• çərşənbə axşamı, 16 aprel, 12:15
  • Baku Bakı 19°C

"Bu əməkdaşlıq xalqlarımızın maraqlarının ifadə olunmasına xidmət etməlidir"

07.05.19 11:08 4966
"Bu əməkdaşlıq xalqlarımızın maraqlarının ifadə olunmasına xidmət etməlidir"
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin II toplantısı keçirilir.
Trend-in məlumatına görə, toplantıda çıxış edən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov deyib ki, 2012-ci ildə türkdilli dövlət başçılarının zirvə görüşündə yaradılan Şura üzv dövlətlərinin maraqlarını ifadə edərək müxtəlif aspektlər üzrə fəaliyyət göstərir: "Müzakirə olunan əsas məsələlərdən biri dövlətlərimiz arasında mətbuat sahəsində əməkdaşlığın inkişaf etdirilməsindən ibarətdir. Bu əməkdaşlıq Avrasiya və dünya məkanında xalqlarımızın maraqlarının ifadə edilməsinə xidmət etməlidir".
Şöbə müdiri qeyd edib ki, Şuraya üzv olan ölkələrin hər biri bərabərhüquqludur: "Əməkdaşlıq mühiti Şuranın əldə etdiyi ən böyük nəticədir. Əməkdaşlıq istiqamətində bütün məsələlərə dəstək verməyə hazırıq. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında infrastrukturu dağıdıb. Biz istərdik ki, türk ölkələrinin mətbuatında bununla bağlı məlumatlar, informasiyalar getsin. Əgər Turkiyə regionda hər hansı problemlə rastlasirsa, biz onlara informasiya dəstəyi verməliyik. Türk Şurasına daxil olan ölkələr qarşılıqlı şəkildə bir-birinə dəstək verməlidir".
Ə.Həsənov vurğulayıb ki, televiziya sahəsində qarşılıqlı əlaqələr qurulmalı və dövlətlərin milli bayramları da efir vasitəsilə yayımlanmalıdır: "Türk Şurasına üzv dövlətlərin aparıcı mətbuat orqanları, televiziyalar bir-biri ilə əlaqə qurub. Nəyə görə bizim televiziya kanallarının yerli kabel şəbəkələrində təmsilçiliyi təmin olunmur? Təəssüflər olsun ki, Azərbaycan televiziyalarının nə Qazaxıstanda, nə də Qırğızıstanda yayımlanmasına rast gəlinmir. Təklif edirəm ki, Azərbaycanın dövlət və İctimai Televiziyası Türk Şurasına üzv dövlətlərdə yayımlansın. Eyni zamanda həmin dövlətlərin də dövlət və ictimai televiziyaları Azərbaycanda yayımlansın".
PA rəsmisi əlavə edib ki, vahid türkdilli televiziyanın yaradılması təşəbbüsü dörd ildir ki, müzakirə olunur: "Təəssüflər olsun ki, bu məsələ həllini tapmayıb. Mövcud televiziyalardan birinin türkdilli dövlətlərin vahid kanalına çevrilməsi, bu funksiyanın hansısa formada icra edilməsi masa üzərindədir. "TRT AVAZ" kanalı bu mənada müzakirə obyektidir".
banner

Oxşar Xəbərlər