• çərşənbə, 16 Oktyabr, 01:40
  • Baku Bakı 16°C

Piyadaları təhlükəyə atan tikinti şirkətləri - PROBLEM

08.07.23 04:30 11290
Piyadaları təhlükəyə atan tikinti şirkətləri - PROBLEM

Bakıda hərəkət zamanı ən çox rastlaşdığımız problemlərdən biri hansısa ərazidə tikinti işləri aparılarkən piyada keçidlərinin zəbt edilməsidir. Ekspertlər bu halların piyadaların həyatını təhlükəyə atdığını deyir. Tikinti şirkətləri piyada keçidlərində təhlükəsiz və maneəsiz hərəkəti təmin etməyə borcludurlar.

Bakı şəhərinin Abbas Səhhət, Nəsib bəy Yusifbəyli, Mustafa bəy Topçubaşov küçələrində, Vaqif prospektində mənzil tikinti şirkətləri bina inşa etdiyi əraziləri hasarlayarkən piyada səkilərini də zəbt edir, insanların rahat və təhlükəsiz hərəkətinin qarşısını alırlar. Nəticədə piyadalar avtomobil yoluna çıxır, bəzi hallarda yolun ortası ilə hərəkət edirlər. Bu da sürücülər üçün əlavə problemlər yaradır, piyadaların həyatını da təhlükə altında qoyur. Tikinti şirkətlərinin bu davranışı normaldırmı?

Piyada üçün hərəkəti məhdudlaşdırmaq yolverilməzdir

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, yol hərəkəti sisteminin təşkilində ən önəmli komponent, ən önəmli şəxs piyadadır. Onun sözlərinə görə, piyadanın təhlükəsizliyi hər kəs üçün prioritet olmalıdır: “Piyadaların həyatına, hərəkətlərinə çətinlik yaratmaq “Yol hərəkəti haqqında qanun”un vətəndaş və cəmiyyət üzərinə qoyduğu öhdəliyin birbaşa pozulması deməkdir. Hər hansı səbəbdən avtomobil yolunda hərəkəti məhdudlaşdırmaq, istiqaməti dəyişmək olar, amma piyada üçün hərəkəti məhdudlaşdırmaq yolverilməzdir. Yol infrastrukturunda piyadaların sağlamlığı, təhlükəsizliyi üçün nəzərdə tutulmuş infrastruktura ümumilikdə xələl yetirmək olmaz. Fiziki və hüquqi şəxslər hər hansı tikinti işi apararkən piyadaların təhlükəsizliyinin təmin olunması üçün piyada səkilərinin qorunmasına, hərəkətin təhlükəsizliyində onların oynadığı rola xüsusi həssaslıqla yanaşmalıdırlar”.

Belə halların hər biri qanun pozuntusudur

Baş inspektor qeyd edib ki, əgər piyada səkisinin yaxınlığında inşaat işləri gedirsə, yaxud binanın fasadında hər hansı təmir-bərpa işi aparılırsa, piyadaların hərəkət etdiyi səkinin üstü xüsusi vasitələrlə bağlanmalıdır: “Elə edilməlidir ki, səki ilə hərəkət edən piyadanın üzərinə nə isə düşməsin, o, tam təhlükəsiz və rahat qaydada hərəkətini davam etdirə bilsin. Əgər inşaat işi piyada səkisinin zəbt edilməsi, mövcud imkanların məhdudlaşması ilə müşayiət olunursa, belə halların hər biri aidiyyəti üzrə qanun pozuntusudur. Müvafiq icra hakimiyyəti orqanları, o cümlədən tikintiyə icazə verən, onun aparılmasına nəzarət edən qurumlar bu qanun pozuntusunun aradan qaldırılmasına çalışmalıdırlar. Bu, yol polisinin işi deyil. Yol polisi piyada səkilərini zəbt edən, oradan dayanacaq kimi istifadə edən avtomobillərlə, sürücülərlə qanun çərçivəsində mübarizə apar bilər”.

