• şənbə, 20 Aprel, 16:37
  • Baku Bakı 23°C

“Oyun”çuların “Solğun sevgilər”i

14.03.20 10:45 2803
“Oyun”çuların “Solğun sevgilər”i
Sağlamlıq imkanları məhdud həvəskarların cəlb olunduğu teatrın əldə etdiyi nailiyyətlər xüsusi qeyd olunmalıdır
Çiçək solan bir varlıqdır. Çiçək solduqda həyatı sona yetir, bəs görəsən, sevgi solduqda onu hansı aqibət gözləyir? O da çiçək kimi ölümə məhkum olurmu?
Baxır, müəllif ona hansı aspektdən və yöndən boylanır. Ötən il Cəfər Cabbarlının 120 illiyi qeyd olunduqda, onun yaradıcılığında nisgilli məhəbbət hekayəsi olan "Solğun çiçəklər”in nə üçün yeni bir səhnə həlli ilə rastlaşmadığını düşünürdüm. Amma düşündüyümü Kukla Teatrının səhnəsində izləyəcəyim ağlımın ucundan belə keçməzdi.
Qələmə alındığı zamandan fərqli teatrlarda, bir-birindən maraqlı quruluşlarda səhnə həyatı yaşayan kədər notlu əbədiyaşar məhəbbət dastanın növbəti baxış ünvanı Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı oldu. Amma bu dəfə tam müasir tərtibat və quruluşda "Solğun sevgilər" kimi tamaşaçı qarşısına çıxdı. Sevindirici hal odur ki, həvəskar aktyorlara səhnə imkanlarını nümayiş etdirmək şəraiti yaradan teatrın nəzdində daha bir teatr qrupu təsis olunub. Sağlamlıq imkanları məhdud həvəskarların cəlb olunduğu "Oyun” adlı bu teatr və onun qısa zamanda əldə etdiyi nailiyyətlər xüsusi qeyd olunmalıdır.
Əlilliyi olan çoxsaylı istedadlı gənclərin müraciətlərinə əsasən, hələ ötən il təşkil edilən və aylardır peşəkar teatr mütəxəssisləri tərəfindən səhnə vərdişləri aşılanan bu teatr həvəskarlarının ilk səhnə işi "Solğun sevgilər” adlanır.
Ötən ilin sonlarında premyerası ilə gündəmə gələn və sənətsevərlərin marağına səbəb olan "Oyun”çular "Solğun sevgilər”i yenidən teatrsevərlərə təqdim etdilər.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə teatrın birgə layihəsi olan tamaşa klassik nümunəyə tam fərqli səhnə yozumu və həvəskarlarla peşəkar aktyorların performansı baxımından maraqlı idi. Belə ki, pyesin motivləri əsasında hazırlanan bu tamaşada bir neçə peşəkar aktyordan başqa, mövcud və əlavə olunan yeni obrazları sağlamlıq imkanları məhdud şəxslər ifa edirdilər.
İnsanın fiziki əlliliyindən çox, mənəvi şikəstliyinə, var-dövlətə hərisliyin bütün bəlaların əsasında durmasına, saf sevgi, sadiq dostluq və mərhəmət hissinin üstün olmasına işarə edən birhissəli psixoloji məhəbbət dramının quruluşçu rejissoru Səidə Haqverdiyevadır. Quruluşçu rəssamı İqbal Əliyev, musiqi tərtibatçısı Vüqar Camalzadə, xoreoqrafı Elnur İsmayılov olan tamaşa əhəmiyyətli təsir gücünə malikdir.
Tamaşanın quruluş həlli və ideyasından əlavə qeyd olunmalı ən müsbət cəhət təbii ki, onun fiziki imkanları məhdud insanlara həvalə olunması və hər birinə fərdi oyun imkanları daxilində realizə sərbəstliyi verilməsidir. Rejissor Səidə Haqverdiyeva Azərbaycan teatr məkanında ilk dəfə olaraq belə bir işə imza atıb. O, səhnəyə peşəkar aktyorlarla yanaşı, həm də fiziki məhdudiyyəti olan insanları çıxardı. Bununla həm də bu cür insanlara özlərini başqaları qarşısında ifadə edə bilmək üçün geniş imkanlar yaratdı.
Quruluş müəllifinin çağdaş teatr elementlərindən yararlanması, kino texnikasının səhnəyə inteqrasiyası ilə kompozisiyalı keçidlərə üstünlük verməsi baxımlı idi. Uyğunlaşdırılmış musiqi həlli və plastika üzrə pedaqoqun təyin etdiyi hərəkət menyusu da rəngarəng alınmışdı.
