Opera müğənnisindən “Cümhuriyyət İli”nə töhfə

Tanınmış opera müğənnisi Fidan Hacıyeva "Cümhuriyyət İli”
çərçivəsində silsilə konsert proqramına start verir. Müğənni dahi Üzeyir Hacıbəylinin
tələbəsi Ədilə Hüseynovanın yaradıcılığına müraciət edib. "Kaspi”də qonaq olan müğənni
yaradıcılığında klassik bəstəkarlara üstünlük verməsinin səbəbini açıqlayıb:
"Üzeyir bəyin tələbələri olan ilk bəstəkar qadınlara - Şəfiqə xanım Axundova,
Ağabacı Rzayeva, Ədilə Hüseynzadəyə yaradıcılığımda yer ayırmaq istədim. İlk
olaraq bəstəkar Ədilə Hüseynzadənin yaradıcılığına müraciət etdim. Onun əsərlərinə
vaxtilə Bülbül, Şövkət Ələkbərova, müəllimim Hüseyn Əliyev müraciət edib. İndi də
həmin romansları ifa etmək mənə nəsib oldu”. Ədilə Hüseynzadənin vaxtilə tanınmış
vokalist və ifaçı kimi tanındığını söyləyən F.Hacıyeva "Sanki onun bütün əsərləri
mənim üçün yazılıb”, - deyə hisslərini ifadə etdi: "Ədilə Hüseynzadənin 16 romansını
ifa edəcəm. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirlər
silsiləsinə bu əsərlər daxildir”.
Xalq artistinin Azərbaycan Xalq
Cümhuriyyəti-100 adı altında təqdim edəcəyi ilk konserti mayın 6-da Filarmoniyada
baş tutacaq: "Bu konsert Ədilə Hüseynzadənin əsərlərindən ibarət olacaq”. Növbəti
konsertlər isə mayın 16-da Londonda, mayın 23-də isə İsveçrədə keçiriləcək:
"Ədilə xanımın əsərləri o qədər gözəldir ki, bütün dünyada onların tanınmasını
istəyirəm. Bu əsərlər fəlsəfə, zəngin melodiya və harmoniyalar üzərində qurulub
və Nigar Rəfibəyli, Rəsul Rza kimi böyük şairlərin sözlərinə yazılıb. Bu
romansları hər dəfə oxuyanda özüm üçün yeni kəşflər edirəm. O əsərlər sanki bu gün
üçün yazılıb”. Müğənni yaradıcılığında romanslara üstünlük verməsini bu janrın
unudulmaqda olması ilə əlaqələndirir: "Romanslar artıq unudulub. İllər öncə efirlərdə
romanslar Bülbülün, Şövkət xanımın, Firəngiz xanımın, Fidan və Xuraman Qasımovaların
ifasında səslənirdi. İndi daha müğənnilər bu janrda yazılan əsərləri ifa etmirlər.
Mən də romansları bərpa etmək istədim. Qoy bizim gənclərimiz də bu romansları tanısınlar,
eşitsinlər. Bacardığım qədər bu əsərləri həm öz vətənimdə, həm də dünyada tanıtmaq
istəyirəm. Bəstəkarın «Mənim arzum», «Yaşamaq», «Günəşdən gənclik istədim»,
«Gül», «Bahar», «Əziz ana» və s. mahnıları layihədə yer alıb”. F.Hacıyeva
konsertləri öz maddi imkanları hesabına gerçəkləşdirəcəyini deyir. Belə ki,
bəstəkarın ailə üzvləri öz məsləhətləri ilə müğənniyə dəstək göstərirlər: "Bu
konsertləri təqdim etmək mənim istəyimdir.
Ədilə xanımın ailəsi mənəvi dəstəyini əsirgəmir. Məqsədim bir opera ifaçısı kimi
Azərbaycanın klassik musiqilərini, mədəniyyətini dünyada tanıtmaqdır”.
Müğənninin Cümhuriyyət İli çərçivəsində İsveçrədə keçirəcəyi konsert
Respublika Gününə həsr olunacaq. F.Hacıyeva konsertdə Ədilə Hüseynzadə, Üzeyir bəy,
Tofiq Quliyev, Qara Qarayev və Fikrət Əmirovun romanslarını ifa edəcək:
"Həmçinin dünya bəstəkarlarının əsərlərini ifa edəcəm. Əsərlər ifamda yeddi dildə
– Azərbaycan, italyan, ispan, rus, alman, ingilis, fransız dilində səslənəcək”.
Opera müğənnisi konsert proqramının daha sonra İtaliya, Fransa, Türkiyə və s.
ölkələrdə təqdim edəcəyini də bildirdi: "Böyük ölkələrin səhnələrində Azərbaycan
bəstəkarlarının əsərləri səslənəcək. Azərbaycanın mədəniyyətini dünyada
tanıtmaq mənim bir vətəndaşlıq borcumdur”.
F.Hacıyeva rəhbəri olduğu musiqi məktəbinin fəaliyyətindən də
danışdı: "Məktəbə gözəl səslər müraciət edirlər. Yaş məhdudiyyəti yoxdur.
Məktəbdə klassik Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən söhbət gedir.
Mən onları elə yetişdirirəm. Bu yaxınlarda Qara Qarayev adına məktəbdə beynəlxalq
müsabiqə keçirildi. Tələbələrim həmin müsabiqədə ilk yerləri qazandılar. Artıq
tələbələrim beynəlxalq müsabiqələrdə laureat olur, festivallarda çıxış edirlər.
Bir pedaqoq kimi məndən sonra klassik janrda davamçılarımız olmasını istəyirəm.
Universitetlərdə də konsert proqramları ilə çıxış edirik. Məqsədimiz gəncləri
maarifləndirməkdir”.
Xalq artisti solo konsertləri ilə bağlı detalları mayın 25-də saat
15.00-da Beynəlxalq Mətbuat Mərkəzində keçirəcəyi mətbuat konfransında
açıqlayacaq.
Təranə Məhərrəmova
