Onlayn oyunlar uşaqlarda epilepsiya riskini artırır
Son vaxtlar valideynlərin övladlarının sosial şəbəkə və onlayn oyunlarda artıq vaxt keçirmələri ilə bağlı şikayətləri artıb. Uşaqların normadan çox sosial şəbəkələrə və kompüter oyunlarına maraq göstərməsi onlarda epilepsiya riskini artıra bilər.
AZƏRTAC xəbər verir ki, bunu nevroloq Jalə Qarayeva deyib. Onun sözlərinə görə, epilepsiya müxtəlif tutmalarla özünü göstərir və dünyada, təxminən, 65 milyon insan yüngül və ağır formada bu problemdən əziyyət çəkir. Nevroloq hər il dünyada 2,4 milyon yeni epilepsiya xəstəsinin aşkarlandığını deyib: “Epilepsiyanın ambulator müraciətlər arasında baş ağrısından sonra ikinci ən çox görülən nevroloji xəstəlik olduğuna diqqət çəkmək lazımdır. Təəssüf ki, epilepsiya xəstələri cəmiyyətdə gizlənir və bu da onların effektiv müalicəyə çata bilməməsinə səbəb olur. Cəmiyyətin ön mühakimələri səbəbindən bu xəstələrin həyat keyfiyyəti daha da aşağı düşür. Ölkəmizdə epilepsiya tutmalarının tam olaraq tanınmaması və epilepsiya xəstəsi uşağı olan valideynlərin övladlarını gizlətmək, sosial həyatdan uzaq tutmaq cəhdləri həmin uşaqların müalicəsinə, təhsilinə, işlə təmin olunmasına mane olur. Epilepsiya xəstəliyi müalicə olunur. Müalicə olunan xəstələr gündəlik həyatlarını yaxşı davam edir, hətta incəsənət, elm və idarəetmə kimi mühüm sahələrdə böyük uğurlar qazanır”.
Nevroloq epilepsiyanın yaranma səbəblərindən danışıb: “Epilepsiya infeksiyalar, qəzalar, beyin və beyin qişalarına təsir edən travmalar, qanaxma, damar xəstəlikləri, qidalanma problemləri, metabolik və genetik xəstəliklər səbəbindən yarana bilər. Eyni zamanda, qohum evlilikləri də bu prosesdə mühüm rol oynayır.
Övladlarının başlarını qatmaq üçün telefon verən valideynlər gələcəkdə daha ciddi problemlə qarşılaşacaq. Sosial şəbəkə, kompüter oyunlarına həddindən artıq məruz qalmaq, xüsusilə, uşaqlarda epilepsiya riskini artıra bilər. Valideynlər övladları ilə vaxt keçirməli, onların telefon, planşet istifadəsində vaxt müddətini qısaltmalıdırlar”.
Həkim müalicə olunan epilepsiya xəstələrinin problemsiz yaşaya bildiyini vurğulayıb: “Sevindirici haldır ki, epilepsiyadan əziyyət çəkən xəstələrin 60-70 faizi problemsiz yaşaya bilir. Burada ən vacib faktor xəstəliyin vaxtında aşkar olunması və düzgün müalicənin təyin edilməsidir. Həkimlərin nəzarəti olmadan onlara təyin olunan dərmanların qəbulunu dayandırmaq olmaz”.