İki okeanın yuduğu sahillərdəki nağıl - BƏLƏDÇİ

Möcüzələr adası kimi təqdim edilən Bali geniş düyü terrasları, kokos xurma sahələri və kofe plantasiyaları ilə məşhurdur. Səyahət həvəskarları Bali nağılını öz gözləri ilə görmək üçün uzun məsafələri qət etməkdən çəkinmirlər.
“Orada möcüzələr var, orada iblislər dolaşır, budaqlarda su pərisi oturur... Orada, naməlum yollarda misli görünməmiş heyvanların izləri var. Orada Tanrılar məskən salıb... Dünyanın nüfuzlu adamları orada hovuzları olan daxmalar tikib xoşbəxt yaşayırlar...” Bali haqqında izlədiyim bir səyahət filmindən yaddaşımda ilişib qalan bu təəssüratları amerikalı yazıçı Elizabet Gilbertin qələmə aldığı və öz həyat hekayəsi əsasında çəkilən “Ye, dua et və sev” filmi daha da gücləndirdi. Həyatının acı boşanmasından sonra Balidə sevdiyi “şahzadəsi”ni tapan yazıçı adanın şaman falçılarının bütün xəstəlikləri sağaltdığına və xoşbəxt gələcək xəyal etdiklərinə, mistizmi ilə sirli bir ada olduğuna, nəhayət Baliyə səfər edənlərin tək qayıtmadığına, adanın yer üzündəki cənnət və tanrıların sakit məskəni olduğuna təkcə özünü deyil, bütün dünyanı inandıra bildi...
Dünyanın səyahət həvəskarları bir gün Bali nağılını öz gözləri ilə görmək üçün uzun məsafələri qət edərək adaya uçurlar.... Onları qarşıda iki okeanın - Hind və Sakit okeanın yuduğu sahillər, ağ qumlu çimərliklər, yamyaşıl meşələr, ekzotik flora və faunaya malik təbii parklar, sönmüş vulkanlar, gurultulu şəlalələr və müalicəvi bulaqlar gözləyir. Ada həmişə unudulmaz bayram və parlaq təəssüratlar bəxş edən sürprizlər və kəşflərlə doludur. Balililər mehriban insanlardır, onlar adanın qonaqlarına həmişə səmimi yanaşırlar. Burada hər şey qeyri-adidir. Axı yerlilər 21-ci əsrdə yaşamırlar: adadakı insanlar hələ də bir dövrü 210 günə bərabər olan qədim “Pavkun” təqviminə görə yaşayırlar. Burada onlar ağ və qara sehrə və dünyanın gözəl və ahəngdar olduğuna inanırlar...
Qlobal siyasi dəyişikliklər nəticəsində yaranan axın
Balidəki kütləvi turizm sənayesi qlobal siyasi dəyişikliklər nəticəsində yaranıb. İndoneziya Prezidenti Suharto prezident olan kimi Dünya Bankının dəstəyini alıb. 1969-cu ildən Balidə ilk beşulduzlu hotellər tikilməyə başlanıb, hava limanı genişləndirilib, dünya turizmi adanın şərq və qərb sahillərinə yönəlib. Adanın mədəniyyət mərkəzi - məşhur filmin çəkildiyi Ubud kəndi 2006-cı ildə əsl qlobal ulduza çevrilib. Amerikalı yazıçı Elizabet Gilbertin kitabı işıq üzü görəndən sonra adanın sorağı dünyaya yayılıb. Bu gün Bali dünyada görülməli on adadan, ən yaxşı on tropik kurortdan biri olmaqla, İndoneziyanın inkişaf edən turizm sənayesinin əsas mərkəzinə çevrilib. 300 min əhalisi olan paytaxt Denpasar, gənclərin gecə həyatının mərkəzi olan Kuta, Culiya Robertsin oynadığı məşhur filmlə məşhurlaşan Ubud kəndi, çimərlikləri ilə məşhur Seminyak hər il milyonlarla qonaq qəbul edir. Bali okeanlararası təkrar səfərlərin reytinqinə başçılıq edir.
