Ona dəfələrlə kömək edən müəlliminə minnətdarlıq etməyən aktyor

Bu günün filmlərində, seriallarında yeni nəsil aktyorları, simaları
görürük. Təbii ki, film sahəsində yeni simaların peyda olması sevindirici
haldır. Tamşaçıların diqqətini cəlb edən yeni simalardan biri də hazırda "Xəzər”
televiziyasında yayımlanan "Lal yuxu” serialının mənfi qəhrəmanı Türkay
Cəfərlidir. Türkay buna qədər çoxseriyalı
"Qarabağnamə”, "Qaranlıqlar içində açan çiçək”, "Səndən sonra”, "İki ömür” kimi
seriallarda müxtəlif obrazlar canlandırıb. "Xənnas”, "ÇekPot” filmlərinin baş
qəhrəmanıdır.
-
Türkay Cəfərlini bir aktyor olaraq daha yaxından tanımaq istərdik.
- Məktəbi bitirib Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin (ADMİU) beynəlxalq mədəni əlaqələr ixtisasına qəbul oldum.
Açığı, özümü bu sahədə görə bilmirdim. Növbəti il yenidən sənədlərimi
hazırladım və bu dəfə çex dili fakültəsinə daxil oldum. Özümü orda da görmədim.
Fikrimi qətiləşdirib, ADMİU-nun kino və teatr
aktyorluğu ixtisasını seçdim. Kurs rəhbərimiz mərhum sənətkarımız Yaşar Nuri rəhmətə
getdikdən sonra məcburi olaraq bizi estrada aktyorluğu qrupuna keçirdilər.
Universitetimizin müəllimi Firəngiz Mütəllimova məni görəndən sonra "bu tələbə mənim
olmalıdır” demişdi. Ərizə yazdılar və mən yenidən teatr aktyorluğuna qayıtdım.

-
İlk uğurunuz haradan başladı?
- Tələbəliyimin ikinci ayında bir oğlan mənə yaxınlaşıb dedi ki, səni
bir dayı çağırır. Həmin dayı da əməkdar artistimiz Vidadi Həsənov idi (gülürük).
O, mənə məndən xəbərsiz çox kömək edib. Düzdür, bu günə qədər ona bir dəfə də olsun minnətdarlıq etməmişəm.
- Vidadi Həsənov sizi nə
üçün çağırmışdı?
- Mənə sual verdi ki, aktyor olmaq istəyirsənmi? Mən də razılığımı
bildirdim, sanki ondan sonra bu sferada həyatımın yaşıl işığı yandı. Yuğ teatrında
məşqlər etməyə başladıq. Bir tamaşa hazırladıq və Gürcüstana teatr festivalına getdik.
Daha sonra Qazaxıstanda teatr festivalında çıxış etdik. Oradan Qran-pri ilə geri
döndük. Tələbəlik illərimin birinci və ikinci kursu çox rəngarəng keçdi.

- Universitet sizə nə qazandırdı?
- İnsan həyatda hər şeyi özü qazanır, hörməti də, nifrəti də. Vidadi müəllimin
mənə verdiyi göstərişlər təbii ki, həyatımda danılmazdır. Bizim dövrün
tələbələri daha çox əyləncəyə həvəs göstərirdi. Aidiyyəti olmayan insanların gəlib
istedadlı tələbələrin yerini tutması məni həmişə özümdən çıxarırdı. Bizim nəsildən
olan çox az tələbə indi bu sənəti davam etdirir.Universitetin mənə yaxşı dostlarla bərabər, eyni zamanda yaxşı
müəllimlər də qazandırdı. Firəngiz Mütəllimova kimi.
- Bu gün Firəngiz xanım
sizi görəndə reaksiyası necə olur?
- Onu görən kimi qucaqlayıb öpürəm. Firəngiz xanım deyir ki, sən mənim
ən sevimli tələbəmsən. Ortada səmimiyyət var. Mən hər işin çətinindən
yapışırdım və bu da onun diqqətindən yayınmırdı. Firəngiz xanım mənə etibar edirdi.

- Müəllimlərdən söz düşmüşkən,
"Lal yuxu” serialında müəlliminiz Vidadi Həsənovla indi tərəf müqabilisiniz...
- O, həmişə tələbələrinə deyirdi ki, çalışın həyatda əvvəlcə kişi olun,
sonra yaxşı ailə başçısı, daha sonra aktyor olmasanız da olar. Bu sözün çox böyük
anlamı var. Bu söz mənim qulağımda sırğa oldu. Onun hesabına mən festivallara getdim.
Bir tələbə üçün çox böyük stimul oldu bu. Müəllimimin etdiklərinin müqabilində heç
vaxt ona minnətdarlıq etmədim. Bu gün çevrəmizdə yaltaq insanlar kifayət qədərdir.
Əgər mən gedib müəllimimə "çox sağ ol” desəm, elə biləcəklər ki, başqa səfərlər
və qapılar üçün özümə yol açıram. Mən öz daxilimdə ona hər zaman minnətdar olacağam.
Bəlkə də o, buna görə məndən inciyir. Hesab edirəm ki, bu sözü deyən insan məndən
heç zaman inciməz. Serialda da onunla rastlaşırıq. Neçə ildən sonra sənə istiqamət
verən, sənə səndən xəbərsiz yol açan bu insanla bir serialda oynamaq mənim üçün
böyük bir üstünlükdür.

