Bu
sahəyə hər hansı formada dövlət qayğısı olmasa...
Dünyanın hər yerində kitab bazarları böhranla üzləşib.
Mütəxəssislərin bir qismi vəziyyəti pandemiya ilə bağlayırlarsa, bir qismi,
ümumən kitaba marağın azalması, mütaliə üçün internet resursların mövcudluğu və
başqa səbəblərlə əlaqələndirirlər. Məsələn, Rusiya kitab bazarı son on ildə ən
böyük itki ilə qarşılaşıb. İnternet vasitəsilə satış təşkil etmək, elektron
formatlar da koronavirus böhranı ilə mübarizədə acizdir. Naşirlər offlayn
satışları təşkil etmək üçün bütün cəhdləri göstərsələr də, uğursuzluqla üzləşirlər.
2020-ci ilin ilk üç rübündə Rusiyada 255 milyon nüsxə
kitab nəşr olunub. Ekspertlər bu rəqəmin bir il əvvələ nisbətən 20% az olduğunu
bildirirlər. İlin sonuna qədər azalma, internet üzərindən alış-verişə olan tələbin
aşağı düşməsini də nəzərə alaraq, bu, ümumiyyətlə son illərin böhranından bəri ən
güclü geriləmə hesab edilir. Mütəxəssislər, ümumiyyətlə, Rusiyanın kitab sənayesinin
xarici bazarlardan daha pis vəziyyətdə olduğunu qeyd edirlər. Rusiyadakı
satışlar, məsələn, ABŞ-da (dünyanın ən böyük kitab bazarı) və Böyük
Britaniyadakı (üçüncü ən böyük bazar) satışlardan daha çox azalıb. Bu mənada
Rusiyada vəziyyət ABŞ, Böyük Britaniya və ya Fransadakından daha ağırdır. İnternet
Nəşrlər Assosiasiyasının rəhbəri Vladimir Xaritonov rus bazarının daha böyük həssaslığının
səbəbini ölkədə pandemiya başlamazdan əvvəl onlayn kitab satışlarının xarici
ölkələrdə olduğu kimi qurulmaması ilə əlaqələndirir: "Rusiyada internet
mağazalarının infrastrukturu hələ o qədər də inkişaf etməyib, bölgələrdə kifayət
qədər kitab satış məntəqəsi yoxdur. Həmçinin
oxucuların kütləvi şəkildə onlayn kitab almaq vərdişləri formalaşmayıb.
Məsələn, Novosibirsk, Krasnodar, Xabarovskdakı onlayn mağazaların anbarlarına
çoxlu kitab yerləşdirdik və bölgələrə uyğun reklam kampaniyalarına başladıq,
amma işə yaramadı”.
"Alpina”
nəşriyyat qrupunun baş direktoru Aleksey İlyin də bu fikri təsdiqləyir:
"ABŞ-dakı nəşriyyatçılar yaxşı işləyirlər, çünki 20 ildən çoxdur ki, pərakəndə
satışların yarısından çoxunu təşkil edən nəhəng "Amazon” var. Bu şirkət ABŞ-ın istənilən yerində mallar təqdim
edə bilər. Kitab almaq istəyən hər bir amerikalının ağlına ilk gələn "Amazon”
olur. Təəssüf ki, həmişə kitab mütaliəsi ilə nümunə göstərilən Rusiyada belə
bir sistem qura bilmədik. Xüsusən Rusiyanın ucqarlarında vəziyyət daha çətindir.
Pandemiya isə ən böyük zərbəni elə kitab sənayesinə vurdu”.
Optimal olmayan variant "Bizim
nəşriyyatlar korona böhranı ilə necə mübarizə aparır? Vəziyyətdən çıxış
yollarını nədə görürlər?” sualları ətrafında söhbətləşdiyimiz naşirlərin fikirləri
vəziyyətin heç də qonşu Rusiyadan yaxşı olmadığını deməyə əsas verir. Xüsusən,
onlayn kitab satışı ilə bağlı infrastrukturun təşkil olunmaması, kitab
mağazalarının azlığı, elektron kitab satışı ənənəsinin olmaması və bunu
formalaşdırmağa cəhdin yoxluğu bu sahədəki böhranı dərinləşdirən məqamlardır.
