• bazar ertəsi, 28 iyul, 09:19
  • Baku Bakı 23°C

Mədəniyyət və təbiətin harmoniyası

26.07.25 02:54 298
Mədəniyyət və təbiətin harmoniyası

Malmö İsveçin üçüncü böyük şəhəridir. Ölkənin cənubunda, Skane bölgəsində yerləşir. Hazırda şəhərdə 600 mindən çox insan yaşayır. Əhalinin 40%-ni miqrantlar təşkil edir. Avropanın ən “immiqrant” şəhərlərindən biri hesab olunur.

“Malmö və İsveçin digər bölgələrində təhlükəsizlik qaydalarına ciddi riayət etmək lazımdır. Gecələr küçələrdə gəzmək tövsiyə olunmur”. İsveçə səfər etməyə hazırlaşanda eşitdiyim ilk tövsiyə bu oldu. Dedilər ki, orada silahlı qruplaşmalar var. Turistlər çantalarından ehtiyatlı olmalıdırlar... 

İsveç hökuməti bu “damğa”dan xilas olmaq üçün əlindən gələn bütün işləri görür: ilboyu şəhərlərdə müxtəlif mədəni tədbirlər, konsertlər, sərgilər, festivallar keçirilir. Zəngin tarixə və mədəni müxtəlifliyə malik Malmö dünyanın hər yerindən turistləri cəlb edir. Bu müasir metropol 2016-cı ildə İsveçin “Ən xoşbəxt şəhəri” seçilib.

Qatar suyun altından keçib körpünün üzərinə çıxır 

Kopenhagendən Malmöyə gündəlik qatarlar mərkəzi dəmir yolu stansiyasından yola düşür və səyahət 40 dəqiqə çəkir. Şimal və Baltik dənizlərini birləşdirən Oresund boğazı üzərindəki körpü Malmöya çatmaqda əsas vasitədir. Səkkiz km uzunluğunda olan körpü Avropadakı ən uzun körpü sayılır. Bu il körpünün 25 illiyi qeyd edilir. Körpü ilə səyahət çox uzun olmasa da, özlüyündə bir macəradır: dənizə və hər iki şəhərə - Malmö və Kopenhagenə möhtəşəm mənzərələr təqdim edir. Qatar suyun altından keçib körpünün üzərinə çıxır. “Discovery Channel” bu keçidin yaranma tarixi haqqında “Planetin ən möhtəşəm tikililəri” seriyasından film çəkib.

Malmöyə çatanda “pasportları hazırlayın”, - deyə sərnişinlərə xəbərdarlıq edilir. Şengen ərazisi olsa da, iki ölkə arasında ciddi sərhəd nəzarəti mövcuddur. 

Malmö İsveçin üçüncü böyük şəhəridir, ölkənin cənubunda, Skane bölgəsində yerləşir. Liman şəhərinin tarixi 13-cü əsrdən - burada kiçik bir yaşayış məntəqəsinin yarandığı vaxtdan başlayır. 

Hazırda Malmödə 600 mindən çox insan yaşayır. Əhalinin 40%-ni miqrantlar təşkil edir. Malmö Avropanın ən “immiqrant” şəhərlərindən biri hesab olunur. Şəhər əhalisinin 25 faizini müsəlmanlar təşkil edir. İmmiqrantların əksəriyyəti qonşu Danimarkanın vətəndaşlarıdır (burada qanunvericilik bir çox məsələlərdə daha sərtdir). Asiyalılar və məşhur futbolçu Zlatan İbrahimoviç kimi keçmiş Yuqoslaviya respublikalarından olan insanlar da çoxdur. 

Dünyanın ekoloji cəhətdən ən təmiz şəhərlərindən biri

Əsas attraksionların əksəriyyəti mərkəzdən piyada 30 dəqiqəlik məsafədədir. Malmödə mükəmməl nəqliyyat şəbəkəsi var.  Şəhər ən müasir metro şəbəkəsinə malikdir. Avtobuslar yaşıl rəngdədir. Malmö dünyanın ekoloji cəhətdən ən təmiz şəhərlərindən biri hesab olunur. Həmçinin Malmö Avropanın əsas velosiped şəhərlərindən biridir, səliqəli və nizamlı velosiped yolları var.

