AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Pandemiya və müharibənin iqtisadi təsirləri

Pandemiya və müharibənin iqtisadi təsirləri

İqtisadiyyat
03 Mart 2021, 21:15 418
Koronavirus pandemiyası ilə yanaşı, 2-ci Qarabağ müharibəsi Ermənistanda iqtisadi böhrana gətirib çıxardı. Azərbaycan isə eyni təhdidlərlə üz-üzə qalmasına rəğmən, vəziyyətdən üzüağ çıxmağı bacardı. Belə ki, pandemiya və müharibəyə baxmayaraq, turizm sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində artım qeydə alınıb. İxrac gösəriciləri və dünya ölkələri ilə ticarət dövriyyəsi artıb.
2020-ci ildə Azərbaycan iqtisadiyyatı şoklara qarşı adekvat reaksiyası ilə bütün çağırışlara cavab verdi. "Gallup International”ın son sorğularının nəticəsinə əsasən dünyada iqtisadi nikbinlik indeksinə görə Azərbaycan ilk üçlükdə qərarlaşıb. Müzəffər Ali Baş Komandanın rəhbərliyilə Ordumuzun qələbəsi özgüvəni və inamı artırıb ki, bu da iqtisadi inkişafımıza əlavə töhfə verəcək.
2020-ci ildə "fiskal fəza”dan istifadə etməklə dövlət büdcəsində 2,3 milyard manatlıq maliyyə təminatının yaradılması və Mərkəzi Bank tərəfindən ünvanlı likvidlik dəstəyinin göstərilməsi bütövlükdə pandemiya ilə mübarizədə öz sözünü dedi.
Dünya Bankının proqnozlarına görə, 2021-ci ildə Azərbaycanda Ümumi Daxili Məhsul artımı 1,9 faiz təşkil edəcək, 2022-ci ildə isə iqtisadi artım 4,5 faizə qədər sürətlənəcək.
Ermənistan barədə isə bütün bunların tam əksini söyləmək mümkündür. Çünki iqtisadiyyatın heç bir sahəsində artımdan söhbət belə getmir, əksinə ümumi daxili məhsuldan tutmuş, ixraca qədər hər istiqamətdə azalma qeydə alınıb.
Ermənistanın statistika idarəsinin açıqladığı məlumatlara görə, 2020-ci ildə bu ölkənin xarici ticarət dövriyyəsi 7,1 milyard dollar təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,2% (2019-cu ildə - 8,2 milyard dollar) azdır. Eləcə də Ermənistanın Aİİ üzv ölkələri ilə xarici ticarət dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,6% azalaraq 2,2 milyard dollar təşkil edib, o cümlədən Rusiya - 2,1 milyard dollar (azalma - 3,5%), Qırğızıstan - 2.0 milyon dollar (azalma - 63.2%).
2020-ci ilin yanvar-dekabr aylarında Ermənistandan ixrac 2,5 milyard dollar təşkil edib, bu göstərici əvvəlki ilin eyni dövrünə nisbətən 3,9% (2019-cu ildə 2,6 milyard dollar) azalıb. Ermənistan Respublikasından Aİİ-yə üzv ölkələrə ixrac 705,3 milyon dollar təşkil edib, göstərici əvvəlki ilin eyni dövrünə nisbətən 8,3% azalıb (2019-cu ildə 769,2 milyon dollar), o cümlədən Rusiya - 676,0 milyon dollar (azalma - 9,0) %) və Qırğızıstan - 1, 6 milyon dollar (azalma - 48,7%).
Həmçinin, 2020-ci ilin yanvar-dekabr aylarında Ermənistana idxal mənşə ölkələrinə görə 4,6 milyard dollar təşkil edib, bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,7% (2019-cu ildə 5,5 milyard dollar) azalıb.
Rəsmi statistikaya görə, Rusiya Ermənistanın Aİİ üzv ölkələri ilə xarici ticarətində lider mövqeyini qoruyur. Ermənistan əsasən Rusiyaya alkoqol, meyvə, tərəvəz, geyim, balıq, şokolad və s. ixrac edir.
Göründüyü kimi, iqtisadiyyatının çöküş ilini yaşayan Ermənistanın hazırda demək olar ki, yeganə və əsas bazarı Rusiyadır. Mövcud iqtidarın bu ölkə ilə münasibətlərini və regionda baş verən prosesləri də nəzərə alsaq, demək olar ki, 2021-ci ildə Rusiya ilə ticarət əlaqələri daha da zəifləyəcək və Ermənistan həmişə olduğu kimi regiondan təcrid durumunda qalacaq. (Trend)