Parta arxasına keçməyin çətinlikləri - ARAŞDIRMA
"Qayğılarını
başa düşürəm, sənə həmişə dəstək olacağam. Əminəm ki, müəllimlərin də dəstək
olmağa çalışacaq. Məktəbdə çətinlik yaşasan, deyərsən. Dostlarınla ünsiyyət
qurmağa çalış, müəllimlərin suallarına cavab ver”
Pandemiya
dövründə məktəblər gah açıldı, gah bağlandı, dərslər, əsasən, onlayn keçirildi.
Bu müddətdə valideynlər ən çox ibtidai siniflərdə oxuyan övladları üçün narahat
idilər. Çünki bu uşaqların məktəbə alışqanlıqları hələ yeni formalaşır ki, bu müddəti
də evdə keçirirdilər. Bir neçə gündür ki, ibtidai sinif şagirdləri məktəbdə,
parta arxasında təhsillərinə davam etməyə başlayıblar. Proses necə gedir?
İbtidai sinif şagirdləri dərs mühitinə öyrəşə bilirlər? Uşaqların məktəbə alışması
üçün müəllim və valideynlərdən asılı olan nələrdir?
Valideynin əvəzedilməz rolu
Psixoloq
Günel Hacızadədeyir ki, uşaqların məktəb mühitinə yenidən alışmasında valideynlər daha çox
rol oynayır. Valideynin uşağı evdən hansı sözlərlə yola salması çox önəmlidir:
"Məktəbə göndərməzdən əvvəl onlarla danışmalı, hisslərini sərbəst şəkildə ifadə
etməsinə şərait yaratmalıdırlar. Çünki uşaq hisslərini ifadə edə bilərsə, özünü
rahat hiss edər. "Qayğılarını başa düşürəm, sənə həmişə dəstək olacağam. Əminəm
ki, müəllimlərin də dəstək olmağa çalışacaq. Məktəbdə çətinlik yaşasan, bunu mənə
deyərsən. Dostlarınla ünsiyyət qurmağa çalış, müəllimlərin suallarına cavab
ver”. Bu cür motivasiyaedici cümlələr qurmalıdırlar”.
Uşaq xəstələnib
evdə qalarsa...
G. Hacızadə
bildirdi ki, pandemiya dövrüdür, uşaqların virusla bağlı qorxuları,
narahatlıqları ola bilər. Bu da onların məktəbə alışmasında öz təsirini göstərə
bilər: "Uşaqlar maska taxmalı, çantalarında spirt olmalıdır. Karantinlə bağlı
bu kimi qaydaları da izah etmək lazımdır. Təlimatları verdiyimiz zaman da
narahatlığımızı hiss etdirməməliyik. Bu, yaşından asılı olmayaraq istər ibtidai
sinif uşaqlarında, istərsə də yuxarı sinif uşaqlarında təşvişə səbəb ola bilər.
Dərsə təzə başlamış uşaq xəstələnib evdə qalarsa, yeni bir travma yaranar və məktəbə
getməkdən imtina edə bilər”.
Müəllim həvəs yaratmalı
Günel Hacızadənin
sözlərinə görə, müəllimlər isə uşaqlarda dərsə gəlməyə həvəs yaratmalıdır: "Məktəbin
açılmasını çox böyük həvəslə gözləyən uşaqlar daha tez adaptasiya olacaqlar.
Ancaq məktəbə getməyə həvəsli olmayan qrup da var. Ona görə, müəllimlər
uşaqların verdikləri reaksiyalara fərdi yanaşmalıdırlar. Müəllim dərs mühitində
motivator rolunu oynamalı, müsbət enerjini ötürməyi bacarmalı, kiçik
mükafatlarla uşaqda məktəbə gəlmək həvəsi yaratmalıdır. Dərs oxuması üçün təşviq
hissi verməlidir ki, məktəbə həvəslə gedib-gələ bilsinlər”.