Pandemiyanın yaratdığı çətinliklər, sərt karantin rejimi, ali və orta ümumtəhsil məktəblərinin distant
təhsilə keçməsi, əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi, ümumən,
insanların diqqətlərini daha çox sosial problemlərin həllinə yönəltməsi, belə
deyək, kitab oxumaq halında olmamaları da, təbii ki, kitabçıların bazarına təsirsiz
ötüşməyib. Ölkədə karantin rejiminin qapatdığı kitab mağazalarının fəaliyyət
göstərməməsi, nəşr sənayesinə, xüsusən
"sürprizlər” yaşadır. Çıxış yolu nədədir?
"Qanun” nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlu yaranan
çətinliyi COVİD-19 pandemiyası ilə əlaqələndirir: "Başa düşürük ki, həyatımız gərginləşib.
İndi virusa yoluxanların sayı artır, vəziyyət gərginləşir. Dövlət bununla bağlı
tədbirlər görməlidir. Bütün hallarda bu, ümumi gələn bəladır. Hamımız birlikdə
bu bəlaya qalib gəlməliyik. Amma hesab eləmirəm ki, kitab dükanlarının
bağlanması ən optimal variantdır. Bəlkə də daha fərqli tədbirlər görmək olardı.
Həftə sonları onlayn satışlar da qadağan olunub. Axı bizdə onlayn satışlar da
yayğın bir üsul deyil”. Naşir, bununla belə internet üzərindən kitab satışlarını
həyata keçirməyə çalışdıqlarını deyir: "İnternet satış üzərindən bütün növ ədəbiyyat alınır. Bu, əlbəttə zövqə
baxır. İndi daha çox özünüinkişaf kitabları, detektiv əsərlər alınır. Son
vaxtlar tarixlə bağlı kitablara maraq artıb. Xüsusən, 44 günlük müharibədən
sonra bu əsərlərin satışında artım var. Ümidimizi itirmirik. Artıq bir ildir
pandemiya şəraitində işləyirik. Kitab mağazaları işləmir. Buna baxmayaraq, biz
nəşriyyatı qoruyub saxlayırıq. Yenə əvvəl olduğu kimi, hər gün yeni bir kitab nəşr
edirik. Bizi yaşadan ümiddir”. Kitab mağazalarını açıq saxlamaq
olardı...
"Parlaq imzalar” nəşriyyatının rəhbəri
Nurman Tariq "bu böhranda, şübhəsiz,
daha çox mənfi təsirə məruz qalan sahələrdən biri də kitab sənayesidir” deyir:
"Son illərdə müəyyən inkişaf olsa da, hər kəsə məlumdur ki, ölkəmizdə
kitabçılığın vəziyyəti ürəkaçan deyil. Pandemiya dövründə isə gəlirlərin kəskin
azaldığını nəzərə alsaq, bu vəziyyət daha da ağırlaşıb. Hazırda insanlar gündəlik
tələbat mallarının alınması ilə kifayətlənirlər, əllərindəki pulları
ölçülü-biçili xərcləyirlər. Kitab isə çox təəssüf ki, əksər insanlarımız üçün zərurət
hesab olunacaq vasitə deyil, istehlak siyahısında son yerləri tutur. Gəlirlər
azaldıqca, kitab o siyahıda öz yerini başqa ehtiyaclara verməli olur. Son 2-3
ildə bir sıra gənc dostlar da kitabçılıq sahəsinə üz tutmuşdular, canlanma var
idi, kiçik də olsa, yeni nəşriyyatlar yaranmağa başlayırdı. Hazırda isə görünən
budur ki, onlar fəaliyyətini dondurublar, yaxud birdəfəlik dayandırıblar. Bu
sahəyə hər hansı formada dövlət qayğısı olmasa, kitabçılığın gələcəyi yaxşı
görsənmir”. Naşir deyir ki, internet üzərindən kitab satışını təşkil etməyə
nail olsalar da, sonradan müharibə şəraiti yaranıb: "Pandemiyanın
birinci dalğasında kitab mağazaları bağlı olanda nəşriyyatlar, eləcə də "Parlaq
imzalar” satışı onlayn formada həyata keçirirdi. Biz iki ay müddətinə çox əlverişli,
o günə qədər etmədiyimiz formatda endirim kampaniyası və ölkə üzrə pulsuz
çatdırma xidməti həyata keçirdik. Oxucularımız da çox razı qaldılar. Sözün əsl
mənasında komanda olaraq gecə-gündüz çalışdıq və deyə bilərəm ki, pandemiyanın
birinci dalğasından az zərərlə çıxmağı bacardıq. Sonra yay fəsli... Yay ayları
kitabçılıq üçün zəifləmə dövrüdür, bu müddətdə nəşriyyatlar daha çox payız-qış
mövsümünə hazırlaşırlar. Sonra Vətən Müharibəmiz başladı. Şanlı müharibəmiz və
döyüş meydanında qəhrəmanlıq əsərləri yazan əsgərlərimiz biz naşirlərə də,
oxuculara da kitabı və demək olar, hər şeyi unutdurdu. Qələbə
sevinci ilə planlar qurub qışa, yəni kitab mövsümünə başlamaq istəyirdik ki,
pandemiyanın ikinci dalğası bizi haqladı və indi də ikinci qapanma başlayır”.