- Bu serialda mənfi obraz canlandırmağınızla
tamaşaçıların nifrətini də qazandınız.
- Ayxan mənfi obrazdır və mənim ən çox sevdiyim personajlardan
biridir. Hətta obrazın həqiqiliyinə inanıb, yolda görərkən belə məni söyənlər də
var. Tamaşaçılar hansısa obrazdan qopandan sonra çətin onu sevsinlər. Deməkdən ki,
rolu gözəl canlandırırsan, əksinə, deyirlər ki, Allah sənin belini qırsın, niyə
o qızın başına oyun açırsan (gülürük). Müsbət obrazla sevilməyə nə var ki? Mənfi obrazı bir aktyor olaraq da
canlandırmağın çətin tərəfləri var. Yeri gələndə, çox əsəbi olmalısan. O pik nöqtədə
əsəbi özündə boğub sakit emosiya göstərməlisən.
- Yeni filmlərdə daha çox yeni
nəslin aktyorlarını görürük. Özünüzdən əvvəlki nəsildə özünüzə qarşı paxıllıq və
qıcıq hiss edibsiniz?
- Açığı, bunu görməmişəm. Bizə qədərki dövrdə serial və filmlər çox az
çəkilirdi. 2010-cu ildən etibarən yeni seriallar
çəkilməyə başladı.Bizdən sonra gələn nəslin çoxunda eyniləşmə gedir. Yaradıcı insan, aktyor
cəmiyyət üçün nümunə olmalıdır. İndiki tələbələrin çoxu iş görmək üçün yox, əyləncəli
həyata atılmaq və nəinki aktyor olmaq, özlərini qızlara göstərmək naminə bu sənəti
seçirlər.

- Sizcə buna səbəb nədir?
- Nə qədər ki, bəzi dırnaqarası "vinerlər” özünə aktyor deyir... Bizim
ən bədbəxt tərəfimiz odur ki, cəmiyyət onlara aldanır. Düzdür, tükü tükdən seçənlər
var və həmişə də olacaq. İndiki aktyorları "İnstagram”da izləmə sayına görə tanıyırlar.
Peşəkar olub-olmamağında asılı olmayaraq, əgər sənin "İnstagram”da 100 mindən çox
izləyicin varsa, demək, sən məşhursan və hansısa məkanın açılışı üçün ödənişli
əsaslarla dəvət olunursan.
- Türkay bəy, tələbəlik
illərinizdə tamaşalarda rol alıbsınız. Bəs indi nə üçün teatrlarda yoxsunuz?
- Tələbəlik illərimdə dayanmadan tamaşalarda oynayırdım. Hərbi
xidmətdən döndükdən sonra mənə teatrda
çalışmaq üçün çox söz verdilər, ancaq sözlərinin üstündə durmadılar. Mənə söz verən
insanlardan bir dəfə məsələnin nə yerdə olduğu ilə bağlı soruşaram, ikinci dəfə
qürurumu sındırıb o insana müraciət etmərəm. Kim rejissorlara "sən mənim ustadımsan,
qardaşım, dostum, ürəyimsən” deyirsə, teatrda və seriallarda onlar rol alır. Mən
elə biri olmaq istəmirəm. Vicdanın təmiz olsun ki, kimsə "mənim hesabıma qabağa
gedibsən” deməsin. Teatrdan təklif alsam, can-başla getməyə hazıram. O teatrın
səhnəsində əriyənə qədər çalışıram. Ancaq hansısa rejissora yaxınlaşıb, "mənim üçün
şedevrsiniz” demərəm.

- "Xənnas” filmindəki
obrazınızla tamaşaçıları təəccübləndirdiniz. Sizi dindar bir obrazda görmək
qəribə idi.
- Bu filmin belə mükəmməl olacağını gözləmirdim. Hər dəfə baxanda bir
çox məqamlara görə, özümdən asılı olmayaraq təəccüblənirəm. Kinodan anlayışı olan
insanlar tərəfindən müsbət rəy alırıqsa, kinodan anlayışı olmayan insanların bununla
bağlı rəyləri maraqlı deyil. "Xənnas” Azərbaycanda ilk mistik triller olduğu
üçün ağır yüklü idi. Onu da qeyd edim
ki, filmin rejissoru Elvin Abdullayev Azərbaycanda ən yaxşı gənc, istedadlı rejissorlardan
biridir.
- Filmin sonunda dua
vasitəsilə şeytanı və pis qüvvələri kənarlaşdırmaq kulminasiya nöqtəsi idi...
- Mənə o duaları Elvin öyrətdi. Mən muğamı bitirmişəm. O boğazlar məndə
var idi. Dayanmadan məşq etdik və alındı.

