Oxuduqlarımız xarakterimizə təsir edir - SORĞU

Yazarlar onları təsirləndirən uşaqlıq mütaliələrini
xatırlayır və bu qənaətə gəlirlər ki, oxuduqlarımız həyata baxışımıza təsir
edir, şüuraltımızda idarəedici gücə çevrilir
Rus gümüş poeziyasının unudulmaz siması Marina
Svetayeva "Mənim Puşkinim" adlı əsərində yazır ki, "Yevgeni
Onegin" tamaşasında gördüm ki, sevgililər – Tatyana və Onegin bir-birindən
ayrıldı. Və mən bundan sonra eşqi ayrılıq kimi dərk etməyə başladım. Sonra
bütün həyatım da belə keçdi; hər dəfə sevəndə sonluğun ayrılıq olacağını
düşündüm və nəticədə hər şeyi vidalarla sevdim. Marina Svetayeva dahi Puşkinin
tamaşasına baxanda, əsəri oxuyanda 6 yaşı vardı. Bu əsər onun nəzərində məhəbbəti
insanları qovuşduran yox, ayıran bir nəsnə olduğu fikrini oyadıb. Bu təəssürat
sonradan bütün ömrü boyu onu real həyatda da izləyib. Bu baxımdan görünür, uşaq
vaxtı oxuduğumuz kitablar şüuraltımızda idarəedici gücə çevrilir. Bu problemlə
bağlı aşağıdakı iki sualı qələm adamlarına ünvanlayıb, şəxsi mütaliələri
kontekstində onlardan cavab almağa çalışdıq:
– Uşaq vaxtı oxuduğunuz hansı əsərlər sizin
yaddaşınızda müsbət, yaxud mənfi mənada elə təəssürat yaradıbmı ki, o cür dərketmə
hələ də sizi tərk etməyib?
– Ümumiyyətlə, sizcə, uşaq vaxtı oxuduğumuz əsərlər həyata
münasibətdə fikirlərimizi mənfi və müsbət istiqamətdə necə formalaşdırır?
Yapon zövqlü Azərbaycan yazarı Azad
Yaşarın cavabı
Azad Yaşar: "Uşaq vaxtı söz sənətini mənə sevdirən ilk
insan ata tərəfdən nənəm Amənə (Əminə) olub. "Tıq-tıq xanım”, "Məlikməmməd”,
"Yetim İbrahim” və sair nağılları nənəm mənə ballandıraraq danışardı, cürbəcür
bayatılara, tapmacalara və sayaçı sözlərinə aşina idi. Onun bu nağılları vaxtilə
öz doğmalarının ağzından öyrəndiyini düşünürəm, çünki qadın özü yazıb-oxumaq
bilmirdi. Bunlar mənim şifahi xalq ədəbiyyatı ilə ilk təmaslarım olub.
İbtidai sinif şagirdi ikən oxuduğum ilk kitablardan
biri isə dilimizə yazıçı Fərman Eyvazlı tərəfindən çevrilən "Yapon xalq
nağılları” olub. Onların bəzilərini hələ də xatırlayıram və dünya ədəbiyyatı
inciləri içərisində mən daha çox yapon ədəbiyyatının vurğunuyam, onlardan özüm
də xeyli tərcümələr etmişəm. Bizim nağıllarla müqayisədə həmin mətnlərdə ən adi
həyat hadisələrinə fərqli bucaqlardan yanaşmalar hakim idi: onlar oxucunu gah
gülməyə, gah qüssələnməyə, gah da düşünməyə vadar edirdi. Məsələn, dağ başında
üz-üzə gələn iki qurbağanın nağılı və ya adı 20-30 sözdən ibarət olan balaca
bir oğlanın quyuya düşməsi barədə əhvalat kimi.
"Doğru yolda olduğuma inanıram”
Üçüncü sinifdə ikən anadilli ədəbiyyatımızdan oxuduğum
ilk kitab isə Əbdürrəhim bəy Haqverdiyevin nəsr əsərləri toplusu olub. Oradakı
"Xortdanın cəhənnəm məktubları”, "Ovçu Pirimin nağılları” və sair mətnləri mən
bu yaşda artıq formalaşmış dünyagörüşümə söykənərək, triller, absurd,
fantastika və dəhşət janrlarına aid edirəm. Hazırda dünya ədəbiyyatında son dərəcə
dəbdə olan bu janrlarda yetərincə uğurlu əsərləri ustad Əbdürrəhim bəy 100 il
qabaq yaradıbmış.
Bu qoşa qanadın təsirini mən sonrakı söz və rəsm
yaradıcılığımda həmişə hiss etmişəm. Şeir və esselərimə də seçilən mövzuya
tamamilə yeni, yığcam, hələlik işlənməmiş aspektdən yanaşmalar, yaşantılara
uyğun ifadə tərzi hakimdir. Sıravi, hazırlıqsız oxucuların bu mətnlərin dərkində
ilk cəhdlər zamanı "axsamasını” da normal qəbul edirəm, çünki dayandığımız
platformalar xeyli fərqlidir. Ancaq mən doğru yolda olduğuma inanıram. Adətən,
yapon nasiri Haruki Murakamini soydaşları "sırf Avropa üslubunda yazan yapon
yazar” adlandırırlar. Görünür, mən də bir mənada "yapon zövqlü Azərbaycan
yazarı”yam.
Xeyir və şər başlanğıcı
Tanınmış şairə, tərcüməçi Rəbiqə Nazimqızı isə qoyulan
məsələni belə mənalandırdı:
"Uşaqlıqda oxuduğum əsərlərdən mənə ən çox təsir edən
"Uzuncorab Peppi" olub. Hazircavablıq, macəra həvəsi, statik həyatı
sevməmək, çətin məqamlarda tez qərar qəbul etmək, cəsarət – məncə, pozitivlikdən
tutmuş nağılı sevməyə qədər nə varsa, o qızdan gəlib mənə... Düma, Jül Vern,
V.Skot, M.Rid... az sonra "Ovod"...
Fikrimizi mənfi-müsbət istiqamətdə formalaşdırırmı,
bunu bilmirəm, amma hərə kitabdan özünə lazım olanı götürür, eyni kitabdan iki
fərqli adam fərqli nəticə çıxara bilər. Düşünürəm ki, bizdə doğuşdan –
genetikadımı, taledimi, bilmirəm, müəyyən yaxşı və ya pis keyfiyyətlər olur,
daha dəqiq desəm, hər kəs xeyir, ya şər başlanğıcı ilə doğulur, kitablar isə
içimizdə güclü olan tərəfi inkişaf etdirir. Kitab oxumağı təbliğ edirik və etməliyik,
amma eyni zamanda onu da bilirəm ki, oxumuş cani oxumamış canidən daha təhlükəlidir”.
Fərid Hüseyn
