• cümə axşamı, 28 mart, 20:07
  • Baku Bakı 13°C

Problemli kreditlər yenidən gündəmə qayıdır

25.10.16 13:47 5460
Problemli kreditlər yenidən gündəmə qayıdır
Manatın məzənnəsi düşdükdən sonra dollarla olan kreditlərin ödənilməsində problemlər yaranmağa başladı. Bu isə öz növbəsində problemli kreditlərin sayını artırdı. Xeyli vaxtdır ki, bu istiqamətdə hər hansı addım atılacağı gözlənilsə də, rəsmilərin cavabı elə də ümidverici olmurdu. Lakin bir neçə gün öncə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasındaMaliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı deyib ki, hökumət artıq müəyyən müddətdir problemli aktivlərin idarə edilməsinin institusionallaşdırılmasını müzakirə edir. O bildirib ki, müvafiq hesabat artıq Prezident Administrasiyasına təqdim edilib. Maliyyə Sabitliyi Şurası bunun üzərində çalışır və böyük ehtimalla yaxın günlərdə qərar qəbul olunacaq.
Onun sözlərinə görə, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən mövcud bank qanunvericiliyi, o cümlədən "Banklar haqqında" qanuna əlavələrin layihəsi hazırlanıb: "Bu, imkan verəcək ki, bankların problemli aktivləri və öhdəliklərini bir-birindən ayıraq, sağlam aktivləri mövcud banklara keçirək, problemləri bir çətir altında birləşdirib həll edək”.
Palata sədrinin bu fikirlərindən sonra hər kəs problemli kreditlərlə bağlı yardım ediləcəyini deyir. Bəs R.Aslanlının bu fikirlərinin əsasında nə durur? Problemli kreditlərin həlli ilə bağlı hansı addımların atılması gözləniləndir?
Aktivləri idarəetmə şirkəti yaradıla bilər
Maliyyə bazarları üzrə ekspert Cəfər İbrahimli deyir ki, bu məsələ ilə bağlı KİV-də mütəxəssislər tərəfindən fikirlər səsləndirilsə də, rəsmi olaraq ilk dəfə bu haqda açıqlama verilir: "Uzun müddətdir aktivləri idarəetmə şirkətinin yaradılması ilə bağlı mətbuatda mütəxəssislər tərəfindən fikirlər səsləndirilir. Daha əvvəl də bu məsələ gündəmə gətirilmişdi. Burada söhbət ondan gedir ki, banklarda olan mövcud problemli aktivlər bankların bu gün idarə olunmasında ciddi problemlər yaradır. Məncə, həm bankların kapitala olan tələbi üzərindəki təzyiqi azaltmaq, həm likvidliyi artırmaq üçün düşünülən mexanizm odur ki, problemli aktivləri idarəetmə şirkəti yaradılır. Əvvəllər bununla bağlı bəzi ölkələrdə təcrübə olub. Həmin banklarda olan problemli kreditlər aktivləri idarəetmə şirkətinə yönəldilir. Aktivləri idarəetmə şirkəti problemli aktivləri idarə edəcək, yığılan vəsaitləri bankların likvidliyinin artırılması üçün sərf edəcək, yaxud da əgər dövlət əvvəldən banklara likvidlik verəcəksə, problemli aktivləri satın alacaqsa, bu vəsaitlər də geri – dövlətə qayıtmış olacaq”.
C.İbrahimlinin sözlərinə görə, sadə dillə danışsaq, aktivləri idarəetmə şirkəti yaradılır, bankların problemli aktivləri oraya götürülür, banklara onun qarşılığında vəsait verilir və banklar öz işlərinə davam edirlər. Problemli aktivlər də sağlamlaşdırıldıqca, vəsaitlər geri qayıtdıqca yığılan vəsaitlər dövlətə köçürülür: "Banklara bu vəsaitin büdcə və ya Mərkəzi Bank tərəfindən verilməsi müzakirə olunacaq məsələlərdir. Amma dünya təcrübəsində bu var”.