Adada çimərlik mövsümü aprel-oktyabr ayları aralığına təsadüf edir. Fevral-mart aylarında havanın temperaturu 26-30 arasında dəyişsə də, yerlilər çimməyi məsləhət görmürlər. Onlar qəfil musson yağışlarına öyrəşsələr də, turistlər bunu heyrətlə qarşılayırlar. Üstəlik, Balidə okeanda çimmək hər adamın orqanizminə uyğun deyil. Dəniz mövsümündə müxtəlif dəri xəstəliklərindən şikayətlənənlər çoxdur. Adanın həşərat və heyvanları da təhlükəlidir. Məsələn, çox turist adadakı məşhur Meymun cəngəlliyinə tura çıxmaqdan çəkinir: “Meymunlar insanların üzərinə cumur, əllərindəki əşyaları qapır, özlərini aqressiv aparırlar. Adanın heyvanat aləminin dilini yerli sakinlərdən yaxşı bilən yoxdur...”, - deyə yerlilər etiraf edirlər.
Bali çox maraqlı adadır. Burada bələdçi kitabçalarında yazılmayan məqamlar da var: çimərliklərdə cibgirlər, saxta valyutadəyişənlər, həmişə təmiz olmayan ictimai çimərliklər, güclü dalğalar, sualtı axınlar və s. Ancaq bütün bunlara baxmayaraq, hər il tətillərindən zövq alan milyonlarla turisti cəlb edir...
Adanın bənzərsiz mədəni ənənələri
Bali inanclı yerdir və adanın bənzərsiz mədəni ənənələri var. Cənub-Şərqi Asiyada yeganə hindu icmasının evi, dəbdəbəli dini mərasimlər, rəngarəng bayramlar, sehrli gamelan musiqisi, inanılmaz rəqslər, teatr və fərqli memarlıq qədim və müasir Bali həyatının hər anını əks etdirir.
İndoneziyada ümumilikdə 20.000-dən çox qədim məbəd və saray var. Balidə də saysız-hesabsız hindu məbədi var. Onlardan bəziləri unikaldır. Suyun üzərində “uçan” Taman Ayun Kral Məbədi, kecak rəqsi ilə şouların keçirildiyi Uluvatu məbədi kompleksi adamı heyrətə salır. Burada tez-tez turistlər üçün açıq olan möhtəşəm məbəd festivalları keçirilir. Məbədlərə ancaq xüsusi geyimlə daxil olmaq mümkündür. Adada bir-birindən yüz metr məsafədə Çin məbədi, hindu məbədi və müsəlman məscidi yerləşir.
Balidə hər ailənin həyətində öz məbədi var. Onlar inanclarına görə, əzizlərini həyətlərində dəfn etdiklərindən məzarları üzərində məbəd ucaldır və daim ayinlər icra edirlər. Bali camaatı çox mehribandır. Həyətinə daxil olduğum ailələrdən biri mehribanlıqla oturmağa dəvət edir və şükranlıq üçün hazırladığı yeməyi təklif edir. Balidə hər yerdə içərisinə müəyyən ərzaqlar qoyulmuş balaca qutulara rast gəlmək olur. Onlar bu yolla tanrıya pay göndərir və şükranlıq edirlər. Həmin qutuları tapdamaq günah sayılır.
Adada çörəkdən demək olar ki, istifadə olunmur
Ada geniş düyü terrasları, kokos xurma sahələri və kofe plantasiyaları ilə məşhurdur. Turistlər üçün bu məkanlara ayrıca turlar təşkil edilir.
Dünyanın ən bahalı kofesi olan luvak Balidə istehsal olunur. Əsasən ixrac edilən bu kofenin kiloqramı min dollardan bahadır. Ayrıca Balidə ekzotik meyvələrin kofe və çayları hazırlanır.
Düyü terrasları isə ucsuz-bucaqsızdır. Düyü yerli sakinlərin əsas qidasıdır. Balidə yerli mətbəx üstünlük təşkil edir. “Biz gündə 3 dəfə düyüdən hazırlanan yemək yeyirik. Gün ərzində bir kiloqram düyü bişirilir. Bu, bizim gündəlik qidamızdır. Bizdə çörəkdən demək olar ki, istifadə olunmur”,- deyə tur boyu bizi müşayiət edən yerli sürücü bildirir.
Adanın digər fərqli xüsusiyyəti bütün hotellərdə təklif olunan unikal və qədim reseptlərə əsaslanan müxtəlif növ masajlardır.
Bali sonsuz təəssüratların kaleydoskopu, hər zövq və yaş üçün unudulmaz bir tətildən ötrü tükənməz duyğular karnavalıdır.
Təranə Məhərrəmova
Bakı-Bali
