Orqanizmin müdafiə refleksidir, amma... - ARAŞDIRMA
Mütəxəssislər
deyirlər ki, öskürəyin olması, əsasən, mövsümi xarakter daşıyır. Amma bununla
yanaşı, öskürək olduğu halda, koronavirus testi verilməsini də məsləhət görürlər.
Son
zamanlar havaların kəskin dəyişməsi nəticəsində insanlarda öskürək, boğaz
ağrıları artıb. Koronavirusun da davam etdiyi bu dövrdə belə halların baş verməsi
insanları narahat edir. Öskürək olan kimi koronavirusa yoluxduğunu düşünüb həkimə
müraciət edirlər, test verməyə gedirlər. Testin cavabı da çox zaman mənfi olur.
İnsanlara maraqlı gəlir ki, niyə öskürək halları artıb? Ümumiyyətlə, öskürək
orqanizmdə daha çox nə zaman müşahidə olunur?
Mövsümi xəstəliklər
Terapevt Fəxriyyə
Əhmədova deyir ki,
yayılan xəstəliklər mövsümi xarakter daşıyır: "Yaz-payız aylarında kəskin tənəffüs
infeksiyaları koronavirus epidemiyasından əvvəl də mövcud olub. Mövsümi qriplər,
adi koronavirus infeksiyaları yaz-payız və havaların soyuması ilə əlaqədar
aktivləşirlər”.
Niyə "korona”
testi veririk?
F.Əhmədova
bildirir ki, mövsümi xəstəliklə bağlı müraciət edən xəstələrin də "korona”
testi verməsi məsləhətdir: "Mövsümi xəstəliklər koronavirus pandemiyası ilə
eyni vaxta düşür deyə, kəskin tənəffüs xəstəlikləri ilə bağlı müraciət ediləndə
də, koronavirus infeksiyası ola biləcəyini nəzərə alırıq. Çünki koronavirus digər
tənəffüs infeksiyalarından daha təhlükəli xarakter daşıyır. Ona görə də, kataral
əlamətləri olan, öskürən, asqıran xəstələrə də məsləhət görürük ki, koronavirus
testi versinlər”.
Mənfi
çıxan test
F.Əhmədovanın
sözlərinə görə, koronavirus testlərinin dəqiqliyi yüz faiz deyil. Ona görə,
testin cavabı mənfi çıxdığı hallarda "koronavirus yoxdur” demək olmaz: "Adamda
öskürək və digər koronavirus əlamətləri var, test verir, ancaq cavabı mənfi
çıxır. Düşünür ki, "korona” deyil. Ancaq koronavirus testlərinin cavablarının 100
faiz dəqiq olmadığı da bəllidir. Yəni adam virusa yoluxub, əlamətlər var, amma
testin cavabı mənfi olur. Testin cavabı mənfi olsa belə, öskürək koronavirus əlaməti
ola bilər. Adi kəskin respirator xəstəliyi olanlar da mütləq bir həftə ərzində
nəzarətdə olur, xəstəliyin gedişinə baxılır. Çünki bir həftə ərzində digər
klinik variantlar formalaşa, pnevmoniya inkişaf edə, bronxit və digər əlamətlər
çıxa bilər”.
Artan
ağciyər xəstəlikləri
Azərbaycan
Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri Rafiq Bayramov deyir ki, havaların soyuması ilə əlaqədar olaraq
insanlar arasında müxtəlif xəstəliklərin, həmçinin öskürəklə müşahidə olunan
bronx-ağciyər xəstəliklərinin artması müşahidə olunur: "Bronx-ağciyərlərlə
bağlı 800-ə yaxın xəstəlik var ki, bunların da 200-ə qədəri ağciyərlərin səpələnmiş
xəstəlikləridir. Bronx-ağciyər xəstəliklərinə tutulmuş şəxslərin yarıdan
çoxunda ilk 6 ayda heç bir əlamət olmur. Tənəffüs orqanlarının xəstəlikləri
üçün xarakterik sayılan öskürək əlaməti isə xəstələrin bir qismində uzun müddət,
ümumiyyətlə, müşahidə olunmur”.