Təbii ki, bütün bunlar tamaşanın ümumi tempinə də müsbət təsir edir və onun təsir gücünü artırırdı. Səhnə işini maraqlı və fərqli edən bir cəhət də onun qışqırtıdan, pafosdan, statik "mizançılıqdan” qaçması idi. Məhdud səhnədə fərqli manevrlər edən aktyorlar bizi adi oyun-ifadə formalarında fərdi nümayişə dəvət etdilər. İstər dialoqlarda, istər rəqslərdə əsas obrazdan epizoda, hamı aydın görünürdü.
Cəfər Cabbarlının "Solğun çiçəklər” pyesi əsasında 1987-ci ildə çəkilmiş televiziya tamaşası hamımızın yaddaşında dərin iz buraxan ekran əsəri olub. Haqverdiyevanın səhnə tərtibatı, mizanları və əsərə yanaşması isə bir az fərqlidir. Əsər müasir zamanla uyğunlaşdırılıb. Biz səhnədə mobil telefon işlədən, diskotekaya əylənməyə gedən, yoqa ilə məşğul olan qəhrəmanlar görürük. Klassik əsərin içərisində bütün bunları əridə bilmək və bunu indiki tamaşaçıya təqdim etmək olduqca çətin və kifayət qədər cəsarətli addımdır.
Rejissor səhnə tərtibatında Cabbarlının əsərindəki ideya və ənənələrə sadiq qalıb, müəllifin üslubuna heç bir zərər gətirmədən onun interpretasiyasını uğurla həll edə bilib. Sara (Məleykə Cəfərova) və Pəri (Günay Əhməd) ögey bacıdırlar. Pərinin anası Gülnisə (Ülviyyə Əliyeva) Saranın atasının ikinci arvadıdır. O, varidatı ələ keçirmək üçün ərini zəhərləyib öldürür. Fitnəkar ana daha sonra qızlığı Saranı öz əmisi oğlu Bəhramdan (Türkay Cəfərli) ayırıb qızı ilə evləndirir.
Tamaşa Bəhramın dəli olma səhnəsi ilə başlanır. Yəni son irəli çəkilir. O, müxtəlif xəyali ruhlar tərəfindən əhatəyə alınır. Ağ paltarlı və maskalı adamlar Bəhrama "sən qatilsən” deyirlər. Bəhram rolunun ifaçısı Türkay Cəfərli olduqca peşəkar ifa sərgiləyir. Türkayın obrazın mənəvi aləmini dərindən dərk etməsi, qəhrəmanın yaşadığı böhranı hiss etməsi ifasına asanlıqla sirayət edir. Hiss olunur ki, aktyor səhnədə çətinlik çəkmir, obrazın bütün yaşantılarını asanlıqla daxilindən keçirib tamaşaçıya çatdıra bilir. Türkay bu çatdırmada çox sərbəst və azaddır, həqiqi aktyor ənənələrinə sadiqdir. Səhnədə özünü rahat hiss edir, heç bir həyəcana qapılmır. Hətta hərdən aktyorun bu çatdırma bacarığının özünün də hiss edib məmnun olmasını görürəm. Növbəti səhnələrdə tamaşanın dinamikası gedişata uyğun olaraq tədricən azalsa da, aktrisa Günay Əhmədin səhnəyə daxil olması ilə bu dinamika yüksəlir. Günay Əhmədin plastikası, naturası səhnə üçün çox yararlıdır. Aktrisanın ən üstün keyfiyyətlərindən biri situasiyanı vaxtından əvvəl öz ifası ilə tamaşaya çatdıra bilməsidir. Pərinin ölüm səhnəsindən əvvəl aktrisanın səhnəyə gəlişi, simasındakı kədər artıq onun başına gələcək bədbəxtlikdən xəbər verirdi. Bu baxımdan Günay bu cür səhnələr üçün əvəzolunmaz istedaddır.
Qeyd edim ki, birhissəli səhnə nümunəsində rolları Xəqani Əliyev, Aysel Əlizadə, Nazlı Əliyeva, Səma Məmmədova, Rəsul Məmmədli, Taleh İsmayılov, Ceyhun Mahmudov, Rüxsarə Zeynalova, Nurlan Əhmədov, Şamxal Xələfli, Rəfael Mustafayev, Nəsib Şamxalov, Rüfət Şahpələngov, eləcə də aktyorlar Türkay Cəfərli, Ülviyyə Əliyeva, Məleykə Cəfərova, Zümrüd Qasımova və Günay Əhməd oynadılar.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər