Pandemiya buxovundan ədəbiyyatın nəhayətsizliyinə... - REPORTAJ
Şairlər bir-biri ilə söhbət
edir, qarşılıqlı ədəbiyyat mübadiləsi
ilə bağlı müzakirə aparır, yaxud da şeir oxuyur, məşhur yazarların əsərləri
barədə "dərdləşirdilər”. Bir sözlə,
həmin anlarda orada – söz adamlarının əhatəsində "hər yer ədəbiyyat”
idi.
Təzə sətirdən...
Bu dəfə Belqrada, sanki ilk
dəfə idi yollanırdım, halbuki bu, mənim Serbiyaya dördüncü səfərimdir.
Sənədlərimi - Covid pasportumu, koronavirus testimin cavabını bircə-bircə
"yoxlayandan” sonra qəfil yadıma düşdü ki, pasportumu götürməmişəm. Sən demə,
bu lənətəgəlmiş virus öz varlığını bizim varlığımızdan önə keçirib: ona görə də,
birinci onun pasportunu cibimizə qoyuruq, sonra özümüzünkünü.
Bu situasiyadan sonra
anladım ki, yəqin, "dünya düzəni dəyişəcək” deyənlər həm də bu cür həssas məqamları
nəzərdə tuturlarmış: Sən demə, düzənini dəyişən dünyada bizi narahat edən
sənədlərin sayı çoxalacaq, daim xəstə olub-olmamağımızla bağlı hesabat
səfərbərliyində olacaqmışıq. Amma neynək, atalarımız "ellə gələn bəla
toy-bayramdır” deyiblər...
Heydər Əliyev
adına Beynəlxalq Hava Limanından təyyarə ilə İstanbula, oradan da Belqrada
uçuram. Gözləmələrlə birgə 14 saat davam edən yol narahatlığına təyyarənin
Belqradda yerə sürtülən təkərləri son qoyur...
Qədim dostlarla
Belqrada Nikola Teslanın
adını daşıyan hava limanında məni adıçəkilən ölkənin Yazıçılar Birliyinin
əməkdaşı Milan Paniç və onun həyat yoldaşı, tanınmış tərcüməçi, ədəbiyyatşünas
Nina Smic qarşılayırlar. Bu cütlüklə artıq dörd ildir davam edən dostluğumuz,
əməkdaşlığımız var. Belə ki, onlar iki il öncə mənim "Qəlbin tərbiyə dərsləri”
adlı şeir kitabımı serb dilinə tərcümə edərək
Belqradda çap etmişdilər.
Serbiyada keçirilən Dünya
Yazarlarının Beynəlxalq Belqrad Görüşü iki ildir ki, məlum pandemiya səbəbi ilə
ənənəvi qaydada keçirilmirdi. Şükürlər olsun ki, bu ildən ədəbi festival real
şöhrətini və əhəmiyyətini bərpa elədi.
Açılış mərasimi...
Nə xoş ki, 1-4 oktyabr
tarixlərində Serbiya Respublikasının paytaxtında keçirilən Dünya Yazarlarının
58-ci Belqrad Görüşündə ölkəmizi təmsil etmək qüruru mənə nəsib oldu. Göz
dəyməsin, builki festivalın təmsilçiləri də sayılıb-seçilən söz sənətkarları
idi: Bolqarıstandan İva Nikolova, Yunanıstandan Dmitris Leonçakos, Petros
Qoliçis, Rumıniyadan Boqdan Munteany, Tudor Kreçu, Rusiyadan Vadim Mesyaç, Slovakiyadan
Qustav Mulin. Serbiyadan isə Predraq Byeloşeviç, Qoran Vraçar, Jelko Prjul
iştirak edirdilər.
Oktyabr ayının 1-də Kraliça
Lyubiçenin İmarətində beynəlxalq ədəbi
tədbirin rəsmi açılış mərasimi baş tutdu. Təntənəli tədbirdə Serbiya Mədəniyyət
Nazirliyinin rəsmiləri qonaqları salamladılar, daha sonra Serbiya Yazıçılar
Birliyinin sədri Milovan Vitezoviç çıxış edərək serb ədəbiyyatından, dünya
mədəniyyətindən geniş danışdı. Birliyin sədri məzmunlu nitqində ədəbiyyatın
xalqların taleyindəki rolundan bəhs edib, qonaqları tədbir iştirakçılarına
geniş bioqrafik məlumatlar verərək təqdim elədi.
