çərşənbə, 05 Oktyabr, 20:08

Baku Bakı 23°C

Oğurluqdur, yoxsa hər kəs istifadə edə bilər? - ARAŞDIRMA

icon 1518 icon 04 iyun 2022 | 05:00 Oğurluqdur, yoxsa hər kəs istifadə edə bilər? - ARAŞDIRMA

“Adı qeydiyyatdan keçirərkən hansı kateqoriyalar üzrə patent almaq lazım olduğu qeyd olunur. Siz bütün kateqoriyalarda şirkətinizi patentləşdirirsinizsə, bu zaman o addan heç kim istifadə edə bilməz. Adın hansı kateqoriyalar üzrə patent alması çox önəmlidir. Bəzən 32 fərqli istiqamətdə patent alınır”.

Bir müddət öncə məşhur çərəz brendlərindən biri adından çayxanada istifadə edildiyi üçün məhkəməyə müraciət edib. Ümumiyyətlə, ölkəmizdə bu situasiya ilə tez-tez qarşılaşırıq. Gül dükanı brendi ilə tanınan adı kafedə, restoranlar şəbəkəsinin adını marketlərdə tez-tez görürük. Amma bununla bağlı heç bir məhkəmə müraciəti xatırlamırıq. Təsadüfi deyil ki, çərəz dükanı ilə bağlı məhkəmə prosesi də ilk dəfə baş tutub. Mediada bu xəbərə “Azərbaycanda ilk” adı ilə rast gəlmişik. Yəni ilk dəfə bir brend adından istifadə olunduğu üçün məhkəməyə müraciət edib. Bəs nə üçün ölkəmizdə adın mənimsənilməsi belə rahat baş tutur? Bu sahədə səliqə necə yaradılmalıdır? Ad oğurluğu cinayət deyilmi?

İnzibati və cinayət məsuliyyəti...

Hüquqşünas Rəşad Əliyev “Kaspi”yə açıqlamasında bildirib ki, əgər əmtəə nişanı Əqli Mülkiyyət Agentliyində qeydiyyata alınıbsa, sahibinə müstəsna hüquqlar verir. Yəni brend adın sahibi nişan üzərində müstəsna hüquqlara malik olur və ona məxsus nişandan başqalarının qanunsuz istifadə etməsinə qadağa qoya bilər: “Bu zaman məhkəmə çəkişmələrində ortaya çıxan mübahisələr zamanı nişan sahibinin xeyrinə qərar qəbul edilir. Üstəlik, əmtəə nişanından qanunsuz istifadə ilə bağlı dəymiş zərərin əvəzi mülki qaydada məhkəmədə tələb edilə bilər. Brend adlardan qanunsuz istifadəyə görə Azərbaycan qanunvericiliyində həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutulub”. 
Hüquqşünas deyir ki, hətta buna görə nişanı mənimsəyən şəxs 2 ilədək müddətə azadlıqdan məhrum edilə bilər.

“Qanunvericilik qarşısında cavab verməlidir”

Marketinq üzrə ekspert Seymur Quliyev deyir ki, əgər həmin brendin və əmtəə nişanının qeydiyyatı əsas müəssisə tərəfindən həyata keçirilməyibsə, bu zaman ad üzərində hüququnu sübut edə bilmir: “Azərbaycanda əqli mülkiyyət hüququnun əldə edilməsi üçün qanunvericilik mövcuddur və tənzimlənir. Bu qanunlar çərçivəsində bir müəssisə öz məhsulunu patentləşdirə bilər. Patentini alıbsa, başqa bir müəssisə qeydiyyatdan keçmiş əmtəə nişanını istifadə edə bilməz. Edərsə, mütləq şəkildə qanunvericilik qarşısında cavab verməlidir”.

“İstehlakçıların zehni ilə oynanılır”

Ekspert vurğulayır ki, Azərbaycanda əmtəə nişanının qeydiyyatı, təxminən 6-10 ay ərzində həyata keçirilir: “Qeydiyyat prosesinin bir neçə mərhələsi var. Bunlardan birincisi ərizə verməkdir. Əmtəə nişanı 10 illik qeydiyyata alınır və bu müddət daha sonra uzadıla bilər. Yəni bu 10 il müddətində başqa bir müəssisə bu brenddən istifadə edə bilməz. Ola bilər ki, bənzər ifadələrlə o ticarət nişanlarından istifadə olunar. Belə tendensiya beynəlxalq təcrübədə də var. Böyük brendlər var ki, bir hərf dəyişməklə istifadə edilib. Yəni bir hərf fərqi ilə yeni brend yaradılır və istehlakçıların zehni ilə oynanılır. Bu tip nüanslar təkcə bizdə deyil, bütün dünya ölkələrində var və qanun qarşısında cavab verirlər”. 

“Brend sizdən alına bilər”

Mütəxəssisin sözlərinə görə, əgər brendin adını patentləşdirir, amma 5 il istifadə etmirsənsə, qeydiyyat ləğv oluna bilər: “Əqli mülkiyyət haqqında qanunun 30-cu maddəsində qeyd edilir ki, alınmış əmtəə nişanı istifadə edilmədiyi hallarda qeydiyyatı ləğv oluna bilər. Brend sizə aid olsa belə, 5 il müddətində istifadə edilmədikdə əlinizdən alına bilər. Amma bu, qanun çərçivəsində olur”.

Brend oğurluğunda incə nüans

Marketoloq Rafiq Hunaltay deyir ki, brendin oğurlanması ilə bağlı incə nüans var. Brend, müəlliflik hüququnu bütün kateqoriyalarda deyil, yalnız bir kateqoriyada alıbsa, digər kateqoriyalarda istifadə oluna bilər. Yəni şirkət ancaq çərəz adı üçün patentləşdirilibsə, çayxana kimi istifadə oluna bilər: “Rəsmi şəkildə qeydiyyatdan keçdikdən sonra istənilən adın dublikatını yazan, yaradan şəxs qanun qarşısında məsuliyyət daşıyır. Yəni müəlliflik hüququ kimdədirsə, onun tələbi ilə istifadə olunan yerlərdən də sökülə bilər. Amma bir nüans var. Şirkət adı ilə bağlı müəllif hüququnu bir kateqoriyada alıbsa, kimsə onu çayxana kimi açıbsa, o zaman çayxana sahibinə problem olmur. Yəni adı qeydiyyatdan keçirərkən hansı kateqoriyalar üzrə patent almaq lazımdır, onlar qeyd olunur. Siz bütün kateqoriyalarda şirkətinizi patentləşdirirsinizsə, bu zaman heç kim istifadə edə bilməz. Adın hansı kateqoriyalar üzrə patent alması çox önəmlidir. Bəzən 32 fərqli istiqamətdə patent alınır. Bu o deməkdir ki, şirkət adını bütün növ dublikatlardan qoruyur”.

Aygün Əziz