• şənbə, 20 Aprel, 02:02
  • Baku Bakı 15°C

Ortopedik ayaqqabı ayaq tağına dəstək olmaqla şikayəti azaltmaq üçündür

06.06.22 15:00 1496
Ortopedik ayaqqabı ayaq tağına dəstək olmaqla şikayəti azaltmaq üçündür

Parta və kompüter qarşısında əyləşən uşaqlar aktiv həyat tərzi keçirmir və nəticədə sümük-oynaq və əzələ sistemi zəif inkişaf edir. Beləliklə, bəzi uşaqlarda əyri onurğa sütunu formalaşır, çox vaxt isə yastıpəncəlilik problemi yaranır.

AZƏRTAC xəbər verir ki, travmotoloq-ortoped Rəşad Zeynalov deyib: “Ailə anamnezində, yəni ata-anada yastıpəncəlilik varsa, onun uşaqlarda əmələ gəlmə ehtimalı böyükdür. Çox yeriyərkən uşaqlarda xroniki ağrılar olması, xüsusilə axşama doğru ağrıların getdikcə artması, gecə ağrılarının olması, uzaq məsafə getdikdə uşaqların ayaqlarında yorğunluq hissi ciddi şəkildə özünü göstərir”.

Əksər valideynlər uşağların pəncə skletində yaranan həmin halları başa düşmür, həkim məsləhəti olmadan yanlış müdaxilə edirlər. Bəzi valideynlər azyaşlıların yeriş və qamətində dəyişiklik olduqda çıxış yolunu ortopedik ayaqqabılar almaqda görürlər. Mütəxəssislər isə bildirirlər ki, ortopedik ayaqqabı almazdan əvvəl ən səmərəli müalicə üsulundan istifadə etmək lazımdır.

Travmotoloq-ortopedin dediyinə görə, ayaq tağının formalaşması təqribən 5-6 yaşında tamamlanır: “Həmin yaşdan sonra ayaq tağında düzləşmənin davam etməsi həmin halın həmişəlik olacağı qənaətinə gəlməyə əsas verir. Əksər hallarda opropedik ayaqqabı geyindirmək xüsusilə ayaq tağına dəstək olmaqla uşağın şikayətini azaltmaq üçündür. Bu sahədə idman prosedurlarının çox böyük əhəmiyyəti var. Ayaq ətrafı və baldır əzələlərinin gücləndirilməsi xüsusilə mühüm məsələdir. Hətta formalaşma üçün ayağın yerlə təması lazımdır”.

Qeyd edək ki, mağazalarda müxtəlif modellərdə ayaqqabılar var. Mütəxəssislər bildirirlər ki, bu məqamda əsas ayaqqabı ölçüsü uşağın ayaq ölçüsü ilə üst-üstə düşməlidir, çünki uşaqların ayaqları sürətlə inkişaf edir. Daha bir məqam isə ortopedik ayaqqabıların sərt və yüngül olmasıdır. Xüsusilə yay və qış ayaqqabı modellərinin barmaq uclarına diqqət yetirmək lazımdır. Uşaqlara ayaqabı alarkən mütləq ortoped nəzarətindən keçməlidirlər.

banner

Oxşar Xəbərlər