AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

"O sevgini saçının ağarmasına və gözünün zəifləməsinə rəğmən saxlamaq hər adama qismət olmur"

Cəmiyyət
04 May 2021, 12:30 287
Bakı səfərimdə məhsuldar görüş - Zahid Orucla 2 saatlıq müzakirə
 

Bakıya son səfərim çərçivəsində bəzi rəsmi şəxslərlə əvvəlcədən görüş planı hazırlamışdıq. Bununla yanaşı Vətənə gəldiyimi eşidən daha bir neçə rəsmi şəxs də görüşmək istədiklərini bildirdilər. Çox az sayda görüşlər istisna olmaqla rəsmi görüşlərin hamısı baş tutdu. 
 
Səfərim yekunlaşsa da, bu görüşlər barədə ictimaiyyətə heç bir məlumat bildirməcəyimlə bağlı qərar vermişdim. Səbəb isə sadəcə olaraq bəzilərinin şəxsi təfəkkür səviyyəsinə uyğun olaraq bunu öz nüfuzumu qaldırmaq üçün etdiyimi düşünəcəklərini görürdüm. Bu günədək rəsmi görüşlərlə bağlı heç bir məlumat açıqlamasam da, hörmətli Zahid Orucun mətbuatda mənim haqqımda çıxışını görəndən sonra onunla görüşdən təəssüratlarımı paylaşmaq qərarına gəldim. 
 
Əslində, Zahid müəllimlə 2 saata yaxın canlı diskussiyanı məhsuldar görüş də adlandıra bilərik. Elə bu məhsuldarlığın nəticəsində üç gün öncə bu dəfə 45 dəqiqəlik telefon danışığımız da baş tutdu. 
 
Görüş:
Açığı desəm, xəstəxanada ardıcıl olaraq onlarla uğurlu əməliyyatlardan və üzərində işlədiyim bir neçə elmi tədqiqatdan sonra səfərə çıxan zaman fiziki yorğunluqla qarşılaşdığımı hiss etmişdim. Digər tərəfdən bir gün əvvəl plan üzrə nəzərdə tutulan bütün görüşlərdən sonrakı gərginlik müşahidə olunurdu. Bununla yanaşı mənim üçün çox önəmli olan Almaniyadakı bir tədqiqatla bağlı elə həmin gün verdiyim əhəmiyyətli bir qərar sadəcə sutka ərzində cəmi 3 saat yatmağıma imkan vermişdi. 
 
Buna baxmayaraq, onunla səhər saatlarında görüşümüz baş tutdu. Zahid müəllim məni səmimi qarşılayıb söhbətə başladı. Açığı, məhz onun söhbətə giriş tərzi mənim üçün çox maraqlı və vacib idi. Çünki özünəməxsus bir yanaşmam var, insanlarla kimliyindən asılı olmayaraq görüşümüzün ilk dəqiqəsində onlarla danışıq mövzumuzun istiqamətini müəyyənləşdirirəm. Elə buna görə də qısaca dəvət üçün təşəkkür edib sözü ona verdim. O, söhbətə gözlədiyim kimi də başladı və həmsöhbətimlə səmimi və dövlətçilik üçün dərin mənalar kəsb edəcək maraqlı görüş olacağına əmin oldum.
 
Mövzular:
Söhbət zamanı Zahid müəllimin koronavirusun meydana çıxdığı bir ildən çox müddət ərzində fəaliyyətimi yüksək qiymətləndirməsi, açığı desəm, məni sevindirdi. Söhbət zamanı ayrı-ayrı vaxtlarda müxtəlif mövzularla bağlı çıxışlarımın, açıqlamalarımın, müsahibələrimin hansı səviyyədə müzakirə olunduğunu mənə çatdırdı.
 
Zahid müəllimin artıq bu günə qədər dediklərimi bildiyini görüb indiyədək demədiklərimi ona demək qərarına gəldim və ondan qeydlər aparmaq üçün bir sadə vərəq və qələm istədim...
 
O, mənə ölkəyə qayıtmağımın vacib olduğunu söyləyən zaman doğrusu, bir neçə saniyəlik duruxub qaldım. Ən azından, qərib bir ölkədə Vətən həsrəti ilə işləyən, çalışan və fəaliyyət göstərən biri olaraq bu, məndə ifadə edə bilməyəcəyim qəribə hisslər yaşatdı. Əslində, elə onun fərqli münasibəti və reaksiyaları ölkədəki, xüsusən də səhiyyədəki prosesləri və problemləri də nə qədər dərindən bildiyini göstərirdi. Təbii ki, bu da mənim üçün çox vacibdir. Problemlərin həlli yolları barədə geniş müzakirələr və birlikdə qeydlər apardıq.
 
Zahid müəllimdə diqqətimi çəkən bir məsələ isə onun peşəkarlığına hörmətimi daha da artırdı. Deməli, problemi ortaya qoyurduq, həlli yollarını müzakirə edirdik və müəyyən nəticəyə gəlirdik. Nəticəyə gəldikdən sonra isə bu problemi mənim həll etdiyim təqdirdə qarşıma çıxacaq maneələrdən və çətinliklərdən bəhs edirdi ki, bu da onun təcrübəsindən, onu bölüşəcək qədər fərqli peşəkarlığından və insani keyfiyyətlərindən xəbər verirdi.
 
Əslində, Zahid müəllimin ictimaiyyətdə elmi analizlərinə və fikirlərinə bu qədər önəm verilən çox az bir insanlardan olduğumu və bu mövqeyi qoruyub saxlamağımın böyük uğurum ola biləcəyini söyləməsi məndə daha da ruh yüksəkliyi yaratdı. Bunu məhz Zahid Orucdan da eşitmək mənim üçün çox xoş idi.
Söhbət zamanı əməkdaşlıq məsələlərindən də danışdıq. Ölkəmizin, Vətənimizin, millətimizin adını ucalara qaldırmaq, eləcə də Azərbaycanımızı xaricdə layiqincə təmsil etmək mənim üçün həm də məsuliyyətli bir işdir. Amma təbii ki, sevgi ilə qaldırılan heç bir yük daşıyana ağır gəlməz.
 
Qərarım yola başladığım kimi davam etməkdir və mənə mane olmaq istəyənləri isə sadəcə həyata keçə bilməyəcək arzuları ilə baş-başa buraxmaqdır.
 
Təsüratım:
Zahid müəllimin saçları ağarmışdı, gözlərində də eynək var idi. Mən onun saçları qara və gözündə eynək olmayan vaxtlarını da görmüşəm. 
Zahid müəllimdə dəyişməyən bircə nüans var idi. O da gözündəki ifadələr, daha dəqiq desəm, həmin ifadələrdəki dövlət və millət sevgisi. Gözlərindəki o sevgini saçının ağarmasına və gözünün zəifləməsinə baxmayaraq saxlamaq hər adama qismət olmur. Ona görə də o, xoşbəxt adamdır.
 
Zahid müəllimlə bilərəkdən şəkil çəkdirmədim, çünki biz hələ onunla lap çox görüşəcəyik...
 
Uğurlar, ağsaçlı və eynəkli böyük adam!
 
Nuran Abdullayev
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru