AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Obyektlərin tikintisinə icazələr elektron qaydada veriləcək

Obyektlərin tikintisinə icazələr elektron qaydada veriləcək

İqtisadiyyat
10 İyul 2020, 13:45 311
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikinti və istismara icazələrin verilməsi üçün tətbiq olunan "Bir pəncərə" sisteminin funksionallığı genişləndiriləcək.

"APA-Economics"in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sahibkarlar üçün birgə təşkil etdiyi "Tikinti obyektinin tikintisinə və istismarına icazələrin verilməsi sahəsində aparılan islahatlar" mövzusunda vebinarda çıxış edən Komitənin sədr müavini Dövlətxan Dövlətxanov deyib.

Onun sözlərinə görə, hazırda ölkə üzrə ekspertizası tələb olunan obyektlərin tikintisinə icazələrin verilməsi üçün də elektron müraciət sisteminin yaradılması istiqamətində işlər aparılır: "Yaxın gələcəkdə yaradılacaq sistem bütün növ tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini təmin edəcək. Bu isə sahibkarların işini daha da asanlaşdırılacaq və ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verəcək".

Komitə rəsmisi həmçinin əlavə edib ki, hazırda tikintiyə icazələrin verilməsi ilə bağlı islahatlar qanunvericilik sahəsində davam etdirilməkdədir. Ötən dövr ərzində Azərbaycan Prezidentinin 1 iyun 2020-ci il tarixli fərmanı ilə tikinti layihələrin ekspertizasının keçirilməsində dəyişikliklər edilib və layihə ekspertizadan keçirilməyən obyektlərin siyahısı daha da genişləndirilib.

"Belə ki, yerüstü mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, ümumi sahəsi 500 kv .metrdən, aşırımlarının uzunluğu 6 metrdən çox olmayan qeyri-yaşayış obyektlərinin tikinti layihələrinin ekspertizadan keçirilməsi tələb olunmur. Həmçinin, insanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1 400 kv. metrdən, tikinti sahəsi 1 000 kv. metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan anbar binalarının layihələrinin ekspertizadan keçirilməsi tələb olunmur. Komitəyə bununla bağlı kifayət qədər layihələr daxil olub", - deyə D. Dövlətxanov əlavə edib.