Bütün hallarda kreditlər ödəniləcək
Ekspert deyir ki, bu şirkətin yaradılması banklarla yanaşı, əhalinin kreditlərini rahat ödəmələrinə şərait yaradacaq: "Əhalidə və iqtisadi subyektlərdə olan vəsaitlər geri qayıtmadığı üçün problemli kreditlər yaranıb. Əgər aktivləri idarəetmə şirkətinə verilib, banklara bunun qarşılığında kifayət qədər vəsait veriləcəksə, banklar bir az rahatlayacaqlar. Bu durumda aktivləri idarəetmə şirkəti daha rahat şəkildə bu vəsaitlərin idarəetməsini yönəldə bilər. Burada kreditlərin müddətinin uzadılması, yaxud da faizlərə, kurs fərqində yaranan fərqlərə də baxıla bilər. Hesab edirəm ki, müəyyən dəyişikliklərin vətəndaşa da xeyri ola biləcək. Əslində bu gün yaranan problemlərin kökündə dayanan səbəblərdən biri bankdırsa, digəri də kreditləri istifadə edən iqtisadi subyektlər və fiziki şəxslərdir. Onlar öhdəliklərini icra edə bilmədikləri üçün banklarda bu problemlər görünür.
Problemlərə bir çətir altında baxılırsa, vətəndaşın rahatlıq məsələsinə də baxıla bilər. Onsuz da banklar bu vəsaitləri qaytarmaqda çətinlik çəkirlərsə, aktivləri idarəetmə şirkəti şərtlərdə heç bir dəyişiklik etmədən, eynilə bankların tələbi ilə vətəndaşın qapısına gedəcəksə, yenə burada müsbət nəticə əldə etmək mümkün olmayacaq. Aktivləri idarəetmə şirkəti yaradılırsa, bu kreditin ödəniş və geri qaytarılma prosedurunda da bir az yumşalma, şərtlərdə dəyişikliklər etmək lazımdır. Əks halda burada effekt almaq çətindir”.
C.İbrahimli onu da bildirdi ki, problemli kreditlərlə bağlı hansısa addımın atılacağını demək bu kreditlərin ödənilməyəcəyi anlamına gəlməməlidir: "Birinci devalvasiyadan əvvəl də bu fikri demişdim, bu gün də o fikirdəyəm. İqtisadi subyektlər və fiziki şəxslər kreditlərini götürdükləri valyutada da ödəyəcəklər. Bunun başqa yolu çətindir. Qanun çıxacaq, çətir altında birləşəcək, problemli kreditlər banklardan alınacaq və vətəndaş krediti ödəməyəcək deyə bir şey yoxdur. Yanlış anlaşılmalar olmasın. Məncə, bu kimi məsələlər heç vaxt müzakirə mövzusu olmayacaq. Kredit şərtləri yumşaldılmaqla, müddəti uzadılmaqla və ya faizdə müəyyən, kursda cüzi güzəştlər olaraq nəticə etibarilə bunlar ödəniləcək. Başqa cür bu işin içərisindən çıxmaq çətin məsələdir. Çünki burada çox ciddi vəsaitdən söhbət gedir”.
"Onların problemlərinə ayrı-ayrılıqda yanaşmaq düzgün deyil”
İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Pərviz Heydərov hesab edir ki, ölkədə bütövlükdə bank sektorunda instutisuonal dəyişikliklərə, islahata və yeniliklərə ehtiyac var: "Bu həm qanunvericilik sahəsində, həm də təşkilati istiqamətdə həyata keçirilməlidir. Bunsuz bir sıra mühüm problemləri həll etmək mümkün olmayacaq. O cümlədən problemli kreditləri də. Çünki bankların vəziyyəti elədir ki, onların problemlərinə ayrı-ayrılıqda yanaşmaq düzgün də deyil, mümkün də.... Belə ki, bank sektorunda hazırki böhranlı vəziyyətin kökləri, yaranma səbəbləri eynidir. Odur ki, çıxış yolları da ümumi xarakterdə olmalıdır. Bu, xüsusən də problemli kreditlərə dair yanaşmada hökmən vacibdir. Hesab edirəm ki, bütün banklar üçün bu məsələnin ümumi və yekdil həlli yolu - mexanizmi yaradılmalıdır. Elə Rüfət Aslanlının da qeyd etdikləri bu mənada başa düşülməlidir”.
Ekspert deyir ki, vəziyyətə ümumi yanaşmaq tələb olunur: "Banklara fərdi olaraq deyil, ümumi sektor fonunda yanaşmaq lazımdır. Ona görə də onların problemləri ümumiləşdirilməlidir”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər