• cümə, 29 Mart, 10:50
  • Baku Bakı 5°C

OPEC-in qərarı neftin qiymətinə müsbət təsir edəcək

10.12.19 10:00 1372
OPEC-in qərarı neftin qiymətinə müsbət təsir edəcək
Ekspertlər deyir ki, qəbul edilən qərar qiymətlərin sabit saxlanılması məqsədi daşıyır
Xam neftin qiymətində bu ilin iyunundan indiyədək ən böyük həftəlik artım qeydə alınıb. AZƏRTACxəbər verir ki, Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-OPEC ölkələrinin ("OPEC plus”) sutkalıq neft hasilatının daha 500 min barrel azaldılması barədə qərarı "qara qızıl”ın qiymətinə yuxarı istiqamətli təzyiq göstərib. Belə ki, qərardan sonra neftin qiyməti ötən həftəni iyundan bəri ən böyük həftəlik artımla tamamlayıb.
Hazırda "Brent” neftinin bir barreli Londonun ICE birjasında 64,39 dollara, "Light” markalı neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 59,20 dollara alıcı axtarır. Qeyd edək ki, ötən gün Vyanada "OPEC plus” üzrə gələn ilin ilk rübündə gündəlik neft hasilatının daha 500 min barrel azaldılması ilə bağlı qərar qəbul olunub. Bununla da "OPEC plus” üzrə gündəlik neft hasilatının azaldılması ilə bağlı öhdəlik 1,7 milyon barrelə çatdırılıb. Hasilatın azaldılması ilə bağlı əlavə həcmlərin bölünməsi "OPEC plus” ölkələri arasında proporsional qaydada aparılıb. Azərbaycan da hasilatın əlavə həcmlərdə azaldılması ilə bağlı yeni razılaşmaya qoşulub. Ölkəmiz müvafiq olaraq gündəlik neft hasilatını 20 min barreldən əlavə, daha 7 min barrel azaldacaq. Beləliklə, öhdəliyi 27 min barrelə yüksələn Azərbaycan 2020-ci ilin yanvarından etibarən gündəlik hasilatı 769 min barrel həcmində saxlamalıdır.
Ölkəmiz indiyə kimi gündəlik neft hasilatını 20 min barrel azaltmaqla bağlı öhdəliyini artıqlaması ilə yerinə yetirib.
Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev deyir ki, müşahidə olunan qiymət artımları iclasdan sonra bazara ötürülən müsbət impulslardır: "OPEC və müttəfiq dövlətlərin bağladıqları saziş 2020-ci ilin ilk üç ayında icra olunacaq. Qəbul edilən qərar neftin qiymətinə fevral ayından başlayaraq təsir edəcək. Çünki hazırda neft tədarükü ilə bağlı dekabr-yanvar satış proqramlarının icrasına başlanılıb. Ona görə də qərarın qlobal neft bazarına təsiri fevral-mart aylarında müşahidə olunacaq. Əgər OPEC və OPEC+ ölkələri öz üzərilərinə götürdüyü kvotalara əməl etsə, qiymətlər 60-62 dolar arasında sabitləşəcək. Əgər götürülən öhdəliklər saziş iştirakçıları tərəfindən pozulsa, qiymətlərdə dalğalanmalar qaçılmaz olacaq. Gələn ildən başlayaraq OPEC katibliyi və texniki komitə kvotaların icrasına ciddi nəzarət edəcək. Hal-hazırda müşahidə olunan qiymət artımları iclasdan sonra bazara ötürülən müsbət impulslardır. Bundan əvvəl hasilatın gündəlik olaraq 1 milyon 200 min barrel azaldılması haqqında verilən qərar neft bazarında uzun müddətli balansın formalaşmasına və ağırlıq mərkəzinin qorunub saxlanılmasına adekvat deyildi. Ona görə də hasilat həcmlərinin yenidən azaldılmasına ehtiyac var idi. İndi OPEC və OPEC+ dövlətləri əlavə 500 min barrel kəsintiyə razılıq verib. Buna görə də bazarda müəyyən qiymət artımları müşahidə olunur”.
İqtisadçı ekspert Pərviz Heydərov söylədi ki, neftin qiymətində xeyli müddətdir ki, stabillik müşahidə olunur: "Yəni uzun müddətdir ki, qiymətlər 60 dollar ətrafında dəyişir. Amma qlobal neft bazarlarında neftin qiyməti çox sürətli dəyişə bilir. Çünki neftin qiyməti əlavə təsirlərə dərhal reaksiya verir. İqtisadi dəyişikliklər, tələb və təklif nisbəti qiymətlərə təsir edən ən əsas faktorlardan biridir. Həmçinin siyasi proseslər də neftin qiymətinin artıb-azalmasını ciddi risk altına alır. Nəzərə almaq lazımdır ki, qiymətlərin uzun müddətli stabilliyi OPEC-in səyləri nəticəsində qorunub saxlanılır. Hasilatın azaldılmasına dair imzalanan OPEC-in Vyana sazişi bu illər ərzində öz sözünü deyir. Həqiqətən də OPEC bazarda neftin qiymətini sabit saxlamağa qadir olduğunu sübut etdi. Bu toplantıda qəbul edilən qərar da həmin təşəbbüsün davamı kimi qiymətləndirilə bilər. Çünki hazırki qiymət aralığı müttəfiq dövlətlərə sərf edir. Güman olunur ki, bu qərar da qiymətlərin stabilliyinin qorunub saxlanılmasına imkan verəcək. Çünki neftə olan təklif tələbə nisbətən azalacaq. Dünya iqtisadiyyatında gedən proseslər və ticarət müharibələri neftə olan tələbatın aşağı düşəcəyini göstərir. Belə bir məqamda hasilatın azaldılmasına dair verilən qərar çox müsbət haldır. Bu qərar həm də qiymətlərin ucuzlaşacağının qarşısını almaq məqsədi daşıyır. Güman olunur ki, qarşıdakı müddətdə qiymətlərdəki stabillik qorunub saxlanılacaq. Amma yenə də qeyd edirəm ki, neftin dünya bazar qiyməti dünya iqtisadiyyatında və siyasi müstəvidə baş verən proseslərə sürətli reaksiya verir. Ona görə də bu addım bütün mənfi ssenariləri sığortalamaq məqsədi daşıyır”.
Şəbnəm
banner

Oxşar Xəbərlər