Naşir əksər şirkətlər kimi, növbəti qapanmaya hazır olmadıqlarını deyir: "İndi
insanların gəliri daha da azalıb, o baxımdan onlayn satışda da yüksək nəticənin
baş verməsi mümkün deyil”. Naşir pandemiya dövründə kitab nəşri üçün az da olsa
müraciətlərin olduğunu deyir: "Əvvəlki
vaxtlara nisbətdə çox az müraciət olur. Müəlliflər hazırda yazmaqdan və
kitabdan daha zəruri məsələlər haqqında düşünürlər. Doğrusu, ölkədə kitab əhval-ruhiyyəsi
də yoxdur”.
Elektron kitab satışına gəlincə,
naşir bildirir ki, bu satış ənənəsi müxtəlif səbəblərdən ölkəmizdə
formalaşmayıb. Belə ki, əksər kitabların PDF variantının əlçatanlığı da buna
mane olur: "Çox güman ki, gəlirlərin daha da azaldığı bu şəraitdə, oxucuların
bir çoxu almaq istədikləri kitabları digər dillərdə PDF şəklində oxumağa
başlayacaq”.
Naşir
vurğuladı ki, kitab mağazalarının bağlı olması isə nəşriyyatların işinə,
ümumiyyətlə, mane olur: "Nəşriyyatların özləri hər nə qədər onlayn satışla məşğul
olsalar da, kitab satışlarının əsas və böyük hissəsini kitab mağazaları vasitəsi
ilə həyata keçirirlər. Bu halda isə nəşriyyatların gəliri kəskin azalır. Beləliklə,
bu sahə ilə bağlı olan insanların da maddi vəziyyəti ağırlaşacaq. Qapanma müddətinin
artırılma ehtimalının da olduğunu nəzərə alsaq, tərcüməçi, redaktor kimi, nəşriyyatlarla
birbaşa bağlı olan bir çox insanlarla da əməkdaşlıq dayanacaq.
Əksər sahələr kimi kitabçılıq sənayesi də kiçilərək "sağ qalmaq” yolunu
tutacaq. Bu da, onsuz da çətinliklə ayaqda qalan kitabçılıq sənayesini çox ağır
duruma salacaq. Düşünürəm ki, qapanmada kitab mağazalarını istisna etmək mümkün
idi. Bu, həm də simvolik bir addım olardı. Necə ki, bioloji ehtiyac baxımından
marketlər açıqdır, necə ki, fiziki sağlamlıq üçün apteklər açıqdır, eləcə də
ruhi ehtiyac baxımından da kitab mağazalarını açıq saxlamaq olardı. Onsuz da, təəssüf
ki, kitab mağazalarında nə növbə var, nə də insan izdihamı”. İki il əvvəl və ya
keçən illə vəziyyətlərini müqayisə edən naşir bildirir ki, 2020-ci ilə böyük planlarla başlasalar da, heç hədəflərinin 50%-ni
həyata keçirə bilməyiblər. Bununla belə ümidlərini itirmirlər: "Olsun, əsas
odur ki, bu boz ildə ordumuz şanlı qələbə qazandı, necə deyərlər, Vətən bağı
al-əlvandır! Bu, bütün çətinlikləri unutdurmağa kifayət edir və gələcəyimiz
üçün çox böyük ümidlər bəxş edir. Allah şəhidlərimizə rəhmət etsin! Bir ömür
onlara borcluyuq!” Təranə
Məhərrəmova