Müdafiə
refleksi
R.Bayramov
bildirir ki, öskürək orqanizmin müdafiə refleksidir: "Hava axınının ağciyərlərdən
sürətlə xaric olması və bununla da tənəffüs yollarının yad hissəciklərdən təmizlənməsi
prosesidir. Öskürək, əsasən, tənəffüs orqanlarının patologiyalarına xas əlamət
sayılsa da, tənəffüs orqanlarında heç bir problem olmayan şəxslərdə də öskürək
müşahidə oluna bilər”.
Öskürəyin
növləri
R.Bayramov
deyir ki, öskürək quru və yaş (bəlğəmli) olur: "Quru öskürək yuxarı tənəffüs
yollarının xəstəliklərinin başlanğıc mərhələsində, bəzi dərman preparatlarının
qəbulu, plevrit zamanı və s. hallarda daha çox müşahidə olunur. Bəlğəmli öskürək isə əsasən, bronx-ağciyər
aparatının iltihabı xəstəlikləri, o cümlədən ağciyər vərəmi zamanı müşahidə
olunur”.
Davam etməsinə
görə...
R.Bayramov
bildirir ki, öskürək 3 həftəyədək kəskin, 3 həftədən – 3 ayadək yarımkəskin və əgər
3 aydan çox davam edərsə xroniki olur: "Kəskin öskürək, adətən yuxarı tənəffüs
yollarının virus və bakterial infeksiyaları, pnevmoniya, yad cisim ilə nəfəs
aldıqda, bronxial astma zamanı müşahidə olunur.
Yarımkəskin öskürək isə keçirilmiş kəskin tənəffüs infeksiyalarından
sonra, LOR orqanları xəstəliklərində, vərəm, plevrit, bronxial astma, tənəffüs
orqanlarının yeni törəmələri, tütünçəkmə və s. zamanı olur. ÜST-nın tövsiyələrində
qeyd olunur ki, əgər xəstə 3 həftədən çox öskürərsə, onun ağciyər vərəminə görə
müayinə olunması mütləq məsləhətdir. Xroniki öskürək isə daha çox ürək, qan-damar
sistemi (ürək çatışmazlığı), mədə-bağırsaq sistemi xəstəlikləri, birləşdirici
toxumanın diffuz xəstəlikləri, bəzi dərman preparatlarının qəbulu, tütünçəkmə,
vərəm və s. zamanı müşahidə olunur”.
Öskürəyə səbəb
olanlar
R.Bayramovun
sözlərinə görə, öskürək bəzi səbəblərdən ola bilər: "Kəskin respirator virus
infeksiyaları, bronx və ağciyər zədələnməsi ilə gedən xəstəliklər - bronxial
astma, vərəm və s. LOR orqanları xəstəliklərində, müxtəlif qıcıqlandırıcı maddələrlə
- qazlar, toz, siqaret tüstüsü ilə nəfəs aldıqda, ürək-damar sisteminin ürək
çatışmazlığı, mədə-bağırsaq xəstəlikləri, dərman preparatlarının arzuolunmaz
effekti, psixoemosional, metabolik pozğunluqlarda müşahidə olunur”.
Necə
qorunaq?
Fəxriyyə
Əhmədova deyir ki,
xəstəlikdən qorunma koronavirus infeksiyasında olduğu kimidir: "Maska, məsafə,
dezinfeksiyaedici məhlullardan istifadə mövsümi qriplərdə də, "korona”
infeksiyasında da qorunma qaydası hesab olunur. Otaqların havası tez-tez dəyişdirilməli,
meyvə-tərəvəz çox yeyilməli, C vitamini qəbul olunmalıdır. Bunlar hamısı
qoruyucu vasitələrdir”.
Zərif
Salmanlı