Lövhədə yox, partanın yanında
Psixoloq
bildirir ki, onlayn təhsildən sonra bəzi uşaqların lövhə qarşısında dərs
danışmağa alışması bir az çətin ola bilər. Müəllimlər bu qorxuları başa düşüb
şagirdlərə dəstək olmalıdır: "Məktəb və ya sosial qorxunun yaranması böyük
ehtimaldır. Çünki kompüter arxasında dərs danışmaq daha rahatdır. Müəllimlər
uşaqların lövhədə stress keçirdiklərini, özlərini ifadə edə bilmədiklərini
müşahidə edərlərsə, həmin şagirdlərə partanın yanında dayanaraq cavab verməyə şərait
yaratsınlar. Sərbəst şəkildə özünü ifadə edə bildiyi zaman lövhəyə çıxararlar.
Uşaqlar lövhə qarşısında ona görə çətinlik çəkir ki, hər kəs ona baxır və istər-istəməz
qorxu hissi yaranır, nəyisə səhv deyə biləcəyini düşünür. Parta arxasından
danışdığı zaman yalnız müəllim baxır, digərləri dinləyir deyə, özünü daha rahat
ifadə edə bilir”.
Uşaqların məktəb sevinci
Müəllim
Reyhan Dadaşovanın
sözlərinə görə, uşaqların məktəb üçün darıxdıqları ilk gündən hiss olunur:
"Uşaqların sevincinin həddi-hüdudu yox idi. Uşağın biri deyir ki, müəllim, səhərə
qədər yatmamışam. Soruşuram, ay oğul, niyə yatmayıbsan? Deyir, yatmadım ki, səhər
tez açılsın, müəllimi, uşaqları, məktəbimizi, sinfimizi görüm. Başqa biri deyir
ki, çantamı nə vaxtdan hazırlamışam. Hələ hava işıqlanmamış yerimdən qalxıb məktəbə
gəlməyi gözləmişəm”.
"Pəncərədən
çölə baxırdılar”
R.Dadaşova
bildirdi ki, uşaqlar həvəslə gəlsələr də, ilk günlər dərslərə adaptasiya cəhətdən
müəyyən çətinliklər yaşanıb: "Parta arxasında oturmaq üçün də darıxdıqları hiss
olunurdu, ancaq daha çox bir-birləri ilə söhbət etmək istəyirdilər. Tez-tez
ayağa qalxır, pəncərədən çölə baxırdılar. Dərsə qarşı diqqətləri əvvəlki kimi
deyil. Çünki telefon arxasında istədikləri hərəkəti etdiklərinə görə artıq
parta arxasında oturmaq istəməmələri də normaldır. Burda biz müəllimlərin üzərinə
düşən odur ki, onların auditoriyada dərsə alışmaqla bağlı çətinliklərini aradan
qaldıraq. Bir neçə gündür dərs başlayıb, artıq irəliləyişlər var. Çalışırıq ki,
uşaqların diqqəti yayınmasın. Sual-cavab aparır, yarışlar təşkil edir, oyunlar
keçiririk. Bunun nəticəsini də hiss edirik. Amma kənarda qalan, dərsə meyili
olmayan uşaqlar da var. Təbii ki, zamanla onlar da alışacaq. Sadəcə vaxt məsələsidir”.
"Praktiki
dərslər üçün darıxıblar”
R.Dadaşova
deyir ki, uşaqlar daha çox praktiki dərslər üçün
darıxıblar: "Pandemiya dövründə keçə bilmədiyimiz dərslərə toxunuruq,
diaqnostik qiymətləndirmə aparırıq. Əksər uşaqlar istəyirlər ki, rəsm çəksinlər,
texnologiyaya aid əşyalar hazırlasınlar. Pandemiya vaxtı bu cür dərslərlə tam məşğul
ola bilmirdilər. Evdə keçən ildən işlənməmiş plastilinləri, karandaşları, rəsm
albomları qalıb deyə, indi həvəslidirlər”.
Zərif
Salmanlı