Şeirin nəğmə, nəğmənin
şeirlə vəhdəti
Birinci günün tədbirində
qonaq yazarlar Nobel mükafatçısı İvo Andriçin ev muzeyini, daha sonra Kitab və
Səyahət Muzeyini ziyarət etdilər. Günün sonunda isə Serbiya Yazıçılar
Birliyinin konfrans zalında şeir saatı keçirildi. Poeziya saatında ingilis
dilində "Mən” (I) adlı şeirimi oxudum, Nina Smiç isə həmin poetik nümunənin
tərcüməsini səsləndirdi. Beləcə, bir-bir bütün qonaq şairlər şeirlərini
səsləndirdilər. Slovakiyalı şair Qustav
isə baməzə bir adamdı, gün boyunca hər kəsin ürəyinə yol tapan zarafatları ilə
əhatəsindəki bütün insanlara isinişmişdi. Qustav görəndə ki, zal coşqusuzdur,
tədbir yeknəsəq keçir, söz imkanı ona veriləndə səhnəyə çıxıb dedi: "Mən şeir
yox, şeirlərimə bəstələnən iki mahnı oxumaq istəyirəm”. Qustavın oxuduğu şux
mahnılar hələ canında ötən günün yol yorğunluğu qalan iştirakçıların kefini
durultdu, hər kəsin çöhrəsinə təbəssüm qondurdu. Bu performans şeirin nəğmə
ilə, nəğmənin də şeirlə vəhdətinin əbədi olduğuna növbəti sübutu oldu.
Növbəti gün
Oktyabr ayının 2-də isə
Belqrad Milli Muzeyinin və Nikola Tesla Muzeyinin ziyarətçisi olduq, daha sonra
Kalemeqdan (Qalameydan) adlı tarixi şəhərciyə səyahət elədik. Yol boyunca
şairlər bir-biri ilə söhbət edir,
qarşılıqlı ədəbiyyat mübadiləsi ilə bağlı müzakirə aparır, yaxud da şeir
oxuyur, məşhur yazarların əsərləri barədə "dərdləşirdilər”. Bir sözlə, həmin anlarda orada – söz adamlarının
əhatəsində "hər yer ədəbiyyat” idi.
Həmin gün İvo Andriçin yaradıcılığı, eləcə də Nobel mükafatı
ətrafında müzakirələr, Bora Stankoviçin 145 illik yubileyi, Vasko Paponun
ölümünün 30 illiyi, Qustav Flober və Fyodor Mixayloviç Dostoyevskinin anadan
olmasının 200 illiyinə həsr olunmuş tədbirlər keçirildi. Həmin tədbirlərin
moderatorları, idarəçiləri professor Aleksandr Çerkov, professor, Milovoye
Pavloviç, filologiya elmlər doktoru Zoran Avramoviç, Veselin Mişniç, Milan
Mixayloviç və Milan Bunevaç idi. Daha sonra Serbiya Yazıçılar Birliyində
"Bölgədəki Diaspora və serblər” mövzusunda müzakirə saatı baş tutdu Tədbirin
çıxışçıları Slavimir Qbozdenoviç, Bojiça Velosis, Predraq Despotoviç, Milan
Bunevaç, Radenko Popoviç, Nikola Şuyina, Noviça Sobril və Jarko Milenoviç idi.
Müxtəlif panellər üzrə qızğın ədəbi müzakirələr, mübahisələr gedirdi.
Nə yaxşı ki, yemək fasiləsi
vardı
Qeyd olunan tədbirlərdə
beynəlxalq təmsilçi sayılan şairlər də çıxış edir və fikirlərini bildirirdilər.
Festivala bir neçə dəfə qatılan biri kimi deyə bilərəm ki, son üç illə
müqayisədə bu il festivalın gündəliyi daha zəngin idi. Sanki son iki ildə
keçirilməyən festivalların da ədəbi
fikir ağırlığı bu festivalın üzərinə düşmüşdü. Ona görə də, hərdən şairlər,
iştirakçılar gileylənirdilər ki, nə yaxşı ki, yemək fasiləsi var, yoxsa göz
açmağa fürsətimiz olmazdı: Bir tədbir bitir, o biri başlayırdı, bu muzeydən
çıxıb o birinin ziyarət edirdik...
Mükafatlandırma mərasimi...
Oktyabr ayının 3-də
"Povejla Morave” mükafatının təqdimetmə mərasimi üçün Çaçak vilayətinə yola
düşdük. Və şəhər məktəblərin birinin həyətindəki amfiteatrda tədbir başladı.
Tədbirdə mükafatın builki qaliblərini -
Duşko M. Petroviç, Vidak M.
Maslovariçi və bu sətirlərin müəllifini səhnəyə dəvət etdilər. Qeyd edim ki, bu
mükafat pul və diplomdan
ibarətdir. Eyni zamanda Çaçak şəhərinin Mırçayevçi qəsəbəsindəki şairlər
məhəlləsinin girişində yerləşən bulağın yanındakı daş lövhəyə qaliblərin adını
xüsusi mərmərə həkk edərək vururlar. Bu ödül Balkan və ətraf ölkələrdə çox
böyük nüfuza malikdir.
Adımız daş lövhəyə yazılır
və biz...
Mükafatlandırma mərasimində
mən də çıxış etdim. İstərdim ki, çıxışımdakı fikirlərimi olduğu kimi təqdim
edim. Belə ki, ingilis dilində oxuduğum mətni Nina Smic bir həftə əvvəl serb
dilinə tərcümə etmişdi. "Adlarımızın həkk olunduğu daş lövhə və kəpənək ömrü”
adlı çıxışımın mətni belə idi: "Əziz həmkarlar və dəyərli tədbir iştirakçıları!
Məni layiq bildiyiniz bu
mükafat məndən əvvəl akademiklər Matija Beckoviç, Radomir Andriç, Adam
Puslojiçə, yaxud böyük yazarlardan Vyeslav Kuprijanov, Adrian Paunesçu, Ricard
Burns, Gzegoz Latusinski, Vasilj Mahnoya və başqalarına verilib. Və bizim
adlarımız bir yerdə Çacak qəsəbəsi yaxınlığındakı Mırçayevçi şəhərində, digər
qaliblərin adları ilə birlikdə daş üzərində həkk olunub. Sponsor olaraq cənab
Milun Todoroviç, onun müavini cənab Vladan Miliç, Serbiya Yazıçılar Birliyinin
prezidenti cənab Milovan Vitezoviçə təşəkkür edirəm. Milan Paniçə də xüsusi
minnətdarlığımı bildirirəm. Həmçinin Mırçayaveçi Yazıçılar Birliyi heyətinə,
Çacak qəsəbəsinin rəhbərliyinə "çox sağ olun” deyirəm. Bu gün adımız daş lövhəyə yazılır və biz
Çacak qəsəbəsinin sakininə çevrilirik.
Kəpənək ömrü qədər deyilmi?
İnsan qədimdən bəri adını
ona görə daşın üzərinə yazır ki, daşı, başqa bərk maddələri özündən daha əbədi
hesab edir. Əksəriyyət fani nemətlər üçün, dünyanı dərk edənlər isə əbədiyyət
üçün savaşır. Mişel Monten kəpənəyə baxıb Allahdan soruşur ki, bu kəpənək bir
gün sonra öləcəksə, onu niyə yaratdın? Və hələ bu azmış kimi bir gün ərzində
ölən kəpənəyin də günorta öləni cavan, axşamüstü öləni isə qoca sayılır. Sonra
başını qaldıraraq milyon illik dağlara baxıb düşünür ki, mənim də ömrüm bu
dağlara nisbətdə elə bir gün ərzində yaranıb yox olan kəpənək ömrü qədər
deyilmi? Həmin dağların ömrüsə qalaktikaların yaşam müddəti ilə müqayisədə
kəpənək ömrü qədərdir. Beləcə hər kəs öz başının üzərindəkinə – ondan daha
qədim olana baxdıqca, ömrünün daha qısa olduğunu dərk edir. Və bu nisbətlər
kimini məyus edir, kimini isə həyata daha da həvəsləndirir.
Nə yaxşı siz məni, mən də
sizi görürəm...
