• cümə axşamı, 26 dekabr, 14:40
  • Baku Bakı 10°C

Tək dərmanı zərdab vurulmasıdır

22.07.23 03:00 13033
Tək dərmanı zərdab vurulmasıdır

Mütəxəssislər deyir ki, əgər ilan sancmasından sonrakı 12 saat ərzində xəstə toksikologiya mərkəzinə çatdırılsa, orada ona yardım edilə bilər. Lakin elə ilan zəhəri var ki, ona zərdab da kömək olmur.

Son günlər ölkədə ilan sancmalarının sayı artıb. Hətta bir neçə gün əvvəl həmkarlarımızdan biri də sosial şəbəkədə övladını ilan sancdığını, vaxtında müdaxilə edildiyi üçün sağ qaldığını paylaşmışdı. Ümumiyyətlə, isti yay günlərində ilan və digər zəhərli həşəratlar aktivləşdiyi üçün belə xəbərlərlə tez-tez rastlaşırıq. Təsadüfi deyil ki, təkcə ötən ay ərzində ilan sancmış 17 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edib. Bəs ilan hücumu ilə qarşılaşan şəxs nə etməlidir? Belə hallarda xəstəyə ilkin tibbi yardım necə edilir?

Yanlış müdaxilə ağırlaşmaya səbəb olar

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyir ki, ilan, əsasən, yuxarı və aşağı yumşaq hissələri dişləyir. Həmin yeri bağlamaq, çərtmək, zəhəri sovurmaq, yandırmaq, yaraya sarımsaq və ya qatıq kimi vasitələr sürtmək lazım deyil: “Ötən ay bizə müraciət edən 17 nəfərdən beşinin vəziyyəti kəskin ağır olub. Xoşbəxtlikdən, ölüm hadisəsi olmayıb. Bəzi xəstələr 21 gün ərzində xəstəxanada müalicə alıb. Bir şəxsi ilan sancan zaman ilkin olaraq dəri qızarır, şişir, göyərməyə başlayır. Yanlış müdaxilə, türkəçarə zərərçəkənin vəziyyətini daha da ağırlaşdıra bilər. İlk növbədə, ilan sancan tərəfi tərpətməməliyik. Əks təqdirdə, zəhər bədənə daha tez yayılar. İlkin tibbi yardım olaraq, ilan sancan yerə yod vurulmalı, buz varsa, qoyulmalı və xəstə təcili olaraq xəstəxanaya çatdırılmalıdır. Çünki ilan zəhərinə qarşı zərdab yalnız xəstəxanalarda həkimin nəzarəti altında vurula bilər”.

Bu ilana zərdab da fayda etmir

Mütəxəssislər deyir ki, əgər ilan sancmasından sonrakı 12 saat ərzində xəstə toksikologiya mərkəzinə çatdırılsa, orada ona yardım edilə bilər. Lakin elə ilan zəhəri var ki, ona zərdab da kömək olmur. Ölkəmizdə daha çox gürzə ailəsinə aid olan ilanlara rast gəlinir. Onlardan ən zəhərlisi isə Şahmar ilan adlanan gürzədir. Onun zəhəri o qədər güclüdür ki, digər ilan zəhərlərində istifadə olunan zərdab burada köməyə çatmır. Azərbaycanda dağ və dağətəyi rayonlardan başqa, demək olar, hər yerdə gürzələr var. Onların aktivlik dövrü mart ayının sonundan noyabrın ortalarına qədər davam edir. O, yumurtadan çıxan andan artıq zəhərlidir.

İlanla rastlaşdıqda nə etməli?

Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun mütəxəssisi, biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərov deyir ki, ilan adamla rastlaşdıqda adətən qaçmağa yer axtarır: “Martın sonunda torpaq qızışır, ilanlar da qış yuxusundan ayılır. Onlar cütləşmə ilə bağlı qışlamadan çıxdıqları üçün daha fəal olur. İlan insanla rastlaşdıqda adətən, qaçmağa yer axtarır, yeri olmadıqda özünü qorumaq üçün hücuma keçir. İlan gördükdə sakit dayanmaq lazımdır. O zaman çıxıb gedəcək. Əgər bunu etməsək, aqressiv olacaq və sancacaq”.

