyük dönüş təmin edilib. Bir neçə regional inkişaf proqramının icrası uğurla nəticələnib. Əsas infrastruktur istiqaməti olan elektrik enerjisi ilə bütün bölgələrdə vəziyyət tam normallaşıb. Magistral yollar tamamilə müasir standartlara cavab verir. Şəhərlərarası yollar təmirlidir. Kənd yollarının tikintisi üçün hər il lazımi vəsait ayrılır. Bütün şəhərlərdə içməli su layihələri icra edilir. “Yəni, bu gün Azərbaycanın bölgələrində bütün bu məsələlər öz həllini tapir”, - deyən Prezident bu məsələlərin dövlət büdcəsi hesabına regionların sosial-iqtisadi inkişafı proqramlarının icrası nəticəsində həll edildiyini bildirib.
İndi isə bölgələrdəki inkişafın həm də sivil məmur-vətəndaş münasibətlərinin formalaşdırılması ilə bir üst səviyyəyə qaldırılması əsas hədəflərdəndir. Dövlət başçısının da qeyd etdiyi kimi, yerlərdə bu gün hələ də mövcud olan, insanları narahat edən məsələlər öz həllini tapmalıdır, burada da əsas prinsip sosial ədalət olmalıdır: “Hər bir bölgədə, hər bir kənddə insanlar görməlidir və bilməlidir ki, ədalət hər zaman üstünlük təşkil edir. Vaxtilə bizim bölgələrimizdə proseslərin mənfi istiqamətdə getməsinin səbəbi də məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri və tapşırıqları idi. Artıq o məmurlardan, necə deyərlər, əsər-əlamət qalmayıb. Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində vəziyyət böyük dərəcədə sağlamlaşdırılıb. Ona görə mən tam əminəm ki, bundan sonra mərkəzdən sizə hansısa bir qanunsuz tapşırıq verilməyəcək. Vaxtilə belə hallar olub və bu qanunsuz tapşırıqları verən, qanunsuz varlanmanı özləri üçün əsas məqsəd hesab edən məmurlar bu gün məhkəmə qarşısında cavab verirlər”. Prezident məmurların qarşısında qoyduğu tələblərin tam olaraq yerinə yetirilməsi istiqamətində artıq heç bir əngəlin olmadığını xüsusi qeyd edir: “Sağlamlaşdırma və təmizləmə siyasəti nəticəsində artıq əminəm ki, sizə heç kim qanunsuz tapşırıq verməyəcək. Əgər kimsə bu tapşırığı verərsə, onda dərhal mənə məlumat verin və o adamlar haqqında ciddi ölçülər götürüləcək”.
Göründüyü kimi, ali rəhbərlik tərəfindən həyata keçirilən uğurlu iqtisadi, sosial və digər siyasi kursların daha effektiv nəticələr verməsi üçün bütün zəruri addımlar atılır. Həm kadr seçimi, həm də yeni idarəetmə fəlsəfəsinin əsasında ilk növbədə insan amili, sosial rifahın təmini, sosial ədalət prinsipinin qorunması dayanır.
Azad Əliyev