• cümə, 26 Aprel, 09:48
  • Baku Bakı 12°C

Proqnozlara qarşı çıxan qiymət

18.06.21 20:45 1424
Proqnozlara qarşı çıxan qiymət
Neftin qiymətləri ilin əvvəldəki ehtiyatlı proqnozları darmadağın etməkdə davam edir
Pandemiya həyatın bütün sahələrində olduğu kimi neft sənayesini də dalğalandırdı. Neftin artan və azalan qiymətləri bizi hər gün təəccübləndirməyə davam edirdi. Virusun səngiməsi, vaksinasiya prosesləri neft qiymətlərində yenidən gözlənilməz nəticələrə gətirib çıxardı. Neftin qiymətləri proqnozların əksinə gedərək 74 dollara qədər qalxdı.
Proqnozlara görə, neftin qiyməti 2021-2022-ci illərdə 50 dollar civarında olmalı idi. Belə ki, Dünya Bankının 2021-ci ilin ilk "Qlobal İqtisadi Perspektivləri” hesabatında 2022-ci ildə dünya bazarında neft qiymətlərinin 13,6 faiz artması, 2021-ci ildə isə neftin orta qiymətinin 44 dollar olması gözlənilirdi. Eləcə də, 2022-ci il proqnozuna görə, neftin bir barel üçün orta qiyməti 50 dollara yaxın olacağı hesab edilir.
Bəs "qara qızıl”ın qiymətlərinin proqnozların əksinə getməsinin, axına qarşı üzməsinin səbəbi nədir?
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirir ki, dünyada gedən proseslər pozitiv əhval-ruhiyyə üçün yaxşı şərait yaradıb. Neftin qiymətlərinin proqnozları doğrultmamağı məsələsinə gəldikdə isə, ekspert deyir ki, neftin qiymətinin proqnozlaşdırılması mürəkkəb prosesdir: "Neftin qiymətlərinin artmasına səbəb bir neçə faktorun üst-üstə düşməsi idi. Birinci faktor ötən həftə açıqlanan OPEC-in hesabatı idi. OPEC-in qlobal bazarda gündəlik 2 milyon barellik artım tələbinin olacağı ilə bağlı proqnozu neftin qiymətinin bahalaşmasına səbəb olub. Bu rəqəm növbəti ildəki hasilat həcmlərini qarşılamağa yetərli deyil. Bu, bazar iştirakçıları üçün "göydəndüşmə” informasiya oldu. Sonradan Beynəlxalq Enerji Agentliyi də pozitiv proqnozu təsdiqlədi ki, həqiqətən cari il üçün neftə olan tələbat 96,4 milyon barrelə artacaq”.
"Bazarda təlatüm yaranmayacaq”
Ekspert bildirir ki, vaksinasiya, ölkələr arasında gediş-gəlişin açılması, post-pandemiya dövrünün iqtisadiyyatının yüksəlişi kimi tələblər neftə olan tələbatı artırır: "ABŞ-da avtomobil yanacağına olan tələbat pandemiyadan əvvəlki göstəricilərə çatıb. İnsanlar peyvəndləmədən sonra daha inamla səyahət etməyə və kütləvi tədbirlərə qatılmağa başlayırlar. Bundan əlavə, ABŞ-da yay mövsümü ilə əlaqədar təyyarə ilə gündəlik səyahət edənlərin sayı 2 milyon nəfəri keçib - aviakerosin sifarişi hər həftə artır. Narahatedici proses İranla bağlı idi. Belə ki, qeyd olunurdu ki, İran bazara əlavə 1 milyon barel neft çıxara bilər. OPEC də dedi ki, bu, heç də problemli məsələ deyil, çünki tələbat daha güclü olacaq. İranın bazara neft çıxarması hansısa təlatüm yaratmayacaq. Bütün bu məsələlərin fonunda əlbəttə ki, neftin qiymətinin əvvəlcə 70 dolları keçməsini, sonra 72 dolları aşmasını və bazar ertəsi artıq 73 dolları keçməsini müşahidə etdik. Bundan sonra nə qədər artım olacaq təbii ki, bilmirik. Neft qiymətlərinin digər xammallardan fərqi odur ki, o daim nə düşür, nə qalxır, nə də stabil qalır. Qiymət dəyişimi bazardakı əhval-ruhiyyədən asılıdır. Biz bu gün artımı müşahidə edirik. Ancaq bunun nə qədər davam etməsi dünyada baş verən hadisələrdən asılıdır. Heç kim dəqiq proqnoz verə bilməz. Bazar çox dəyişkəndir və hərəkətlidir. Neft də çox mütəhərrik bir əmtəədir”.
Neftin qiymətinə təsir edən 2 fundamental faktor...
Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev deyir ki, 2020-ci il qlobal neft bazarları üçün ağır il kimi yadda qalsa da, 2021-ci ilin əvvəlindən bazarda kifayət qədər müsbət dinamika müşahidə edildi: "Sərt karantin tədbirləri səbəbindən neftə olan tələbat azalmışdı. Pandemiyadan əvvəl - 2019-cu ildə dünyada gündəlik neftə olan tələbat 100 milyon barrel civarında idi. Aprel ayından başlayaraq bu tələbat azalmağa başladı və keçən il ortalama tələbat 90 milyon barel civarında idi. Yəni keçən il neftə tələbatda 9 milyon bareldən çox azalma müşahidə olundu. 2021-ci ilin birinci rübündə dünyanın sutkalıq neft tələbatı artıq 94 milyon barelə qalxdı. Birinci rübdə 4 milyon barel gündəlik artım müşahidə edildi. İlin sonuna isə neftə gündəlik tələbat ortalama 96.5 milyon, bəzi hesablamalara görə isə 97 milyon barelə çatacaq. 3-cü rübdə neftə olan tələbatın hətta 99 milyon barelə yaxınlaşması da ehtimal edilir. Hazırda isə neftin bugünkü qiyməti fundamental faktorlar önündə deyil. Burda həm tələbat məsələsi var, çünki ilin əvvəlində Asiya və Sakit okean bazarlarında dinamika müşahidə olunurdusa, indi Amerika Birləşmiş Ştatları və Avropada da neftə tələbat səviyyəsi günü-gündən artmaqdadır. Hazırda həm Avropada, həm ABŞ-da, həm Asiya və Sakit okean regionunda nəqliyyat vasitələrin intensivliyi müşahidə olunur, yəni magistral avtomobil yollarının yüklənməsi hər gün artmaqdadır. Bu isə o deməkdir ki, avtomobil benzininə olan tələbat artacaq”.
Ekspert vurğulayır ki, Portuqaliya, İspaniya, Fransa, Yunanıstan kimi Avropa ölkələrinin nəqliyyat sektorunda yüksək aktivlik müşahidə edilir: "İkinci tərəfdən, neftin qiymətinə təsir edən faktorların biri də iqtisadi perspektivlərin günü-gündən yaxşılaşmasıdır. İlin əvvəlindən başlayaraq dünya iqtisadiyyatında bərpa prosesləri sürətlə davam edir. Ümumiyyətlə, neftin qiymətinə əsasən 2 fundamental faktor təsir edir. Biri tələb-təşviq balansı, ikincisi isə maliyyə bazarlarıdır. OPEC ilə müttəfiq dövlətlərin Vyana sazişi çərçivəsində qarşıya qoyulan məqsədlər bazarda qiymət dalğalanmasını aradan qaldırmaq və neft qiymətlərini təyinetmə qabiliyyətini artırmaq idi. Bu faktorların hər ikisi bu gün özünü doğruldur. Buna görə də hazırda neftə olan tələbatın yüksək dinamika ilə artması səbəbindən neft qiymətində artımlar da fundamental faktorlar səbəbindən deyil. Təbii ki, süni qiymət artımı kövrək fiziki bazarları təhdid altına ala bilər və eyni zamanda iqtisadi inkişaf tempini ləngidə bilər. Buna görə də hesab edirəm ki, qiymət diapazonu 68-75 dollar arasında saxlanılmalıdır. Əgər qiymətlər 68 dollardan aşağı düşərsə, onda hasilatda azalmalara gedilməlidir. Əgər qiymət 75 dolları keçərsə, onda neft hasilatında müəyyən artımlara yol vermək olar ki, bazarı tənzimləmək imkanı yaransın”.
"Neftə olan tələbat 2022-ci ildə həllini tapacaq”
Həmsöhbətimiz hesab edir ki, indiki bazar tənzimlənməsi nöqteyi-nəzərindən OPEC və müttəfiq dövlətlərin 2016-cı ildə imzaladıqları Vyana sazişi neft bazarlarının qorunması baxımdan ən uğurlu formatdır: "Digər tərəfdən, ilin sonuna kimi neft bazarlarının təhdid altına alacaq heç bir faktor qalmayıb. Çünki bazara çıxan istənilən əlavə fiziki həcm sürətli şəkildə həzm ediləcək. Hazırda stasionar neft anbarlarında bazarı təhdid altına alacaq neft həcmləri mövcud deyil. Çünki OPEC və müttəfiq dövlətlərin əsas bazarın tənzimlənməsi ilə bağlı fəaliyyətlərindən biri də ehtiyatlarda, yəni stasionar və üzən neft anbarlarında normadan artıq olan neft həcmlərini yığışdırmaq idi və buna da nail olublar. Hesab edirəm ki, ilin sonuna kimi neftə olan tələbatda artım müşahidə olunacaq. Artıq dizel yanacağına tələbat 2019-cu ilin səviyyəsindədir. Neft-kimya məhsullarına, neftdən alınan sürtgü yağlarına tələbat həddən artıq yüksəkdir. Bəzi ticarət meydanlarında hətta qıtlıq da müşahidə olunur. Bu minvalla ilin sonuna kimi benzinə olan tələbat da 2019-cu ilin səviyyəsinə çatacaq. 2019-cu ildə pandemiyadan öncə dünyanın sutkalıq avtomobil benzininə tələbat 47.5 milyon barel təşkil edirdi. Artıq ikinci yarımillikdə tələbat 45 milyon bareli keçib. Və ilin sonunda da bu rəqəm 47.5 milyon barel olmaqla pandemiyadan əvvəlki dövrdəki göstəriciyə qayıdacaq”.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər