O sevinc, o fərəh, o qürurdan insan ölə də bilər...
14.11.20 12:00
830
"Valideynlərimi itirdiyim gün, "Şuşa azaddır” sözündən sonra ağladığım qədər ağlamamışdım”
"Əziz Şuşa, sən bizimsən, sən azadsan, biz qayıtmışıq, biz səni dirçəldəcəyik”... 8 noyabr tarixində Prezident xalqa müraciət edərək tarixə yazılan bu ifadələri işlətdi. Məhz bu sözlərlə bütün Azərbaycan sevindi, qürrələndi, sevincdən ağladı və bayram etdi. Məhz bu çıxışdan sonra 28 il Şuşasız yaşayan şuşalıların vətən nisgili sevinc hissləri ilə əvəz edildi. Çünki bu tarixdə Müzəffər Ordumuz Şuşanı düşmən tapdağından azad etdi. Tək şuşalıların deyil, bütün Azərbaycan xalqının Şuşa həsrətinə son qoyuldu. Xəyallarımız gerçəkləşdi... Ömrünün tən yarısını Şuşada keçirən və Şuşanı 28 yaşında tərk etməyə məcbur olan qalalı həmsöhbətimizlə Qarabağın baş tacından danışdıq. Müsahibimiz 7 nömrəli tam orta məktəbin direktoru Elçin Dadaşovdur.
1964-cü ildə Şuşa şəhərində anadan olub. Ömrümün tən yarısını, 28 ilini Şuşada yaşayıb: "Tale elə gətirdi ki, tən yarısını da köçkün həyatı yaşadım. İndi isə artıq köçkün deyilik. İş fəaliyyətinə də ilk dəfə Şuşada başladım. Vətən işğal olunandan sonra müxtəlif yerlərdə işlədim. 2000-ci ildə Bakıda 12 saylı Şuşa şəhər məktəbində tarix müəllimi kimi fəaliyyətə başladım. Sonra Şuşa şəhəri 1 nömrəli tam orta məktəbində direktor kimi vəzifəyə təyin edildim. İndi isə 7 nömrəli tam orta məktəbdə direktor kimi çalışıram. - Elçin bəy, Şuşa haqda yalnız kitablardan oxumuşam, televiziyada görüb sevmişəm. "Mənə Şuşadan danışın” desəm necə izah edərdiniz?
- Şuşa şəhərinin işğaldan azad olunması ilə bağlı Ali Baş Komandanın xəbərindən sonra, inanın ki, oranı görməyənlərin sevincini bizlər görəndə bir daha əmin olduq ki, yalnız Şuşada yaşayanlar deyil, hamı şuşalıdır. Şuşanı kitablardan, lentlərdən görənlər artıq oranı seviblər. Şuşanın təbiəti, havası, suyunun əvəzi yoxdur. Şuşa camaatı köçkün həyatı yaşayandan sonra pis xəstəliklərin adını eşidiblər. O vaxta qədər xəstəlik adını bilmirdilər, o qədər sağlam idilər ki... Çünki Şuşanın təbiəti, havası, suyu, gözəlliyi, saki nlərinin üzünün nuru insanlarda həyat eşqi oyatmışdı. Köçkün həyatında xəstələnməyin, ağır xəstəlik keçirməyin nə olduğunu öyrəndik. Bazarbaşı meydan deyirdilər, hər dəfə ora gedib gələndə hər kəs bir-biri ilə hal-əhval tutur, Şuşada nə baş verirdisə bilirdilər. Şuşadakı insanların bir-birinə davranışları, qayğıları çox gözəl idi. Şuşada eşidərdik ki, yaşlı bir insan vəfat edib. Deyirdik ki, necə oldu bu vəfat etdi? Ölümə təəccüblənirdik. İnsanlar uzunömürlü idi. İnsanları yaşadan oranın havası, gülərüzlülüyü idi. İngilislər üçün Vestminister abbatlığı, amerikalılar üçün Azadlıq heykəli, ruslar üçün Sergiyev Posad, avstriyalılar üçün Zalsburq, fransızlar üçün Versal, çinlilər üçün "Forbidden City”, katoliklər üçün Vatikan nədirsə, azərbaycanlılar üçün Şuşa da o deməkdir. Şuşa Azərbaycanın mənəvi mədəniyyət mərkəzi, onun döyünən qəlbidir. Bu, Azərbaycan xalqının genetik kodunun saxlandığı mücrüdür. Bu mücrü yoxdursa, xalq da yoxdur. Şuşanı həm də həmin diyarda yetişmiş bəstəkarların, müğənnilərin, aşıqların sayına görə "Azərbaycanın konservatoriyası” adlandırırlar.
- Prezident "Əziz Şuşa, sən azadsan” deyəndə hansı hissləri keçirdiniz? - 8 noyabrda televiziyada prezidentin xalqa müraciəti olacaq deyir, anonslar gedirdi. Bundan öncə də xəbərlər alırdıq ki, Şuşada döyüşlər gedir. Mən o xəbərə özümü hazırlayırdım. Çünki sevincdən ölə də bilərdim. Özümü inandırırdım ki, döyüş gedirsə, Şuşanı alacağıq. Özümü hazırlayırdım. Prezidenti hərbi formada görəndə, dedim ki, çox böyük xəbərdir. Ulu öndərin qəbrini ziyarət edəndə bildim ki, Şuşa xəbəri gəlir. Çünkü ulu öndərimizin belə bir fikirləri var: "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur”. O vaxt Heydər Əliyev Şuşa camaatı ilə görüşəndə atam o görüşdə idi, o çıxışdan sonra gəlib deyirdi ki, bala, biz Şuşanı alacağıq. Prezidenti o formada Fəxri Xiyabanda görəndə, dedim ki, Ali Baş Komandan Qarabağın baş tacının azad olunması xəbərini deyəcək. Bu hissi ifadə etməyə sözlər kifayətsizdir, mümkün deyil. O sevinc, o fərəh, o qürurdan insan ölə də bilər... Buna ürək dözməz. Aygün ƏZİZ