-
Daha çox hansı muğamı sevirsiniz?
- Əsasən "Seygah” muğam dəsgahını ifa edirəm.
- Niyə sosial şəbəkədə bunu paylaşmırsınız?
- Hər yerindən duran oxuyur deyə, mən də oxusam, ddodaq büzəcəklər. Kütləyə
izah edə bilmərəm ki, sırf özüm üçün oxuyuram.
-
Kompleksləriniz var?
- Əsla. Bilirəm ki, o kütlə bunu ayırd edə bilməyəcək. Bəlkə də bir gün ifa edərəm.

- Sosial şəbəkələrdə qızlar
tərəfindən sevgi etirafları alırsınızmı?
- Olur. Onu deyim ki, çox qarğış yiyəsiyəm (gülürük). Mən hər kəsə ümid
verə bilmərəm. Sevgidən uzaq insanam. Hazırda həyatımda özəl biri yoxdur. İndi ailəm
və işimlə məşğulam. Sevgi elə bir mövzudur ki, o, səni gözləmir, anidən gəlir.
- Necə bir xanım
arzulayırsınız?
- Əslində arzulamıram. Çünki
insanın arzusunda olduğu insan gəlib çıxmır. İndiki xanımlar çox standartdır. Hamısı
bir-birinə oxşayır.
- Sizi dünyaca məşhur "Taxt
oyunları” serialının əsas obrazlarından biri Dinausa çox bənzədirlər.
- Əsas şansımız onun kimi olsun.
Məni daha çox türk aktyoru Murad Yıldırıma oxşadırlar. Deyirlər ki, onunla bir almanın
iki yarısısınız. Deyirəm ki, əsas odur ki, almanın o biri tərəfi çürük olmasın.
Mən özüm baxmışam, həqiqətən Dinausa bənzəyirəm.

- İndi kinoteatrlarımızı
komediya filmləri zəbt edib, sizi isə o komediyalarda görmürük.
- Komediyanın mənası düşündürücü tənqid deməkdir. Komediya mütləq
şəkildə söyüşdən ibarət olmalı deyil. Danılmaz
faktdır ki, bu gün çəkilən komediya filmlərinin 90 faizi söyüşdən ibarətdir. Ciddi
komediya olsa, sevə-sevə oynayaram. Amma yenə də hər şeyin başında pul durur.Bəzən bizi türklərlə müqayisə edirlər. Onlarda kamera aktyora işləyir,
aktyor kameraya işləmir. Bizdə çox güclü aktyorlar var ki, türklərə dərs keçər.
Türk aktyorlarının çoxu modellikdən aktyorluğa gəliblər. Ancaq bizim aktyorlar bu
işin kökünü bilirlər. Öz yaşıdım olan türk aktyorlarına baxıram ki, işdən başqa
qayğıları yoxdur. Onlarda şirkət aktyordan istədiyini almaq üçün müəyyən mərhələlərdə
kurslara göndərir. Bir serialda məni baş rola çağırdılar. Dedilər ki, sizə bir həftə
vaxt veririk. Bu bir həftəyə kinq-boksun elementlərini öyrən. Bir həftəyə bu
elementləri mənimsəmək olmaz axı. Bir dəfə mənə dedilər ki, at sürə, qılınc oynada
bilirsən? Dedim bacarıram. Bəs motosiklet?
Dedim onu bacarmıram. "Onda sizi baş rola çəkə bilmərik” dedilər. Sizin vəzifəniz
nədir? Siz nə vaxt öyrətdiniz, biz öyrənmədik? Rejissorlarımız dəqiq qərar vermirlər.
Əgər sən bu rolda məni görürsənsə, məni bu obraz üçün hazırlamalısan. Rejissorları da qınamıram. Çünki hər işin arxasında
pul dayanır.
-
Necə bir obrazı canlandırmaq istəyərdiniz?
- Mənim ən böyük arzum Azərbaycanın hansısa tarixi şəxsiyyətini canlandırmaqdır.
Tarixi personajlara marağım çox böyükdür. Bir də psixi personajları oynamağı çox
sevərəm. Hesab edirəm ki, aktyorun gözəlliyi onun monitordakı eybəcərliyidir. Bu
gün bizdə bu sahədə böyük bir problem var. Aktrisalar kiçik bir süjetə
çəkildikdən sonra da, kadra dəfələrlə baxıb, gözlərinin, qaşlarının gözəl
düşməsinə baxırlar. Aktrisanın eybəcərliyi kütlə tərəfindən daha çox sevilir,
nəinki onun standart göz-qaşı.Çox istəyərəm ki, döyüş filmlərində çəkilim. Düzdür, bu yaxınlarda Qarabağ haqqında çəkilən bir filmdə rol
aldım. Ancaq bu film ürəyimcə olmadı.
Xəyalə Rəis
