• cümə, 26 Aprel, 08:44
  • Baku Bakı 12°C

Peyvəndlənən hər kəs cəmiyyəti koronavirus bəlasından xilas etmiş olur

14.06.21 22:45 340
Peyvəndlənən hər kəs cəmiyyəti koronavirus bəlasından xilas etmiş olur
Bu günlərdə bütün dünyanın fərqli şəkildə hazırladığı, lakin eyni məqsədli - COVID-19 peyvəndinin üstünlükləri ilə bağlı tənzimləmələr hər kəs üçün maraqlıdır. Vaksinasiyaya erkən başlamış ölkələrdə pandemiyanın bitməsi müşahidə edilir.
BunuAZƏRTAC-a Sağlamlığa Xidmət İctimai Birliyinin icraçı direktoru, ictimai səhiyyə üzrə ekspert Pərvanə Vəliyeva deyib. Ekspert hesab edir ki, normal həyata qayıtmaq üçün peyvənd olunmaq çox vacibdir, əks təqdirdə yenə də yoluxmalar artacaq, karantin rejiminin sərtləşdirilməsi qaçılmaz olacaq. "Bütün ölkələrin ilin əvvəlindən bəri əldə etməyə çalışdıqları, uğrunda soyuq müharibə etdikləri vaksinlər artıq bir çox ölkədə demək olar ki, hər bir vətəndaş üçün əlçatandır və yer kürəsində hər gün kifayət qədər insan vaksinasiya olunur. Bunun nəticəsi olaraq ölkəmizdə də bir müddətdir ki, karantin rejimi yumşaldılır, insanların bir-biri ilə sosial əlaqələri bərpa olunur, pandemiya başlayandan bəri qapalı olan məkanlar açılır. Artıq uzun müddətdir ki, koronavirusa yoluxma tempində azalma müşahidə edilir. Ötən gün və bir necə gün əvvəl bu xəstəlikdən heç kimin vəfat etməməsi sevindirici hal oldu. Vaksinasiyanın verdiyi bəhrə açıq-aşkar hiss olunur.
Məlumdur ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın epidemioloji vəziyyəti sabit olan, müsbət dinamikanın müşahidə edildiyi bir sıra ölkələrin vətəndaşlarının ölkəmizin ərazisinə səfər edə bilməsi üçün xüsusi icazə tələb olunurdu. Bu tələbin də mərhələli şəkildə ləğv olunması planlaşdırılır və artıq 10 iyun tarixindən etibarən Rusiya Federasiyası və Türkiyə Respublikasının vətəndaşları hava yolu ilə Azərbaycan ərazisinə müəyyən edilmiş şərtlərlə səfər etmələrinə icazə verilib. Ölkəmizin ərazisinə daxil olan şəxslərin 2-ci doza peyvəndindən 2 həftə keçmişsə, artıq onların test verməsinə ehtiyac yoxdur”.
Digər ölkələrdə vaksinasiya ilə bağlı vəziyyətə toxunan ekspert bildirib ki, Avropa İttifaqına üzv dövlətlər ittifaq daxilində səyahətlərdə elektron peyvənd sertifikatını təsdiqləyib: "Sertifikatlar kağız və ya elektron şəkildə ola bilər. Burada ayrı-seçkiliyin qarşısını almaq məqsədilə vaksinasiya olunmamış şəxslərə də pasport verilir. Bu pasportlarda isə xəstəliyi keçirənlərin anticisim səviyyəsi və COVID-19 test nəticəsi qeyd ediləcək. Bu yanaşmanı dəstəkləyirəm və ölkəmizdə də tətbiq edilməsini tövsiyə edərdim. Çox zaman yeni xəstələnib sağalmış insanlarda təbii anticisimlər yaranır və onların peyvənd edilməsinə bir müddət ehtiyacı yoxdur. Avropa İttifaqı vətəndaşlarının ittifaq daxilində rahat səyahət edə bilmələri üçün bu məlumatların da elektronlaşdırılmasına qərar verib. Qeyd edim ki, Aİ ölkələrinə hazırda yalnız BioNTech-Pfizer, Moderna, AstraZeneca və Johnson and Johnson şirkətləri tərəfindən istehsal edilən vaksinləri vurduran şəxslər səyahət edə bilərlər”.
Pərvanə Vəliyeva peyvənd olunanlara edilən üstünlüklərdən də danışıb, xatırladıb ki, peyvənd olunan şəxslər istənilən qapalı məkana, ictimai yerlərə məhdudiyyətsiz daxil ola bilir. "Artıq 3 milyona yaxın insan ölkəmizdə vaksinasiya edilib ki, bu da tezliklə virusa qarşı kütləvi immunitetin yaranmasına gətirib çıxaracaqdır. Son günün statistikasına görə yalnız 45 nəfərdə virus aşkarlanıb ki, bu da müayinə olunanların 0.6 faizinin yoluxduğunu göstərir.
Bir müddət öncə virusun yeni və təhlükəli ştamlarının meydana çıxmasına və mövcud peyvəndlərin onlara təsirinin effektivliyi sual altında idi. Lakin artıq mövcud peyvəndlərin yeni ştamların da qarşısının alınmasında effektiv olduğu müəyyən edilib. Mümkün qədər sürətli vaksinasiya yoluxma sayının dəfələrlə azalmasına gətirib çıxaracaq.
Vətəndaşlarımıza tövsiyə edərdim ki, hər kəs randevu.its.gov.az saytından qeydiyyatdan keçərək peyvəndləmədə aktiv iştirak etsinlər. Peyvəndlənən hər kəs təkcə özünü deyil, eyni zamanda cəmiyyəti də bu bəladan xilas etmiş olur,” – deyə ekspert çağırış edib.
banner

Oxşar Xəbərlər