Dahi Azərbaycan şairi
Nizami Gəncəvinin "Xosrov və Şirin” əsərində Xosrov şah taxta çıxandan bir neçə
gün sonra xalqın meydana cəm olmasını əmr edir. İnsanların sırası isə bu
şəkildə düzülmüşdü: Birinci səfdə zənginlər, arxada kasıblar, üçüncü sırada
əlillər, dördüncüdə dustaqlar, beşinci sırada isə daha ağır cinayət işləyən
qatillər. Şah "geri dön” əmri verir və hər kəs arxaya çevrilir. Belə olan
təqdirdə, sıradakı varlılar qarşılarındakı yoxsulları görüb öz aqibətlərinə
sevindilər, yoxsullar onlardan öndə dayanan xəstələrə nəzər salıb
sağlamlıqlarına görə Allaha şükür etdilər. Xəstələr çevrilib dustaqları görəndə
gen dünyada asudə gəzə bilməyin ləzzətini anladılar, dustaqlar isə daha ağır
cinayət işləmiş qatillərə baxıb cəzalarının daha tez başa çatacağını düşünüb
rahatlıq tapdılar. Qatillər isə çevrilib dünyanın nəhayətsizliyini – qarşılarındakı ümid yolunu görüb həyata daha
çox bağlandılar. Bu ibrətamiz yığıncaq çoxlarının qəlbində Allaha şükür,
dövlətə sədaqət hissini daha da artırdı. Həmin ölkə dünyanın ən gözəl və
ədalətli məmləkətinə çevrildi...
Ədəbiyyat bir dünyanı dərk
etmək, şərtilikləri anlamaq baxımından bizə qarşımızdakıları dəqiq görməyi və
anlamağı öyrədir. Nə yaxşı ki, indi bu zalda ədəbiyyat vasitəsi ilə siz məni,
mən də sizi görürəm... Diqqətiniz üçün təşəkkür edirəm...”
Ölkəmizin adı
Çıxışçılardan sonra Serbiya
Yazıçılar Birliyinin sabiq sədri Radomir Andriç söz alıb Azərbaycan və onun ədəbiyyatı
haqqında, xüsusən Xalq yazıçısı Anar, Səlim Babullaoğlu yaradıcılığı barədə xoş
sözlər dedi. Ölkəmiz haqqında bu cür
yüksək fikirlərin olması, əlbəttə, adamın ürəyini açır. Qeyd edim ki, o günlərdə
Qarabağ zəfərimiz barədə, Azərbaycan tarixi haqqında bir çox yazarlara əhatəli
məlumat verir, ölkəmizin haqq mübarizəsindən danışırdım. Söhbətlərdən aldığım
təəssürat bu idi ki, dünyanın müxtəlif ölkələrindən olan şairlər ölkəmizin haqq
səsinə inanır və haqlı tərəf kimi dövlətimizi və xalqımızı görürlər. Və
beyinlərdə "erməninin o torpaqlarda nə işi var?” haqlı sualı da artıq sual yox,
nidalı cümlə kimi tamamlanır.
Fəxri Vətəndaş
Festivalın son günündə
şairlər dəstələrə bölünərək Serbiyanın müxtəlif vilayətlərinə yollandılar. Biz
- İva Nikolova, Milan, Nina və mən Semska Mitrovika - İmperatorluq şəhərinə
gəldik. Axşam saatlarındakı növbəti tədbirlə ədəbi festival tamamlandı. Musiqili
şeir axşamında Serbiyanın müxtəlif vilayətlərindən gəlmiş şairlər, eləcə də İva
xanım və mən şeirlərimizi oxuduq. Sevindirici haldır ki, mən bu şəhərin Fəxri
Vətəndaşı seçildim. Bununla bağlı sənədi adıçəkilən şəhərin meri Svetlana
Milonaviç təqdim etdi. Bu şəhər Serbiyanın dilbər guşələrindən sayılır,
ekzotik, tarixi, və tolerant mahiyyəti ilə seçilir.
Qeyd
edim ki, bundan başqa Serbiya Yazıçılar Birliyi ilə Mırçayevçi Yazıçılar
Birliyinin birgə verdiyi başqa bir ədəbi mükafatına da layiq görüldüm. Beləcə,
iki mükafat və Fəxri Vətəndaşlıq sənədi ilə ölkəmə qayıtdım.
Və
indi Fəxri Vətəndaş sənədinə öz doğma Vətənimdə baxaraq minnətdarlıqla
düşünürəm: Fəxr ünvanımız birdir: Azərbaycan.
Şükür Azərbaycana!
Fərid Hüseyn