Alpların ətəyində italyan nağılı - BƏLƏDÇİ
Berqamo uzun illər Venesiya hakimiyyəti altında olduğundan çoxsaylı tarixi xəzinələri qoruyub saxlayır. Şəhər həqiqətən də, özündə bir çox sürprizləri gizlədir.
Berqamo şəhəri ilk baxışdan qədim tarixlə müasir həyatın harmoniyasını nümayiş etdirir. Şəhər orta əsr görünüşünü qoruyub saxlasa da, müasir sivilizasiyanın bütün üstünlüklərindən uğurla istifadə edir - hava limanı Milanın hava şəbəkəsinə qoşulub. Berqamo hava limanı əsasən yerli İtaliya daşıyıcılarından və Avropanın aşağı büdcəli aviaşirkətlərindən uçuşlar həyata keçirir. Milandan Berqamoya gündəlik qatarlar və avtobuslar işləyir. Bu şəhərin Milanla yarışan dəb şəhəri olduğundan çox səyahətçilər xəbərsizdir. Axı şəhər moda paytaxtından cəmi 50 km məsafədədir.
Berqamo vağzalı kiçik, səliqəli və təmiz binadır. Burada turistlərin, xüsusilə də gənclərin axını diqqət çəkir. Elə dəmiryolu vağzalının yanında avtovağzal yerləşir və buranı şəhərin faktiki mərkəzi hesab etmək olar.
Tarixi funikulyorla səyahət
Qatardan düşən kimi sanki başqa bir dövrlə, tamam fərqli bir aləmlə üz-üzə qalırsan.
Şəhər turunun bələdçisi Luzanna tura məşhur fransız memarı Le Korbuzyenin sözləri ilə başlayır: “Lombardiyada çoxsaylı görməli yerlərə baxmayaraq, Berqamo kimi az tanınan başqa bir şəhər yoxdur. Berqamo, həqiqətən də, bir çox sürprizləri və mədəni xəzinələri gizlədir. Mən sizə onları kəşf etməyə və şəhərin tarixi və memarlığı haqqında ən maraqlı faktları bölüşməyə kömək edəcəyəm”.
Şəhərin mərkəzinə doğru irəlilədikcə qarşımızda tipik orta əsrlər İtaliya şəhərinin mənzərəsi açılır.
Yerlilər və turistlər şəhəri iki hissəyə - Yuxarı Şəhər (Citta Alta) və Aşağı Şəhərə (Citta Bassa) bölürlər. Bu hissələri birləşdirən tarixi funikulyor hər gün yüzlərlə turist və yerli sakini şəhərin əsrlər boyu qorunub saxlanılan qədim mərkəzinə daşıyır.
Aşağıdan Yuxarı Şəhərə səyahət edərkən funikulyordan istifadə etmək məsləhətdir. Bu ərazi Berqamo Alplarının (Alpi Orobie) ürəyidir: təbiət və mənzərələr, şəhər və onun iqtisadi quruluşu, insanları və adət-ənənələri - hamısı dağlıq bölgəyə xasdır. Şəhər kiçikdir, buna görə də bütün görməli yerləri piyada asanlıqla araşdırmaq olar. Alp dağlarının ətəyində yerləşdiyindən təbiət həvəskarları üçün də cəlbedici məkandır. Qış aylarında dağ-xizək kurortları, yayda isə dağ yürüşləri və göl marşrutları turistlərin böyük marağına səbəb olur. Bu şəhər sanki bütün orta əsr şəhərlərinin ümumiləşdirilmiş obrazıdır: möhkəm, sanballı və dar küçələrində bir qədər tutqun…
16-cı əsr qala divarları
Berqamo uzun illər Venesiya hakimiyyəti altında olduğundan çoxsaylı tarixi xəzinələri qoruyub saxlayır.
Yuxarı Şəhərə daxil olan kimi dar daş küçələr, orta əsrlərə aid saraylar və Venesiya dövründən qalan qala divarları diqqəti cəlb edir. UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilən bu müdafiə divarları şəhərin zəngin keçmişinin ən mühüm simvollarından sayılır.