Yerüstü Nəqliyyat Agentliyi də narahatdır

Yerüstü Nəqliyyat Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, Bakı şəhərində piyada səkilərinin vəziyyətinə dair aparılan təhlillər zamanı aşkar edilən çatışmazlıqlardan biri də tikinti şirkətlərinin səkiləri zəbt etməsidir. Agentliyin məlumatına görə, bu hal piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətinə risk yaratmaqla ümumilikdə şəhərin piyada mühitinə mənfi təsir göstərir: “Bəzi tikinti şirkətləri tərəfindən yol verilən bu cür hərəkətlər eyni zamanda inzibati məsuliyyət yaradır. İnzibati Xətalar Məcəlləsinin 354-cü maddəsində avtomobil yollarında yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulmasına görə məsuliyyət nəzərdə tutulub. Bilavasitə yolun hərəkət hissəsinə, səkilərə və yolun digər konstruktiv elementlərinə qanunsuz olaraq süni maneələr (material və predmetlər) yerləşdirilmiş müvafiq şəxslər barəsində Agentlik tərəfindən inzibati xəta haqqında protokollar tərtib edilib və baxılması üçün məhkəmələrə göndərilib. Məhkəmələrin müvafiq qərarları ilə indiyədək yeddi hüquqi şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilib”.

İnsanların sərbəst keçidi təmin olunmalıdır

Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev söyləyib ki, inşaat işləri aparılarkən yaxınlıqdakı piyada səkiləri üzərində müvəqqəti keçidlər yaradılmalıdır. O bildirib ki, inşaat işlərinin tam qanuni aparılmasına, hansı müddəti əhatə etməsinə dair ilk növbədə təsdiqlənmiş plan olmalıdır: “Beynəlxalq təcrübəyə görə, harada tikinti işi aparılırsa orada təhlükəsizlik riskləri yaranır. Bu risklər nəzərə alınmaqla, piyadaların həmin ərazidən keçidi, təhlükəsizliyi təmin olunmalıdır. Yəni piyadaların yolunu dəyişmədən, uzatmadan səkinin üstündə xüsusi qurğu qurulur, bu, hərəkət edən insanların üzərinə nə isə düşməsinin qarşısını alır. Amma təqdim edilən fotolardan göründüyü kimi, Bakıda qeyd etdiyiniz ünvanlarda inşaat işi aparılarkən bəzi hallarda piyada səkiləri tamamilə zəbt olunub. Bunun nəticəsində insanlar avtomobil yolu ilə hərəkət edirlər. Bir halda isə səkinin üzərində sadəcə görüntü xatirinə, əlavə xərc çəkmədən, yüngül konstruksiya qurulub. Halbuki hər iki halda səkinin üzərində, yaxud ona ən yaxın yerdə təxminən tuneli xatırladan keçid inşa edilməli idi. Bu, döşəmədən tavana kimi dəmir konstruksiyadan, taxtadan yığıla bilər. Bununla müvəqqəti, təhlükəsiz keçid təmin olunur. Ərazidə müvəqqəti keçid qalereyaları da qurula bilər ki, biz bunun nümunəsini xarici ölkələrdə görmüşük. Düzdür, belə konstruksiyalar xərc tələb edir. Lakin nəzərə almaq lazımdır ki, ən dəyərli insandır, onun həyatıdır, təhlükəsizliyidir”.

Qanunda nəzərdə tutulan cərimələr

Hüquqşünas Ülvi Məmmədov deyib ki, bu məsələ Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənməlidir: “Tikinti işləri aparılan zaman səkilərin zəbt edilməsi halı “Müfəssəl plan”ın pozulmasıdır. Bu tələblər pozulduğu təqdirdə isə şəhərsalma və tikinti fəaliyyəti sahəsində müvafiq qanunvericiliyin norması pozulmuş olur”.

Hüquqşünas deyib ki, piyada səkilərini zəbt edən tikinti şirkətinin əməlləri İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinin təsiri altına da düşə bilər: “İnzibati Xətalar Məcəlləsinin 394-cü maddəsi şəhərsalma və tikinti fəaliyyəti sahəsində qanunvericiliyin pozulması hallarını özündə əks etdirir. Əgər Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozularsa, fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir”.

Rufik İSMAYILOV

 

banner

Oxşar Xəbərlər