Turistlər münasib qiymətə velosiped kirayələyib şəhərin küçələrini gəzir, tarixi ilə tanış olurlar. Burada yay isti, qış mülayimdir. Yağıntılar çox olur. Malmöyə səfər etməyin ən yaxşı vaxtı yay və payızın əvvəlidir. Amma turistlər mülayim iqlimə görə bu bölgəyə il boyu səfər edirlər. Qışda bölgə xizək sürməyi sevənləri cəlb edir. Turistləri Malmöyə cəlb etmək məqsədi daşıyan tədbirlərdən biri də 1985-ci ildən bəri keçirilən illik şəhər festivalıdır.

Orta əsr İsveçinin ruhu

Şəhərin ərazisi kiçik olduğundan turistlərə əsas görməli yerləri piyada gəzmək tövsiyə olunur. Mərkəzdəki ən qədim binanı - 1310-cu ildə tikilmiş Müqəddəs Pyotr kilsəsini ziyarət edib, şəhəri danimarkalılardan geri almağı bacaran adamın heykəlini görmək üçün "Town Hall" meydanına doğru irəliləyirəm. Şəhərdəki ən qədim aptek, kiçik mağazalar və suvenir mağazaları ilə bəzədilmiş piyada küçəsi və Malmönün simvolu - qızıl taclı Qrifinin yerləşdiyi "Qustav Adolf" meydanını gəzirəm. 
Şəhərin tarixi hissəsində XVI-XIX əsrlərə aid köhnə küçələrə, həyətlərə və meydanlara baş çəkərək, orta əsr İsveçinin ruhunu hiss etməyə çalışıram. 

İnnovasiya mərkəzi kimi tanınan şəhər

Malmö innovasiya mərkəzi kimi tanınır: on min sakinə düşən patent müraciətlərinə əsasən “Forbes”in dünyanın ən ixtiraçı şəhərləri siyahısında dördüncü yeri tutur. Burada həm də skandinaviyalıların aparıcı həyat elmi klasteri olan Medicon Valley, eləcə də dünyanın bir sıra digər aparıcı İT və mobil şirkətləri yerləşir. 

Malmö Universitetinin binası da müasir tikilidir. Universitet 1998-ci ildə yaradılıb və hazırda 24 minə yaxın tələbəsi var. “Malmö keçən əsrdə gəmiqayırma və tekstilə əsaslanan sənaye şəhəri idi. Lakin iqtisadi böhran buranı “bilik şəhəri” kimi yenidən kəşf etməyə təkan oldu”, - deyə universitetin gənc müəllimi ilə söhbətim zamanı öyrənirəm: “Malmö Universitetində innovasiyaya uyğun sahibkarlıq mühiti formalaşıb. Bunun nəticəsində şəhər müasir elm, biznes və innovasiya mərkəzinə çevrilib”.

Tanış olduğum türk qadın 20 ildən artıqdır Malmödə yaşadığını dedi: “İndi burada vəziyyət əvvəllər olduğu kimi deyil, get-gedə çətinləşir. Son illər immiqrantlar çox gəlib. İsveç onlara qapılarını açdı. İndi buralara gəlmək o qədər asan olmasa da, artıq yaşayış da çətinləşib”.

10 ildir altı saatlıq iş rejimi tətbiq edilir 

Malmödə yeniyetmələrdən tutmuş yaşlı insanlara qədər hamı ingiliscə yaxşı danışır. Şəhərdə müəssisələr, bir çox kafe və mağazalar gündəlik altı saat işləyir.

Artıq 10 ildir ki, ölkədə rəsmi olaraq altı saatlıq iş günü tətbiq edilir. Bunun müqabilində müəssisə rəhbərləri iş saatlarında sosial şəbəkələrdən istifadədən və s. diqqət yayındıracaq fəaliyyətdən uzaq durmağı tapşırırlar.

İsveçlilər hesab edirlər ki, altı saat işləyən insanlar daha enerjili olurlar. Şəxsi həyatlarına, idmana və müxtəlif hobbilərinə daha çox vaxt ayırır, özlərini daha xoşbəxt və uğurlu hiss edirlər.

Təranə Məhərrəmova
Kophenagen-Malmö-Bakı

 

banner

Oxşar Xəbərlər