Hindistanda ilan sancması nəticəsində hər il 58 000 insan ölür

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, dünyada hər il 1,8-2,7 milyon insan ilan sancmasına məruz qalır. Cənub-Şərqi Asiya bölgəsi zəhərli ilanlar üçün biomüxtəlifliyin ən qaynar nöqtəsidir. Bölgədəki ilan zəhərlənməsi təxmin edilən qlobal zəhərlənmənin 70 faizini təşkil edir. Təkcə Hindistanda aparılan araşdırmalar göstərir ki, burada hər il 0,77-1,24 milyon ilan sancması nəticəsində 58 000 ölüm baş verir. Bir çox tropik xəstəliklər kimi, ölümlə nəticələnən ilan sancmasının da qarşısı vaxtında və effektiv müalicə ilə alına bilər. Adətən ilan sancmasından ən çox təsirlənən insanlar tibbi xidmətlərə və dərmanlara ən az çıxışı olan insanlardır. Buna görə də əlçatan ilkin tibbi xidmətə əsaslanan səhiyyə sisteminin olması çox önəmlidir.

T.İsgəndərovun sözlərinə görə, ilanlar yayda sərinlənmək üçün yer axtarırlar: “İlanlar, əsasən, isti, quraq yerlərdə yaşayırlar. Meşədə onların üç-dörd növünə rast gəlmək olar. İlanlar həyətlərdə atılmış əşyaların içində, tikinti materiallarının arasında, hasarların ətrafında gizlənə bilər. Eyni zamanda, bostanlarda tağların altına girə bilərlər. İlanlar sakitlik yeri sevir və gizlənmə səbəbindən biri də orada yumurta qoymaqdır. Onların yem obyektləri xırda gəmiricilər, quşlar və balalarıdır”.

Zəhərli ilanı necə tanıyaq?

T. İsgəndərov əlavə edir ki, zəhərli və zəhərsiz ilanları fərqləndirən əlamətlər onların bədən quruluşudur: “Zəhərli ilanların bədənləri yoğun və gödək, quyruqları isə qısa və nazik olur. Baş hissəsində zəhər vəzləri yerləşdiyi üçün başları üçbucaq formasındadır. Zəhərsiz ilanların bədənləri nazik, quyruqları uzun olur. Bədənlə quyruğun və başın sərhədi bilinmir. İlan sancdıqdan sonra onun zəhərli və zəhərsiz olmağını seçmək üçün dişlənən yerdəki diş izlərinə diqqət etmək lazımdır. Zəhərli ilanın üst çənəsinin önündə iki ədəd zəhər dişləri var. Diş batan hissədə iki və ya bir iri qırmızı, qanlı nöqtə görünürsə, bu, zəhər dişlərinin yeridir. Zəhərsiz ilanda bu dişlər olmur, onların dişləri çənənin arxa hissəsindədir. Zəhərsiz ilan sancanda iki cərgə çoxsaylı kiçik qırmızı nöqtələr görünür ki, bu da yem dişləridir”.

Tibb müəssisələri zərdabla təmin olunub

Yuxarıda da qeyd etdiyimiz kimi, ilan zəhərinə qarşı ən güclü vasitə zərdabdır. Bəs hazırda xəstəxanalarda lazımi qədər vaksin və zərdab varmı? TƏBİB-dən verilən məlumata görə, qurumun tabeliyindəki tibb müəssisələri zəruri vaksin və zərdablarla təmin olunub: “Tibb müəssisələrinin tələbnamələri əsasında vaxtaşırı təchizat həyata keçirilir”.

İlhamə Əbülfət

banner

Oxşar Xəbərlər