Yuxarı Şəhər iki əsas meydanı əhatə edir: 12-ci əsr orta əsr sarayı olan Köhnə Meydan (Piazza Vecchia) və kiçik Katedral Meydanı (Piazza del Duomo). Bu abidələr 1428-ci ildə Venesiya hakimiyyəti dövründə inşa edilib. Şəhər divarları da 16-cı əsrin ikinci yarısında venesiyalılar tərəfindən tikilib. Şəhərin mərkəzi sayılan Piazza Vecchia meydanında günün istənilən saatında canlılıq hökm sürür. Meydandakı universitet atmosferi gəncləri bir araya gətirir. Ətrafdakı kafelər və universitet tələbələrinin çılğın söhbətləri Berqamonun gündəlik həyatına xüsusi rəng qatır.
Tarixi meydanın yaxınlığında yerləşən Santa Maria Maggiore Bazilikası və Cappella Colleoni isə şəhərin memarlıq incilərindən hesab olunur. “17-ci əsrin ortalarında Yuxarı Şəhərin qalaları tikildi və şəhərin özü aşağıya doğru genişləndi. Müasir Berqamonun əsl xəzinəsi, gəzintiyə dəvət edən və incə memarlığı ilə öyünən meydançaları olan Yeni Qapı Məhəlləsidir (quartiere di Porta Nuova). Üç əsas meydança - Matteotti, Vittorio Veneto və Dante - 20-ci əsrin ikinci yarısında şəhərin görünüşünü dəyişdirən memar Marçello Piasentini tərəfindən yaradılıb”, - deyə bələdçi şəhər ekskursiyası zamanı məlumat verir.
Qədim keçmişlə müasir şəhərin ritmi
Aşağı Şəhər isə tamamilə fərqli mənzərə təqdim edir: geniş küçələr, müasir mağazalar, restoranlar və ticarət mərkəzləri Berqamonun iqtisadi həyatının əsasını təşkil edir. Buradakı “Accademia Carrara” muzeyində orta əsrlərdən Barokko dövrünə qədər uzanan zəngin rəsm kolleksiyası nümayiş etdirilir.
Berqamo Universitetindən başqa, şəhərdə 1806-cı ildə təsis edilmiş, ətrafa musiqi səsləri yayan “Gaetano Donizetti” konservatoriyası yerləşir. Berqamo həm də dünya şöhrətli opera bəstəkarı Gaetano Donizettinin doğulduğu şəhər kimi tanınır. Bəstəkarın adını daşıyan teatr və konservatoriya bu gün də şəhərin musiqi ənənələrini yaşadır.
Muzeydə isə ustadın şəxsi və peşəkar həyatından musiqi alətləri və əşyalar nümayiş olunur.
Şəhərin məşhur memarlıq abidələrində əfsanəvi Heraklın şücaətləri əks olunub. Herakl ilə Berqamo şəhərini daha çox intibah dövrü incəsənəti və memarlığı bağlayır. İntibah dövründə İtaliyada Herakl güc, cəsarət və zəka rəmzi kimi qəbul olunduğu üçün Berqamo şəhərinin saraylarında və dini-mədəni tikililərində onun obrazına toxunulub. Məsələn, Berqamonun ən önəmli tarixi abidələrindən biri olan Bazilikanın fasadında Heraklın mifoloji qəhrəmanlıqlarını təsvir edən relyeflər və bəzəklər diqqət çəkir.
Tarixi irsi, mədəni zənginliyi və sakit atmosferi ilə Berqamo İtaliyanın ən fərqli şəhərlərindən biri kimi yadda qalır. Bu şəhərə gələnlər qədim küçələrdə keçmişin izlərini hiss edir, eyni zamanda müasir şəhər həyatının ritmini yaşayırlar.
Təranə Məhərrəmova
Bakı-Milan-Berqamo